“Biz Avropaya sərmayə yatırırıq” - Əli Həsənov

biz-avropaya-sermaye-yatiririq-eli-hesenov
Oxunma sayı: 695


“Azərbaycan Avropadan aldığından daha bu qitəyə öz töhfəsini vermək istəyir. Çünki biz Avropaya vahid ailə kimi baxırıq və Avropaya aktiv töhfəmizi vermək istəyrdik”. Bu fikirləri “New Europe” nəşrinə Azərbaycan Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov verib.

“İqtisadiyyat bu töhfənin əsas hissələrindən biridir və biz Avropa ölkələrinə aktiv şəkildə investisiya yatırırıq”. Nəşrdə qeyd olunur ki, Əli Həsənov bu sözləri Bakıda “Business Year” jurnalının Azərbaycanın iqtisadi inkişafına həsr olunmuş növbəti nömrəsinin təqdimat mərasimində deyib. Xatırladaq ki, jurnal tərəfdaşları və oxucuları arasında keçirdiyi sorğunun nəticələri əsasında Azərbaycan prezidenti İlham Əliyevi “İlin adamı” elan edib.

Əli Həsənov “New Europe”ya bildirib ki, Azərbaycan əvvəllər Avropadan sərmayə cəlb etməyə can atırdı: “İndi isə biz Avropa iqtisadiyyatına sərmayə yatırırıq və biz Avropanın enerji təminatında Azərbaycanın artan rolunu görürük”.

Əli Həsənov tədbirdə çıxışı zamanı son 10 il ərzində Azərbaycanda ümumi daxili məhsulun həcminin 5 dəfə, sərmayələrin həcminin isə 10 dəfə artdığını vurğulayıb: “Azərbaycan ən stabil inkişaf edən ölkələrdən biridir. Üç il davam edən böhrana baxmayaraq, Azərbaycan iqtisadi inkişafı davam etdirməyə və öz iqtisadiyyatını daha cəlbedici etdirməyə nail olub. Azərbaycan enerji və qeyri-enerji sektorunun, xüsusilə İKT-nin inkişafında xüsusi rol oynayır. Bu il Azərbaycan ilk süni peykini fəzaya çıxarıb”.

Əli Həsənov Azərbaycanın BMT Təhlükəsizlik Şurasına sədrlik etdiyini xatırladaraq bildirib ki, ölkəmiz beynəlxalq arenada da aktiv rol oynamağı planlaşdırır.

Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri bəyan edib ki, Azərbaycan son bir neçə ay ərzində Avropa institutlarının diqqətini Dağlıq Qarabağ münaqişəsinə cəlb etməyə çalışıb: “Üç daha nüfuzlu Avropa institutu var – Avropa Birliyi, NATO və ATƏT. Əlbəttə, Avropa Şurasını da yaddan çıxarmaq olmaz, buna görə də biz Avropa Şurası ilə aktiv əməkdaşlıq edirik. Lakin regional təhlükəsizlik nöqteyi-nəzərindən ən nüfuzlu Avropa İnstitutlarından biri NATO-dur. Avropa qitəsi ilə iqtisadi münasibətlərə gəldikdə isə, biz AB ilə münasibətlərin inkişafına tərəfdarıq. Təəssüf ki, bu iki təşkilat Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında aktiv iştirak etmir. Onlar ərazi bütövlüyümüzü tanıyan bəyanatlar verir və tərəfləri münaqişəni sülh yolu ilə həll etməyə çağırırlar. Lakin biz hesab edirik ki, regional təhlükəsizliyin təminatında bu iki institutun potensialı daha böyükdür və onlar bu potensialdan istifadə etməlidir”.

Əli Həsənov AB və NATO-nu dondurulmuş münaqişələrin həlli istiqamətində daha mühüm addımlar atmağa çağırıb: “Düşünürəm ki, onlar Ermənistanı bu regionda sülhün bərqərar olması ilə bağlı üzərinə götürdüyü beynəlxalq öhdəlikləri yerinə yetirməyə çağıra bilərlər. Bu, əlbəttə ki, regionda sülhün bərqərar olmasına və AB ölkələrinə enerji resurslarının daha təhlükəsiz şəkildə nəqlinə təsir göstərmiş olacaq. Çünki təkcə Cənubi Qafqazda deyil, bütün Avropa qitəsində sülhün olması zəruridir”.

“New Europe” məqalədə Bakıda keçirilmiş tədbirdə Azərbaycan rəsmilərinin çıxışlarına geniş yer verib: “Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev bəyan edib ki, Azərbaycan iqtisadiyyatı Cənubi Qafqaz iqtisadiyyatının 75 faizini təşkil edir. Bundan başqa Azərbaycanda qeyri-neft sektorunun əhəmiyyətli inkişafı müşahidə olunur. Ölkədə yoxsulluq səviyyəsi 6 faizə enib, yoxsulluğun tama aradan qaldırılması üçün gələcəkdə də tədbirlər görüləcək. Azərbaycan prezidenti İlham Əliyevin əsas prioriteti iqtisadiyyatın qeyri-neft sektorunun inkişafıdır. Son üç il ərzində iqtisadiyyatın inkişafı 2,5 dəfə artıb. Ötən il iqtisadi artım qeyri-neft sektorunun inkişafı hesabına baş verib. Ümidvarıq ki, 2020-ci ildə Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun payı 80 faiz təşkil edəcək”.

Şahin Mustafayev həmçinin qeyd edib ki, Azərbaycan kiçi və orta müəssisələrin kredit alması üçün münbit şəraitin yaradılması və bu müəssisələr fəaliyyətinə bürokratik əngəllərin aradan qaldırılması istiqamətində addımlar atıb: “Azərbaycanda 80 mindən artıq sahibkar mövcuddur. Bu günlərdə “Sahubkarlıq fəaliyyəti haqqında” qanun layihəsi Milli Məclisə təqdim olunub və ümidvarıq ki, qanun layihəsi yaxın vaxtlarda qəbul olunacaq”.

Məqalədə Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyevin tədbirdəki fikirlərinə də geniş yer verilib: “Natiq Əliyev xatırladıb ki, 90-cı illərin sonu, 2000-ci ilin əvvəllərində xarici şirkətləri Azərbaycana sərmayə yatırmağın məqsədəuyğunluğuna inandırmaq çətin idi. İndi isə Azərbaycan özü həm ölkə daxilində, həm də xaricdə böyük investora çevrilir. TANAP layihəsində ARDNŞ-in 80 faiz paya malik olmasını buna misal çəkmək olar”.

Natiq Əliyev Azərbaycanın böyük miqdarda neft və qaz ehtiyatlarının olduğunu bildirib: “Azərbaycan əvvəllər də heç vaxt bərpa olunan enerji mənbələrindən asılı olmayıb. Enerjinin yalnız 14 faizi su elektrik stansiyalarında istehsal olunub, 11 faizi isə bərpa olunan enerji mənbələrindən alınıb. Azərbaycan enerji təminatında bərpa olunan enerji mənbələrinin payını artırmaq istəyir”. /APA/