Bakı şəhəri, Nizami rayonu, 8-ci köndələn küçəsində qazanxanada partlayış baş verib.
“Qafqazinfo” FHN-ə istinadən xəbər verir ki, dərhal əraziyə qurumun Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən ümumi sahəsi 40 m² olan qazanxanada yanğınla nəticələnməyən partlayışın baş verdiyi müəyyən olunub.
Partlayış nəticəsində bir nəfər müxtəlifdərəcəli bədən xəsarətləri alıb.
FHN-in qüvvələri tərəfindən ərazidə zəruri təhlükəsizlik tədbirləri görülüb.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
***
Baş Prokurorluq hadisə ilə bağlı məlumat yayıb.
Bildirilib ki, oktyabrın 7-də, saat 13 radələrində paytaxtın Nizami rayonu, 8-ci köndələn küçəsində yerləşən sexdə partlayış baş verməsi barədə Nizami rayon prokurorluğuna məlumat daxil olub.
İlkin araşdırma zamanı qeyd olunan ünvanda yerləşən sexin ərazisində, ümumi sahəsi təxminən 40 m² olan qazanxanada yanğınla nəticələnməyən partlayışın baş verməsi nəticəsində 2 nəfər şəxsin xəsarət alması müəyyən olunub.
Faktla bağlı Nizami Rayon Prokurorluğunda araşdırma aparılır.
***
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) sorğumuza cavab olaraq bildirilib ki, bu gün saat 13:50 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, 8-ci köndələn küçəsində qazanxanada partlayış baş verməsi səbəbilə çağırış daxil olub.
Hadisə yerinə 4 təcili tibbi yardım briqadası cəlb edilib.
6 nəfər (3 kişi, 3-ü qadın olmaqla) müxtəlif bədən xəsarətləri ilə TƏBİB-in tabeliyindəki tibb müəssisələrinə hospitalizasiya olunublar. Onlardan 1 nəfərin vəziyyəti kritik ağır, 1 nəfərin vəziyyəti ağır, 2 nəfərin vəziyyəti orta ağır, 2 nəfərin vəziyyəti isə qənaətbəxş qiymətləndirilir. Hazırda onların zəruri diaqnostik müayinələri aparılır.
Eyni zamanda təcili tibbi yardım briqadaları tərəfindən 2 nəfərə (qadın cinsli) nevrotik reaksiya diaqnozu ilə yerində yardım göstərilib.
Sol sağrı üstü nahiyənin kəsilmiş yarası diaqnozu təyin edilən 39 yaşlı şəxs (qadın cinsli) isə ilkin yardımdan sonra hospitalizasiyadan imtina edib.
Əlavə məlumat veriləcək.
***
FHN partlayışla bağlı daha bir məlumat yayıb.
Bildirilib ki, hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən ümumi sahəsi 40kv.m. olan qazanxanada ilkin ehtimala görə qaz sızması nəticəsində yanğınla müşayiət olunmayan partlayışın baş verdiyi müəyyən edilib.
Partlayış nəticəsində qazanxana binası və ərazidə sahəsi 240kv.m. olan tikilinin konstruksiyaları dağılıb, yaxınlıqdakı dördmərtəbəli binanın pəncərə şüşələri qırılıb, 3 avtomobilə ziyan dəyib. Hadisə nəticəsində xəsarət almış 6 nəfər müvafiq tibb müəssisələrinə yerləşdirilib.
FHN-in qüvvələri tərəfindən ərazidə zəruri təhlükəsizlik tədbirləri görülüb.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.