Bakıda meşə salındı - Fotolar

bakida-mese-salindi-
Oxunma sayı: 13242

Ölkə başçısı İlham Əliyevin tapşırıqlarına əsasən Səbail rayonu Bibiheybət qəsəbəsindəki «Şıx» yamacındakı 50 ha sahədəki dağ massivində Səbail Rayon İcra Hakimiyyəti və Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə “Ekoloji park”ın yaradılması ilə bağlı böyük layihənin həyata keçirilməsi işlərinə başlanılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumat verən Səbail rayon İcra Hakimiyyəti başçısının müavini Abit Əliyev bildirib ki, nəzərdə tutulan işlər çərçivəsində Səbail Rayon İcra Hakimiyyəti əməkdaşları tərəfindən 168 metr hündürlükdə 250 kub. metr tutumlu 1 əsas və 60 kub.metr tutuma malik 2 köməkçi su rezeyvuarları quraşdırılıb. Burada tətbiq ediləcək damcı üsusi ilə suvarma sistemi üçün müxtəlif diametrli 3,7 km uzunluğunda polad və plastik borulardan əsas paylama, 39,0 km uzunluğunda köməkçi xətlər çəkilib, 2 ədəd yüksək təzyiqli su nasosu quraşdırılıb, nasosların elektrik təminatı üçün yeni elektrik xətləri çəkilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi mütəxəssislərinin köməyi ilə “Ekoloji park”da 150 minə yaxın ağacın əkilməsi nəzərdə tutulub. Burada ağaclar üçün çalalar qazılıb, lazımi gübrələr alınıb, artıq 30 min ədəd yeni ağac əkilib. Əlavə ağacların əkilməsi mövsüm ərzində davam edəcək, il boyu isə əkilən ağaclara qulluq göstərilməsi Rayon İcra Hakimiyyətinin ciddi nəzarətində saxlanacaq.

Kəskin dağ yamacı, böyük maillik olan ərazidə yerli iqlimə uyğun Eldar şamı, oleandr və digər ağacların əkilməsi nəzərdə tutulub. Bu ekoloji problemlərin mövcud olduğu Bibiheybət buxtası və ümumilikdə Bakı şəhərindən cənub və qərb istiqamətində çıxış ərazilərinin ekoloji təmizliyi, gələcəkdə burada sağlam zonaların yaradılması istiqamətində görülən işlərə bir töhfə olacaq.

Gələcəkdə parkın dağ yamacı boyunca Su İdmanı Sarayı istiqamətində genişləndirilməsi nəzərdə tutulub.