Bu gün Heydər Əliyev Mərkəzində “National Geographic” jurnalının tanınmış fotojurnalisti, Azərbaycan əsilli fransız fotoqraf Reza Deqatinin mətbuat nümayəndələri ilə görüşü keçirilib.
"Qafqazinfo"nun xəbərinə görə, görüşdə məşhur fotoqraf Azərbaycanda lentə aldığı tarixi fotoları da nümayiş etdirib, onlar barədə ətraflı məlumat verib.
Reza Deqati əvvəlcə fotoqraf kimi fəaliyyətə başlamasından danışıb:
"1979-cu ildə arxitektor işləyən zaman İranda etiraz aksiyaları keçirilirdi. Dedim, bəlkə, gedib çəkilişlər edim? Amma ofisdə iş çox idi, dedilər, olmaz. Dedim, mənə üç gün icazə versəniz, bəsimdir. Sonra getdim, çəkilişlər etdim. Çəkilişlər uzandı. İndi 42 ildir məni ofisdə gözləyirlər (gülür). Daha geri qayıtmadım. Foto çəkə-çəkə gəzdim. İndi dünyanın məşhur jurnallarında mənim fotolarım yer alır".

Birinci Qarabağ Müharibəsində ermənilər tərəfindən azərbaycanlıların başına gətirilən soyqırımları, eləcə də, 20 Yanvar faciəsini lentə alan Reza Deqati ilk dəfə ölkəmizə 1987-ci ildə gəldiyini bildirib:
"1990-cı ildə isə Parisdə idim. Eşitdim ki, Sovet ordusu Bakıya daxil olub. Onda sovetlər xarici jurnalistləri Bakıya gəlməyə qoymurdular. Moskvaya viza verdilər. Moskvada azərbaycanlı dostlar Bakıya gəlməyim üçün yol tapdılar. Moskvadan Bakıya gələn qatar var idi. 48 saat həmin qatarda gizləndim. Bakıya gələndə də maşında gizlənib şəkillər çəkdim. Bəzi şəkilləri də özümü guya evin pəncərəsini təmizləyirmiş kimi göstərib elə lentə almışam".
.jpg)
Reza Deqati daha sonra Xocalı faciəsi zamanı lentə aldığı fotolardan da söz açıb:
"Parisdə idim, zəng etdilər ki, belə bir hadisə baş verib. Ağdama gələndə Allahverdi Bağırovla yaxın dost oldum. O, mənə kömək etdi ki, bir həftədən çox Ağdamda qalım. O zaman Allahverdi Bağırov əsirləri dəyişməkdə iştirak edirdi. Azərbaycanlı əsirlərin başına olmazın işgəncələr gətirmişdilər. Erməni əsirlər isə salamat idi. Dörd həftə əsir qalan azərbaycanlılar elə bir hala salınmışdı ki, yeriyə bilmirdilər. Ac saxlanılmaqla yanaşı, işgəncəyə də məruz qalmışdılar".
Fotoda erməni əsirlər
.jpg)
İşgəncəyə məruz qalan azərbaycanlı əsirlər

.jpg)
Reza Deqati Xocalı faciəsi zamanı Ağdamın Cümə məscidin qarşısında çəkdiyi daha bir dəhşətli fotonun tarixçəsini bölüşüb:
"Bir qadın yoldaşı ilə oğlunu axtarırdı. 3-4 gün idi o qadınla söhbət edirdim. Bir də gördüm, mənə tərəf qaçdı ki, oğlumu tapdım, amma gözləri yoxdur. O vaxt Qırmızı Xaç Komitəsinin üzvləri və fransız həkimlər dedilər ki, bu oğlanın gözlərini diri-diri çıxarıblar".


Azərbaycan əsilli fotoqraf daha sonra Şuşaya getdiyini bildirib:
"Onda Şuşa mühasirəyə düşmüşdü, maşın yolları bağlı idi. Dedilər, Cıdır düzü, Daşaltı tərəfdən gedə bilərsən. Amma demişdilər ki, təhlükəlidir. Çünki ərazidə erməni snayperlər var idi. Azərbaycan əsgərlərinin Vətən Müharibəsində getdiyi yolla Şuşaya yollandım. Yolda da üç dəfə erməni snayper məni hədəf aldı. Biri qulağımın yanından, biri başımın üstündən, digəri isə ayağımın yanından keçdi. Şuşada olanda Ramiz Qəmbərovla tanış oldum. Mənə çox kömək etdi. Mənə Şəkidən olan bir könüllünü bələdçi verdi.
.jpg)
Bir ayda nə çəkmişdim, hamısı yadımda idi. Ürəyim partlayırdı ki, birdən nəsə olar, fotoları göndərə bilmərəm. Şuşadan çıxanda Ramiz gəldi, dedim ki, indi mən gedirəm, bilmirəm, başımıza nə iş gələcək, gəlin, bir çay içək. Oturduq, kəklikotulu çay içdik. Mən hər zaman inanırdım ki, Qarabağ işğaldan azad olunacaq. Şükür olsun ki, bunu görmək bizə qismət oldu. İşğaldan azad edildikdən sonra yenə getdim Şuşaya. Bu dəfə də çayı mənə əsgərlər təklif etdi".
Birinci Qarabağ müharibəsində Şuşada çay

İşğaldan azad edildikdən sonra Şuşada çay

Reza Deqati daha sonra Fransada ermənilərə qarşı apardığı mübarizədən danışıb. Sözügedən ölkədə yarım milyon erməninin yaşadığını bildirən fotoqraf qeyd edib ki, Ağdamda və Xocalıda çəkdiyi tarixi şəkilləri Parisin mərkəzində, muzey və metrolarda sərgi formasında təqdim edib. Bu zaman erməni təxribatı ilə üzləşsə də, o, mübarizəsindən əl çəkməyib:
"Ermənistanın səfiri məni nahara dəvət etdi, dedi ki, sizinlə söhbət etmək istəyirəm. Soruşdum, nə barədə söhbət edəcəyik? Əgər sərgi barədə danışacağıqsa, gəlmirəm. Dedi, yox, sadəcə, sizinlə söhbət etmək istəyirəm. Görüşəndə mənə dedi ki, siz niyə bu işləri görürsünüz? Dedim, bəs sərgi barədə danışmayacaqdıq? Jak Şerakın mənə verdiyi ordeni göstərdim, bildirdim ki, mən haqq sözünü dediyim üçün buna layiq görülmüşəm.
Fransada lap beş milyon da olsanız, mən haqqı deyəcəyəm. Məni məhkəmə ilə hədələdilər. Məhkəmədən sənəd göndərmişdilər ki, siz yalan danışırsınız. Bildirdim ki, elə mən də neçə vaxtdır bu fürsəti axtarırdım. İstəyirdim ki, Xocalıda çəkdiyim fotoları məhkəmə səviyyəsində göstərəm. Bu sözümdən sonra məhkəmədən əl çəkdilər".
Emin Səfərov