“Bir də görürsən gecənin bir aləmində biri ərinin, biri arvadının yatağından qalxıb...” - - Rəşad Məcid

bir-de-gorursen-gecenin-bir-aleminde-biri-erinin-biri-arvadinin-yatagindan-qalxib-
Oxunma sayı: 3610


“525-ci qəzet”in baş redaktoru Rəşad Məcidin “Qafqazinfo”ya müsahibəsi



- Rəşad müəllim, Milli Mətbuat Günündə dövlət tərəfindən 155 jurnalistə ev verildi və həmin jurnalistlərin arasında siz də vardınız. Amma sizin adınızın bu siyahıda olması ev ala bilməyən media nümayəndələri tərəfindən etirazla qarşılandı və hələ də söz-söhbət səngiməyib. Bu söhbətlər ən çox da elə Facebookda gedir. Buna münasibətinizi öyrənmək istərdik.

- Ümumiyyətlə, bu proseslər mənə sosial şəbəkələrin yeni, fərqli məqamını üzə çıxartdı. Mən uzun illərdi mətbuatdayam, müxtəlif vaxtlarda müxtəlif adamlarla mübahisələrim yaranıb, elə də olub ki, bəzilərinə heç vaxt reaksiya verməmişəm. Elə adamlar var ki, onları üzdən tanıdığıma, səviyyələrinə, dünyagörüşlərinə bələd olduğuma, kimliklərini bildiyimə görə heç vaxt onlarla mübahisə etməyə çalışmamışam. Amma sosial şəbəkələrdə tanımadığım adamlar bəzən elə təhqirlər, böhtanlar yazırlar, elə ittihamlar irəli sürürlər ki, adam lap heyrətlənir. Əgər bu adamları həyatda tanısaydım, bəlkə də bunlara da fikir verməzdim. Amma tanımadığıma görə, adamların içərisindəki bu qədər kinin və nifrətin səbəbini başa düşmürəm. Bir də görürsən gecənin bir aləmində biri ərinin, biri arvadının yatağından qalxıb cumur facebooka, öz natamamlıq komplekslərini başqalarına nifrət yağdırmaqla tökmək istəyirlər. Bəziləri elə bilirlər ki, sanki təkdilər və qəhrəmanlıq iddiasına düşürlər, başlarından yekə elə fikirlər səsləndirilər ki, bunu görəndə heyrətlənməyə bilmirsən. Bu tipli adamlarla qanunun dili ilə danışmaq lazımdır. Əslində, yeni qanuna görə, sosial şəbəkələrdə yazılan böhtan və təhqirlərlə bağlı həmin adamları məhkəməyə vermək olar. Amma elə adamlar var ki, məşhur filmdə deyildiyi kimi, onları yerə yıxıb ancaq ağzına-ağzına döymək lazımdır. Çünki onların dediklərinə başqa yolla cavab vermək mümkün deyil. Təəssüf edirəm ki, son vaxtlardakı bu proseslər sosial şəbəkənin bu üzünü mənə açıb göstərdi.

Bəzi adamlar sosial şəbəkələrdə məsuliyyət hissini tamam itirirlər, adama elə gəlir ki, bu adamlar ya narkotik, ya alkoqol qəbul ediblər, ya da anlaqsız vəziyyətdədilər, çünki normal şüur bu adamların yazdıqları o təhqirləri, o böhtanları heç vaxt düşünə, qəbul eəd bilməz. Yəqin, belə davam eləsə, yaxın vaxtlarda sosial şəbəkələrdə təhqir və böhtan yazdığına görə xeyli adamı məhkəməyə verib, həbsə atacaqlar. Çox təəssüf ki, bu tipli adamlar sosial şəbəkələrdə son vaxtlar qəhrəmanlıq edib, meydan sulayırlar. Bunlar natamamlıq kompleksi olan, özlərini təsdiq etməmiş adamlardır. Özü də bu məsələnin söz, ifadə azadlığına heç bir dəxli yoxdur. Ümumiyyətlə, əqli, psixi qusurları olan adamların ictimai yerlərə buraxılması adətən ciddi problemlər yaradır vəbelə getsə, yəqin ki, dünya nə vaxtsa bu problemləri virtual məkanda da tənzimlənmək barədə düşünməyə məcbur olacaq.

- Ümumiyyətlə, jurnalistlərə təqdim olunan evlərin siyahısında adı olan da, olmayan da sizin “ev”inizi müzakirə edir. Onların bu cür danışmasına səbəb nədir?

- Ola bilər ki, kimlərinsə adı siyahıda olub, amma ev almayıb, bu, təbidir. Bu səbəbdən kiminsə əsəbləşməyini başa düşürəm. Amma tamamilə dəxli olmayan adamların isterik hala düşməsini heç cür anlamıram. Fikrimcə, redaktorlar özləri də öz işçiləri üçün çalışmalı idilər. Onlar Mətbuat Şurasını, KİVDF-ni hansı işçiyə ev verilməsinin daha vacib olduğuna inandırmalı idilər. İndi Mətbuat Şurasının yeni üzvü, köhnə dostumuz Rauf Arifoğlu yaxasını qırağa çəkib. Əgər o müvafiq instansiyaları öz işçilərinin evə ehtiyacı olduğunun vacibliyinə inandıra bilməyibsə və buna çalışmayıbsa, nəticədə onun redaksiyasındakı iki xanım əməkdaş ev almayıbsa, bunun altını Rəşad Məcid niyə çəkməlidir? Qəribədir ki, onun işçisinin tərbiyəsiz ifadələrinə öz qardaşı, “Yeni Müsavat” qəzetinin baş redaktoru Azər Ayxan da qoşulur. 10 il əvvəl olsaydı, Azər Ayxanı tanıdığıma görə, heç ona da cavab verməzdim. Amma mən fikirləşirəm ki, Azər Həsrət kimi Azər Ayxana da zaman öz müdrik təsirini göstərmiş olmalıydı. Görünür, göstərməyib və Azər Ayxan indi mənə dərs keçmək istəyir, ittiham irəli sürür. Azər Ayxan özünü elə aparır ki, elə bil mən onun sevdiyi, qiymətli bir xəzinəni əlindən almışam, adamın çığırtısından qulaq tutulur. Rauf Arifoğlu da kənardan müşahidəçi kimi sakitcə baxır, heç olmasa öz obyektiv fikirlərini bildirmir...

- Rəşad bəy, ev üçün müraciət edən, amma ala bilməyən jurnalistlərdən kimin həmin siyahıda olmasını istərdiniz?

- Mənim ən çox təəssüfləndiyim Zahir Əzəmətin ev almamasıdır. Mən məmnuniyyətlə Zahirlə, onun ailəsi ilə qonşu olardım. Elə bu gün sosial şəbəkədə oxudum ki, Zahirlə Sevinc xanımın toylarının ildönümüdür. Mən onları təbrik edirəm. Çox sevinirəm ki, Azərbaycanda belə bir xoşbəxt ailə, bir-birlərini bu cür hörmətlə, böyük məhəbbətlə sevən insanlar var. İkisi də istedadlı adamlardır. Pis günün ömrü az olar. Düşünürəm ki, növbəti binada onlar mütləq ev alacaqlar və öz xoşbəxt həyatlarını bizimlə qonşuluqda davam etdirəcəklər. Amma elə adamlar da var ki, onlarla heç qonşu olmaq istəməzdim. Arzulayıram ki, Allah bizi bu tipli adamlara ürcah eləməsin. Allah bizi həyasız adamlarla qonşu olmaqdan saxlasın. Bu son proseslər göstərdi ki, jurnalist adına iddia edən bəzi adamlar nə bu ada, nə insanlığa, nə də qonşuluğa layiqdirlər. Onlarla qonşuluq məşəqqət olardı.

- O qonşu olmaq istəmədiyiniz adamlar kimlərdir?

- Özləri bilir ki, söhbət kimdən gedir. Ad çəkmək istəmirəm.

- Rəşad müəllim, axı niyə ev alan jurnalistlər içərisində ən çox qınaq obyektinə çevrilən siz oldunuz? Elə sosial şəbəkələrdə də ən çox siz müzakirə obyektinə çevrilmisiniz.

- Bu mənim üçün də çox təəccüblüdür. Haqqımda elə şeylər yazırlar ki, lap məəttəl qalıram. Biri yazıb ki, Rəşadın bir maşını var evdən bahalıdır. Bəziləri də məni mülklərə, torpaq sahələriinə sahib olan adam kimi təqdim edirlər. Əslində, mənim maşınımın heç 5-6 min qiyməti yoxdur. Mən özüm neçə ildir ki, 3 oğlumla birlikdə yaşayıram. Heç bir torpaq sahəm, biznesim yoxdur. Rəhbərlik elədiyim “525-ci qəzet” – 20 illik bir qəzet kirayədə, özü də nimdaş, təmirsiz bir ofisdə fəaliyyət göstərir. Bəzilərinə isə kənardan hər şey parıltılı görünür. Tanıyanlar bilir ki, mən bəziləri kimi saman altından su yeridən deyiləm. Ola bilsin ki, mən bir çox məsələləri səmimi, düz dediyimə, ürəyimin səsinə qulaq asıb hər şeyə birbaşa münasibət bildirdiyimə görə bəziləri fikirləşir ki, Rəşadın çoxlu pulu, mülkiyyəti var, ev nəyinə lazımdır? Təəssüf edirəm ki, insanı yaxından taımayan adamlar bu cür iddialar irəli sürürlər. Ola bilsin ki, Rəşad Məcid daha çox məşhurdur və onların gözü önündədir, ona görə də qıcıqlanırlar. Bir çoxları da Rəşad Məcid olmağa çalışırlar. Amma bir-iki status yazıb, “like” qazanmaqla Rəşad Məcid olmaq olmur. Buna zaman, illər, yaşanan həyat, aparılan mübarizələr lazımdır. Mən istedadlı, cavan dostlarıma arzulayıram ki, çalışsınlar, əziyyət çəksinlər, sonunda əziyyətlərinin bəhrəsini görəcəklər. Həmişə demişəm ki, bir insan bacardığı işlə uzun illər əzmlə, zəhmətlə məşğul olursa, o, mütləq öz zəhmətinin bəhrəsini görür. Başlarını aşağı salıb öz işləri ilə məşğul olısunlar, zaman gələcək əməklərinin qiymətini alacaqlar.

- Sizin daima gənclərlə probleminiz olur. Elə ev məsələsinin müzakirəsində də gənclər fəaldır. Bu problemlərə səbəb nədir?

- Gənclər özləri elə bu sualın cavabını veriblər. Rəşad Məcid gənclərə o qədər kömək edir, yazılarını çap etdirir, birdən-birə özlərinə inam yaradır, məşhurlaşdırır. Sonra da bir az geri çəkiləndə həmin gənclər panikaya düşürlər. Bu gənclərin mübarizəsi ondadır ki, Rəşad Məcid onlara daha çox ilgi göstərsin. Amma mən ömrü boyu bu gənclərin yanında olası, onların səhvlərini deyəsi deyiləm ki. Həmişə istedadlı gənclərin uğuruna sevinmişəm. Gənc yazarların çoxu arzulayır ki, Rəşad Məcid onları tərifləsin. Mən heç vaxt ürəyimdən gəlmədiyi halda kimisə tərifləməmişəm, qeyri-səmimi olmamışam. Hansı gənci bəyənmişəmsə, hətta onların arasında tanımadığım adamlar da olub, tapıb, dəstəkləyib, üzə çıxarmışam. Amma bəyənmədiklərim haqqında da heç vaxt xoş söz deməmişəm. Buna görə də nə olur-olsun, məni sosial şəbəkələrdə pisləyəcəklər, haqqımda pis danışacaqlar deyə, haqqı nahaqqa vermərəm, ədalətsiz iş tutmaram. Gənclərin mənə bu cür münasibətinin kökündə ancaq Rəşad Məciddən tərif almaq, Rəşad Məcidin marağını, diqqətini cəlb etmək durur.

Gülnar Bəşirova