“Belə şeylərə məcbur edənlər dini qurum adlana bilməz”- - "Davudun qızı"

bele-seylere-mecbur-edenler-dini-qurum-adlana-bilmez-
Oxunma sayı: 3488


“Davudun qızı”

Qızım parkda rolik (dil bilicilərimiz, bu sözün Azərbaycan variantının ixtirasını gözləyirik, lüğətdəki ayaq diyircəyi, ayaq çarxı heç cür ipə sata yatmır) sürürdu, mən də skamyada (elə bu sözün də - dil bilicilərinə) əyləşib kitab oxuyurdum. Otuz beş-qırx yaşlarında, bəstəboy, cılız, səliqəsiz, tünd qara saçlarını boynunda dəstələmiş, qaşını almamış, kosmetikasız, ətəyi əyninə boş və uzun, yuyulmaqdan əvvəllər çox güman narıncı, indi açıq çəhrayıya çalan bomboş, ağzı gözü enlənmiş koftası, baxımsız, orta statistik, "evdə qalmış" (nədənsə "evdə qurumuş" yazmağım gəldi) bir xanım yaxınlaşıb, yanımda oturmağa icazə istədi. Etiraz etmədim. Xanımın hərəkətlərində narahatlıq və həyəcan duysam da, buna o qədər də əhəmiyyət vermədim. Tolstoyun fransız dilindəki cümlələrini doğru oxuma cəhdlərim məni sezdiyim hisslərdən uzaqlaşdırdı.Bir neçə saniyə susduqdan sonra xanım:
- Olar sizə bir sual verim?
- Buyurun. ( O dəqiqə işıq sürətinə bərabər xəyal gücümlə düşündüm ki, ya kosmetik firma, ya dərman preparatları ya da saysız dini təriqətlərdən birinin nümayəndəsidir. Kosmetik firmada çalışma təcrübəm olduğundan, qazanc naminə tanımadığın birinə yaxınlaşıb onunla söhbətə başlamağın nə qədər həyəcan və stress yaşadan duyğu olduğunu bilirəm. Ona görə maksimum özümü xoşməramlı söhbətə köklədim. Eyni zamanda xanımın kifir görünüşündən narahat olduğumu biruzə verməmək üçün özümü gülümsəməyə vadar etdim).
- Sizcə dünyada pislik çoxdur, yaxşılıq?
“Kifir qadın yoxdur, baxımsız qadın var” deyimi yadıma düşdü. Bir anda onu qaşları alınmış, səliqəli geyimdə, üz təravətləndirici minlərlə maska və kremlərdən sonra sağlam dərili, dəbli saç düzümündə təsəvvür elədim , üstəgəl sualın cavabını fikirləşdim, həm də, təriqət fərziyəmi digərlərindən daha ön sıraya çəkməyə də vaxt tapdım. Qadınlar bir saniyədə xeyli bir-birindən fərqli , hətta zidd fikirləri beyin(!) süzgəclərindən ələməyi bacarır.
Saralmış, suyu çıxmış meyvə kimi büzüşmüş dərisi, üzünə solğun çalar verən xanım, parıltıdan məhrum gözlərini üzümə zilləyib maraq və həyəcanla cavab gözlədi.
İstehzanı səsimdən qovmağa çalışıb təbəssümlə dedim:
- Məncə dünyada hər şey balanslaşdırılıb.

Bunu deyərkən gözlərimi parkda topla oynayan uşaqlara dikmişdim. Xanımsa gözləri yetməyibmiş kimi, bütün yöndəmsiz bədənini mənə sarı çevirib, diqqətlə süzürdü.

Adətən yad insana yaxınlaşmadan öncə özünü istənilən gözlənilməz reaksiya, situasiyaya hazırlamalısan. Mənfi və müsbət cavab verilməyindən asılı olmayaraq bütün mümkün situasiyaları öncdən hesablamalısan-bunu kosmetik firmanın müştəri ilə davranma treninglərindən yaxşı bilirdim. Həmçinin adım kimi əmin idim ki, xanım mənə etiraz etməyəcək, haqlı olduğumu deyib, sonra mənlə razılaşmadığı məqamları vurğulayacaq. Belə də oldu.
- Razıyam, amma sizə desəm ki, tezliklə ilahi ədalət özü dünyaya əl qoyacaq?
Afərin, dedim öz-özümə, yaxşı tələbədir.
- Xanım, mən dinlərin sadəcə düşünülmüş, kütləni idarə etmək üçün mükəmməl sistem olduğuna inanıram. Ona görə qiyamət haqqında söhbətlər mənimçün nağıl kimidir.
Bu mövzuda xeyli danışdıq. Mən ona dünyadakı yaxşılıqlardan, o mənə pisliklərdən.
- Gün ərzində xəbərlərdə öz doğmalarını qətlə yetirən insanlar haqqında yəqin eşitmisiz. Necə bilirsiz insanlar niyə bu qədər qəddar və aqressivləşib?
Söhbət məni yorurdu. Doğrularını sırıyan adamları məni bezdirir. Bu “sırıma” dolayı- sual üsullu olsa belə.

- Maarifsizlikdən, cahillikdən, işsizlikdən, bekarçılıqdan. İnsanlar cəmiyyətdə özünü tapa bilməyəndə, acığını ətrafındakılardan çıxır.

“Maarif” sözünə bənd olmuş kimi, çantasından bir kitab çıxardıb, mənə uzatdı. Eynəyinin evdə qalmasını bəhanə gətirib, 9 və 10-cu maddələri oxumağımı xahiş elədi. Qalın qaş xanımın özünə inamsız və tərəddüdlü halını daha da intensivləşdirməmək üçün etiraz eləmədim. Tolstoyu bağlayıb, yuxarısında "Zəbur" sözü yazılan kitabdan deyilən hissəni oxudum. "Ayələr"dən yadımda qalan o oldu ki, tezliklə dünyanı idarə etməyə “O” özü təşrif edəcək. İnsanlar “O”nun gümanını sarsıtdığından, şeytana çox uyduqlarından asayişi bərqərar etmək üçün dünyaya özü “əl qoyacaq” .
Oxuyub bitirdikdən sonra, tünd qəhvəyi, dəri üz qabıqlı kitabı xanıma qaytardım. Qeyri ixtiyari üzümdəki təbbəssüm istehzayla əvə olundu. Özünü təqdim etmədən söhbətə başlayan xanım bu istehzadan duyuq düşdü. Qiyamət qorxusundan məhrum olduğumu anlayıb, daha “sərfəli” olduğunu güman etdiyi açıqlamalara keçdi.
- Bilirsiz “O” zühur edəndən sonra, qocalıq, xəstəlik olmayacaq.
Mən riyakar bir pafosla (bəlkə də səmimi belə fikirləşirəm, hələ də tam bilmirəm):
- Qocalmadan, əbədi cavan yaşamaq kimin nəyinə lazımdır ki? Əsirlərlə xəstəliksiz, çətinlik olmadan yaşamağın nə mənası ola bilər ki? Əlli-altımış illik ömürdən təngə gələn bizlər əbədi yaşamağa məhkum ediləcəyiksə, bax bu əsl cəhənnəm olacaq.
Hətta bir az irəliyə gedib:
- İllər ki, adamın üzünə qırış cığırları qoymadı, onda yaşamağın nə mənası?!
Cavabımdan yazığın (!) matı mutu qurudu. Yəqin parkda kitab oxuyanlara yaxınlaşmağa tövbə edirdi ki, donmuş baxışlarını qırpmadan mənə zillədiyindən bixəbər idi.
Əlqərəz, Selcan konki sürməkdən yorulana kimi xeyli danışdıq. Nədən? Özümü saxlaya bilməyib, "düz eliyib ailə qurmamısız da”-dedim. Onun ailə qurmadığını qaşlarından anladığımı bildi yəqin. Ona görə ani təəccübünü gözündən qovub, ürəksiz gülümsədi. Əlbəttə o başa düşmədi ki, mən belə xəstə təfəkkürlə ölkəyə xəstə ruhlu insanları törəməsini istəmədiyimçün belə dedim. Çünki, mən ona ailə qurmağın ziyanları və fəsadları haqqında mini mühazirə oxudum. Mən danışdıqca çox güman “pisdi ərə getmək, bəs sən niyə ailə qurmusan?” fikirləşdi. Bu ürəyindəki sualı cavabsız qalmasın deyə mühazirəmin sonunda “Məncə qadınlar analıq hissini dadmaq üçün ailə qurur - “dedim”.

Hə, belə əcaib bir söhbətə bayaqdan qulaq müsafiri olan, nauşniki ya sındığından, ya xarab olduğundan Azərbaycan estradasında eşitmədiyim manıları səsli dinləyən cavan oğlan yerində qurdalanmağa başladı. Ancaq onda fərqinə vardım ki, musiqiləri xeyli zamandır eşitmirəm. Xanımla söhbət edə-edə fikirləşdim ki, bəlkə elə bu söhbət o eşitsin deyə edildi (bu cümləylə çox baş yormayın).

Qarımış qız söhbətin sonunda mənim kimi səmimi xanımı ilk dəfə gördüyünü təntənəylə elan edib, səhv etmirəmsə Davud peyğəmbərin davamçılarından olduğunu qürurla vurğulayıb, sağollaşıb getdi.

Ruhunda qüsuru olan, sığınmağa doğmaları olmayan adamları öz axmaq sektalarına cəlb edən ruhi xəstələri şiddətlə qınayıram. Bu cümləni və hadisənin qısa xülasəsini Facebook statusumda paylaşmışdım. Sevimli rəfiqəm, istedadlı yazar Svetlana Turan “Hər şey bir tərəfə, amma Zəbur, yəni Psalmi həqiqətən də Davud peyğəmbərin kitabıdır. Zəbur qədim kitablardan biridir. Deməzdim ki, bu sektadir. Bu, daha chox insanın şəxsi inanc və seçimidir.” məzmunlu şərh etmişdi.
Əlbət razıyam. Mən insanlara hörmət etməyə, olduqları kimi qəbul etməyə çalışıram. Nə yalan deyim, müdrik və kamil olma üzərindəki çaışmalarım həmişə alınmır. Kifayət qədər dindar və ateist tanışlarım var. Onlarla münasibətimdə nə dinsizlikləri nə də dindarlıqları mənə mane olmur.
Amma bir din səni narahatlıq keçirərək, harda gəldi tanımadığın insanları, dolayı yolla inancına cəlb etməyə “sövq” demirəm, “məcbur” demirəm, ehtiyacın olduğuna inandırırsa, dini qurum adlana bilməz.
Dini ancaq sevgi, hörmət və sülh ladlarında qəbul edən insanların inanclarını qəbul edirəm. Müharibəyə, qətlə, qorxuya, hədəyə dayanan inanclar din deyil, bilgisiz insanları idarə etmə üsuludur.
Baxımsız qadına pulsuzluq, zövqsüzlüklə, oxumayan tələbəyə zehinsizliklə, yoldaşını söyüb, döyən kişilərə valideyn tərbiyə və nəvazişindən məhrumluqla haqq qazandırıram. Amma qınamamaq əlimdə deyil.

Ona görə də bu sektanın təbliğ üsulunu şiddətlə qınayıram.

İyul. 2013