Bakıda qidadan zəhərlənən qadın xəstəxanada vəfat edib.
“Qafqazinfo” xəbər verir ki, noyabrın 4-ü saat 04 radələrində Binə qəsəbə sakini 1976-cı il təvəllüdlü Qərənfil Nəcəf qızı Cabbarova yaşadığı evdə qidadan zəhərlənib.
Xəstəxanaya yerləşdirilmiş Q.Cabbarova orada ölüb.
Faktla bağlı Xəzər Rayon Prokurorluğunda araşdırma aparılır.
***
Məsələ ilə bağlı Qida Təhlükəsizliyi Agentliyi (AQTA) açıqlama yayıb. Bildirilib ki, Bakı şəhəri, Binəqədi rayonu, Naxçıvani küçəsi, ev 26, mənzil 35 ünvanında yaşayan 1976-cı il təvəllüdlü Cabbarova Qərənfil Nəcəf qızının qidadan zəhərlənməsi ilə bağlı mediada yayılmış məlumatlar təsdiqini tapmayıb: “Məsələ ilə bağlı aidiyyəti üzrə AQTA tərəfindən araşdırmalar aparılıb. Belə ki, Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə "Anaflaktik şok" diaqnozu ilə hospitalizasiya olunan xəstəyə göstərilən yardımlara baxmayaraq ölüm baş verib.
Xəstəxanadan verilən məlumata görə, pasiyentə adekvat təyin edilmiş və düzgün tətbiq edilmiş dərman maddəsinə patoloji reaksiya, toksik epidermal nekroliz, digər və dəqiqləşdirilməmiş dərman vasitələri, medikamentlər və bioloji maddələrlə təsir etmə, dəqiqləşdirilməmiş ürək çatışmazlığı diaqnozu qoyulub.
AQTA bir daha bildirir ki, zəhərlənmə halları ilə bağlı vətəndaşlar və media qurumları yalnız aidiyyəti dövlət orqanları tərəfindən təsdiqlənmiş rəsmi məlumatlara etibar etməlidirlər”.
Son xəbərlər
Son Xəbərlər