“Biz bu kampaniyaya tutarlı cavabımızı verməliyik” – İlham Əliyev

biz-bu-kampaniyaya-tutarli-cavabimizi-vermeliyik-ilham-eliyev
Oxunma sayı: 690



Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatı əmək nazirlərinin Bakıda keçirilən konfransının iştirakçılarını qəbul etmişdir.

Qonaqları salamlayan dövlətimizin başçısı İlham Əliyev dedi: "Hörmətli qonaqlar, nümayəndə heyətlərinin rəhbərləri. Mən sizin hamınızı Azərbaycanda səmimiyyətlə salamlayıram. Xoş gəlmisiniz. İslam Əməkdaşlıq Təşkilatının konfransında iştirak etmək üçün Azərbaycana gəlmiş bütün qonaqları salamlayıram. Çox şadam ki, İslam Əməkdaşlıq Təşkilatının əmək nazirlərinin konfransı Bakıda keçirilir. Əminəm ki, konfransın çox yaxşı nəticələri olacaqdır. Onu da qeyd etmək istəyirəm ki, son bir neçə il ərzində bu, İslam Əməkdaşlıq Təşkilatının nazirlər səviyyəsində Bakıda keçirilmiş beşinci konfransıdır. Bundan əvvəl xarici işlər, təhsil, mədəniyyət, turizm nazirlərinin konfransları da Azərbaycanda keçirilmişdir. Bu, özlüyündə bir göstəricidir və onu göstərir ki, Azərbaycan nəinki İslam Əməkdaşlıq Təşkilatının fəal üzvüdür, eyni zamanda, təşkilatın xətti ilə Azərbaycanda çox mötəbər tədbirlər keçirilir. Onu da qeyd etmək istəyirəm ki, 2009-cu ildə Bakı şəhəri "İslam mədəniyyətinin paytaxtı" elan edilmişdir. Bu, çox böyük hörmətin əlaməti idi. Bu şərəfli adı Bakı şəhəri uğurla daşıyır".

Prezident bildirib ki, müzakirə olunan məsələlər hər bir ölkə, o cümlədən Azərbaycan üçün çox böyük əhəmiyyət daşıyır.

"Bilirəm ki, mövzulardan biri işsizliyin aradan qaldırılmasıdır, yoxsulluğun azaldılmasıdır. Bu məsələlər bir-biri ilə sıx bağlıdır. Deyə bilərəm ki, Azərbaycanda son illər ərzində bu məsələlərin həllində böyük işlər görülmüşdür. Son on il ərzində bizim ən böyük uğurlarımızdan biri də ondan ibarətdir ki, yoxsulluğun səviyyəsi 50 faizdən 6 faizə, işsizliyin səviyyəsi isə 5,2 faizə düşmüşdür.

Bu, onu göstərir ki, son illər ərzində Azərbaycanda yaşanan tərəqqi və inkişaf insanların rifah halının yaxşılaşmasına bilavasitə öz müsbət təsirini göstərmişdir. Azərbaycanda sosial sahədə infrastruktur məsələlərinin həllində böyük layihələr icra edilir. Bu layihələrin icrası əlbəttə ki, müsbət nəticələrə gətirib çıxarır və gələcək planlarımız da çox aydındır, açıqdır. Əminəm ki, Azərbaycan gələcəkdə inkişaf etmiş ölkələrin sırasına daxil ediləcəkdir. Buna nail olmaq üçün bütün imkanlar vardır.

Qeyd etdiyim kimi, biz İslam Əməkdaşlıq Təşkilatının fəal üzvüyük. Hesab edirəm ki, İslam Əməkdaşlıq Təşkilatının Bakıda Əmək Mərkəzinin yaradılması da məqsədəmüvafiq ola bilər. Son illər ərzində Azərbaycanda işsizliyin aradan qaldırılması istiqamətində aparılan islahatlar və qazanılan təcrübə hesab edirəm ki, maraqlı ola bilər. Eyni zamanda, İslam Əməkdaşlıq Təşkilatının Bakıda bir qurumunun yaradılması bizim birliyimizi daha da möhkəmləndirə bilər", deyə dövlət başçısı bildirib.

İlham Əliyev vurğulayıb ki, Azərbaycan İslam həmrəyliyinin inkişafı üçün öz rolunu oynayır.

"Azərbaycan 2011-ci ildə böyük səs çoxluğu ilə dünyanın ən ali qurumu olan BMT Təhlükəsizlik Şurasına üzv seçilmişdir. 155 ölkə bizim namizədliyimizi dəstəkləmişdir və İslam ölkələrinin dəstəyi xüsusi məna daşıyır. Çünki biz tam əmin idik ki, biz bu dəstəyi qardaş ölkələrdən alacağıq və aldıq. Hazırda ikinci ildir nəinki özümüzü, hesab edirik ki, bütün müsəlman aləmini də BMT Təhlükəsizlik Şurasında təmsil edirik. Digər müxtəlif addımlar atılmışdır. Hesab edirəm ki, bu addımların İslam aləminin birləşməsinə böyük töhfəsi olmuşdur. Biz bundan sonra da bu dəstəyi göstərəcəyik.

Eyni zamanda, bizim haqq işimizi dəstəkləyən bütün müsəlman ölkələrinə öz minnətdarlığımı bildirmək istəyirəm. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli işində müsəlman ölkələrinin mütləq əksəriyyəti bizim yanımızdadır, bizi fəal dəstəkləyir, haqq-ədaləti dəstəkləyir. Hələ ki erməni işğalından əziyyət çəkən soydaşlarımız kifayət qədər çoxdur", deyə Prezident bildirib.

Dövlət başçısının sözlərinə görə, Ermənistan Azərbaycana qarşı etnik təmizləmə siyasəti aparmışdır.

"Azərbaycanlılar öz tarixi dədə-baba torpaqlarından didərgin salınmışdır. Bizim bütün tarixi abidələrimiz, dini abidələrimiz, məscidlərimiz ermənilər tərəfindən dağıdılmışdır. Bu vəhşiliyi təsdiqləyən kifayət qədər faktlar, sənədlər, videosənədlər, fotoşəkillər vardır. Ermənilər azərbaycanlılara qarşı soyqırımı törətmişlər. 1992-ci ilin fevral ayında Xocalı soyqırımı törədilmişdir və 613 nəfər, - onlardan 100-dən çoxu qadın, 63-ü uşaqdır, - erməni soyqırımının qurbanı olmuşdur. Bu, misli görünməmiş vəhşilik idi, bu, erməni faşizminin təzahürü idi.
Beynəlxalq hüquq bizim mövqeyimizi dəstəkləyir. BMT Təhlükəsizlik Şurası erməni silahlı birləşmələrinin işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxarılmasına dair dörd qətnamə qəbul etmişdir. Ancaq əfsuslar olsun ki, bu qətnamələr icra edilmir. İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti, Avropa Şurası, digər təşkilatlar Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə bağlı qərarlar, qətnamələr qəbul etmişlər. Ancaq hələ ki, bu məsələ öz həllini tapmır. Torpaqlarımızın 20 faizi işğal altındadır və bir milyondan artıq azərbaycanlı bu işğaldan bu gün də əziyyət çəkir.

Mən bütün qardaş ölkələrə bizə göstərilən dəstəyə görə bir daha öz minnətdarlığımı bildirmək istəyirəm. Əziz qonaqlar, konfransın işinə uğurlar arzulayıram. Xahiş edirəm ki, mənim salamlarımı təmsil etdiyiniz ölkələrin dövlət və hökumət başçılarına çatdırasınız", deyə İlham Əliyev bildirib.

Sonda konfransın işinə bir daha uğurlar arzulayan Prezident İlham Əliyev dedi:

"Çox sağ olun. İlk növbədə Azərbaycan haqqında, Azərbaycanda gedən işlər haqqında dediyiniz xoş sözlərə görə sizə minnətdaram. Əminəm ki, Bakı ilə yaxından tanış olmaq üçün sizin imkanınız olacaqdır. Eyni zamanda, onu da qeyd etməliyəm ki, sizin çıxışlarınızda səslənən fikirlər bizim təşkilatımızı daha da sıx birləşdirəcəkdir. Çünki təşkilatımızın təməlində islam aləminin birləşməsi, sıx əməkdaşlıq dayanır.

Əlbəttə ki, qarşılıqlı siyasi dəstək ön planda olmalıdır. Azərbaycan əlindən gələni əsirgəmir ki, bütün müsəlman ölkələri arasında əməkdaşlıq ən yüksək səviyyədə qurulsun. Ölkəmiz bu işə öz tərəfindən töhfəsini verməyə davam edəcəkdir. Eyni zamanda, aramızda olan birliyi möhkəmləndirmək üçün iqtisadi əlaqələr də daha fəal olmalıdır. Bu məsələlərin həllində müvafiq qurumlar, nazirliklər, müştərək birgə komissiyalar öz rolunu oynayır. Əlbəttə, nazirlər səviyyəsində yaradılan təmaslar, əməkdaşlıq, iş birliyi bizim gücümüzü artıracaqdır.
İqtisadi əməkdaşlığa gəldikdə, burada investisiya layihələrinin həyata keçirilməsi nəzərdə tutula bilər. Təcrübə mübadiləsi, ticarət dövriyyəsinin artırılması da hesab edirəm ki, birliyimizi daha da möhkəmləndirəcəkdir. Biz bu birliyi müxtəlif amillərlə möhkəmləndirməliyik.

Qeyd etdiyim kimi, siyasi dəstək ön planda olmalıdır. Biz beynəlxalq təşkilatlarda bir-birimizin mövqeyini daim dəstəkləməliyik. İkili standartlara qarşı birgə mövqeyimizi ortaya qoymalıyıq. Biz iqtisadi əməkdaşlığı dərinləşdirməklə ölkələrimizdə mövcud olan problemləri - işsizliyi, yoxsulluğu daha asanlıqla həll edə bilərik. Yəni, qarşılıqlı dəstək bu deməkdir, həm siyasi, həm iqtisadi dəstək. Eyni zamanda, hesab edirəm ki, hər birimiz üçün çox ağrılı problem bəzi ölkələrdə artan islamofobiya meyilləridir, islama qarşı mənfi münasibətin formalaşdırılmasıdır. Tam əminliklə deyə bilərəm ki, bu münasibət qəsdən formalaşdırılır. İslam ölkələrini mənfi şəkildə təqdim etmək üçün böyük kampaniyalar aparılır. Biz də öz tərəfimizdən, ilk növbədə, bu kampaniyaya tutarlı cavabımızı verməliyik.

Son illər ərzində İslam Əməkdaşlıq Təşkilatı dünya miqyasında çox böyük nüfuza malik olan təşkilata çevrilmişdir. Müsəlman ölkələrində təhsil, səhiyyə, sosial məsələlər daha da sürətlə həll edilməlidir. Burada iqtisadi əməkdaşlıq ön plandadır. Çünki bu əməkdaşlıq hesabına ölkələrimiz daha da böyük uğurlara nail ola bilərlər. Bir daha sizi ürəkdən salamlayıram və sizə ən xoş arzularımı çatdırıram".

Sonda xatirə şəkli çəkdirildi.