Baron Münhauzenin monoloqu

baron-munhauzenin-monoloqu-
Oxunma sayı: 763

Cənablar, bütün böyük şəxsiyyətlərin taleyi təxminən eynidir. Müasirləri onları başa düşmürlər. Sizlər mənim müasirlərim olmaqla bərabər, həm də mənim qohumlarımsınız. Heç olmasa, siz məni başa düşün.
Əziz qohumlarım, uzun axtarışdan sonra 32 may tarixində evlənməyə layiq qadın tapdım. Bu qadının adı Martadır. Bilirsiniz, 32 may günü yaşamaq çətindir, ölmək isə asan. Marta yeganə qadındır ki, təqvimdə 32 may gününün olduğuna inanır. Marta adi qadın deyil. Mən Martayla evlənmək üçün iki böyük maneəni aşmalıyam. Birincisi, mən keçmiş arvadımdan boşanmalıyam. İkincisi, mən öz sərgüzəştlərimdən imtina etməli, danışdığım əhvalatların yalan olduğunu elan etməliyəm.
Cənablar, bütün sevgililər sevgi uğrunda hər bir fədakarlığa hazır olduqlarını bəyan edirlər. Bütün maneələri aşacaqlarına söz verirlər. Sevgi uğrunda hətta mümkün olmayan hərəkətləri edəcəklərinə and içirlər. Amma bəzən heç mümkün olan hərəkətləri də etmirlər. Nəsə. Sokrat deyir: "Əgər arvadın yaxşı olsa xoşbəxt olacaqsan. Əgər arvadın pis olsa filosof olacaqsan". Mənim qarşıma pis arvad çıxdı və gördüyünüz kimi mən filosof oldum. Mən Martayla evlənmək üçün məni filosof edən qadından boşanmalıyam.
Cənablar, boşanmaq cəmiyyətin ən böyük tapıntılarından biridir. Bir qadını sevmək üçün bir neçə dəqiqə onun sifətinə baxmaq kifayətdir. Amma bir vaxtlar sevdiyin qadından ayrılmaq üçün ömrünün bir neçə ilini xərcləməyə məcbur olursan. Düz deyirmişlər, heç kim bir vaxtlar sevdiyin qadın qədər yadlaşa bilməz. Bəzi cütlüklər boşanmaq üçün evlənirlər. Bəzi adamlar boşanan şəxslərdən birini mütləq günahkar çıxarmaq istəyir. Əlbəttə, sizlərin məntiqi aydındır, amma iki adam bir yerdə yaşamaq istəmirsə, bu o demək deyil ki, onlardan biri mütləq pisdir, günahkardır. Ola bilsin, bir yerdə yaşamaq istəməyən adamların hər ikisi ayrı-ayrılıqda çox gözəl adamlardır. Nə etməli, sadəcə, alınmayanda alınmır. Mənim vəziyyətim isə bir az başqadır. Məndə doğrudan da alınmadı. Və mən Martayla evlənmək üçün məni filosof etmiş qadını boşamalıyam.
Cənablar, ikinci maneəni aşmaq mənim üçün daha ağırdır. Mən öz sərgüzəştlərimdən imtina etməli, danışdığım əhvalatların yalan olduğunu elan etməliyəm. Ən əsası, mən təqvimdə 32 may gününün olduğunu sizlərin qarşısında inkar etməliyəm. Bu, çox ağırdır. Arximed deyirdi ki, sevgi elə bir düsturdur ki, gərək hər gün onu isbat edəsən. Mən Martayla evlənmək üçün hər bir fədakarlığa hazıram. Eybi yox cənablar, qoy siz deyən olsun. 31 maydan sonra 1 iyun günü olsun. Bunu demək mənim üçün çox ağırdır. Bəli, 31 maydan sonra 1 iyun gəlir. Mən zarafat etmirəm. Həkimlər mənə zarafat etməyi qəti qadağan ediblər. Hamı məndən "hər kəs kimi olmağı" tələb edir. Mən isə sadəcə, Şekspirlə yazışmaq istəyirəm. Siz heç vaxt bilə bilməzsiniz, təqvimdə 32 may gününün olduğunu inkar etmək mənim üçün necə ağırdır. Düzdür, Qalileo Qaliley də bir vaxtlar öz dediklərindən imtina etmişdi. Amma nə etməli, mən Cordano Brunonu daha çox sevirəm. Xahiş edirəm, mənim monoloqumu olduğu kimi dərc edin. Çünki mənim dediklərimi, yazdıqlarımı ixtisar edəndə birtəhər dözürəm. Nəsə əlavə edəndə dəli oluram...
Marta, mən səni dodaqları ilə soyuq pəncərədə öpüş rəsmi çəkən uşaq kimi sevirəm!