Biz kömür kimi qarayıq

biz-komur-kimi-qarayiq
Oxunma sayı: 1110


Əgər Azərbaycanın ən uca nöqtəsinə çıxıb baxsaq görərik ki, əsasən qara rəngli adamlar hərəkət edir. Yox, bura Afrika deyil, nə də amerikalılar demişkən “afroamerikalı” deyilik. Tanrı bizə nurani sifət və görkəm verib. Söhbət adamların geyimindən gedir. Ölkə sakinlərimizin əksəriyyəti qış fəslində qara rəngli paltar geyinir: gödəkçə, palto və sair. Çünki, belə qəbul olunub ki, qışda qara geyinməlisən. Doğrusu, bunu kimin düşündüyünü və ortaya atdığını bilmirəm. Yeri gəlmişkən, həm də qara geyimin bir özəlliyini əsas götürürlər: “Qara geyim şahənşah geyimidir. Onunla yasa da, toya da gedə bilərsən”. Burda tənbəllik elementləri də özünü göstərir: “Kir qara rəngdə özünü çox büruzə vermir”.

Allah etməmiş, birdən kimsə qırmızı şalvar və ayaqqabı geyinsə, onun doğulduğu xəstəxanadan, dünyaya gəldiyi andan tutmuş nəsli-nəcabətinə qədər nələr deyiləcək nələr: “Utanıb qızarmır, geyindiyinə bax”, “Orientasiyası şübhə doğurur” və sair. Amma nəzərə alınmır ki, söhbət insanın şəxsi seçimindən gedir. Bu seçim azad olmalıdır. Yox, köhnə kişilər kimi mən də qadınların qısa geyiminə razı deyiləm, ən azından bu məsələyə tibbi nöqteyi-nəzərdən yanaşıram. Mütəxəssislərin apardıqları nəticələrdən belə məlum olub ki, qısa yubka geyinmə nəticəsində yumurtalıqda follikul qalmır. Və bu da nəsil artımının qarşısını alır, gənc qız sonsuzluğa düçar olur. (Belə açıq danışdığıma görə üzr istəyirəm, ancaq söyləmək və xəbərdar etmək lazımdır).

Bəli, hər bir insanın fərqli düşüncə tərzi var. Ancaq o düşüncə tərzi toplumun içində itib-batır. İnsan onu reallaşdıra bilmir, yaxud, psixoloqların sözləri ilə deyilərsə, buna cəsarəti çatmır.

2000-ci ildə Vyanada olanda diqqətimi adamların geyimi cəlb etdi. Sarı, qırmızı, yaşıl. Adamın könlündə necə də xoş əhval-ruhiyyə yaradırdı. İnsanların azad seçimi, sanki, qəlbləri riqqətə gətirirdi. Servantes demişkən, fərqlilik yaz yağmuru qədər gözəl.

Azərbaycanda isə bu məsələlərə münasibətdə toplumun fikri əsas götürülür. Sizi inandırım ki, bizim ölkədə istənilən paltarı 5 gün ərzində dəbə mindirmək mümkündür. 5-6 gənc qız sarı rəngli paltar geyinən kimi ölkəyə hay düşür ki, bu il sarı rəng dəbdədir. Yaxud, “kolqotka” şalvar geyinən oğlanlar “Torqovi”ya çıxan kimi belə paltarlar mağazalarda ildırım sürətilə satılır. Hələ xaricə sifariş verilir ki, onlardan yenə göndərin. Bir dəfə Yudaşkindən Azərbaycandakı dəb barədə soruşanda, o, demişdi ki, “mən burda qaradan başqa rəng görmədim”.

Azərbaycanda fərqli düşünərək onu tətbiq edən çox azdır. Məsələn, filan yer pullu işdir, hamı kütləvi şəkildə ora üz tutur. Neçə illər bundan əvvəl kimsə Şadlıq evi tikdirdi. Bir az pulu olanlar kənardan müşahidə aparıb düşündülər ki, bu biznesdə qaz vurub qazan doldurmaq olar. Və kütləvi şəkildə Şadlıq evləri tikildi. Kimsə yanacaqdoldurma stansiyası tikdi. Az müddət keçmədi ki, daş atılsaydı “zapravka”lara dəyərdi. Biri müğənni olur, kütləvi şəkildə müğənniləşməyə start verilir. Aha, idmançılara yaxşı pul verirlər, bəzi valideynlər övladlarını məqsədli şəkildə idman məşqlərinə yazdırırlar. Özü də elə idman növlərinə ki, mütləq Olimpiada siyahısına düşənindən olsun.

Bu günlərdə metrostansiyalardan birinin yaxınlığında foto çıxartdırtmaq istədim. Dedilər ki, avadanlıq xarab olub, usta düzəldir. Ustanın da adı Saşa idi. Yəqin, Aleksandr imiş, sadəcə, belə çağırırlar. Deməli, paytaxtda fotoçıxaran avadanlıqları əsasən bu oğlan düzəldir, başqa millətin nümayəndəsi. Halbuki, bizimkilər belə pullu işi nəzərdən qaçırıblar. Saşa deyirdi ki, “bu işi öyrənəndə paytaxtın iki yerində foto çıxarılırdı. Düşündüm ki, perspektivli işdir, avadanlıqların sayı artacaq, başqa işə getmədim. Budur, gündə neçə yerə çağırırlar. Və bu işi kiməsə öyrətmək fikrim yoxdur. Azərbaycanlılar asan başa gələn işə gedirlər, perspektivi isə düşünmürlər”.

Yaxud, Leyla adlı bir qız Niderlandda gəmiçilik üzrə təhsil alır. Çox maraqlıdır deyilmi? Qız hara, gəmiçilik hara? Ondan bunu soruşanda qızın cavabı belə oldu: “Qəzetlərdə oxudum ki, Cənubi Koreya şirkəti Ələt qəsəbəsində böyük liman tikəcək. Ağlıma gəldi ki, bu iş üzrə mütəxəssis az olacaq. İndi Niderlandda təhsil alıram. Və mənim kimi mütəxəssisə mütləq ehtiyac yaranacaq, göydə işə götürəcəklər”.

5-6 nəfər bir siqaret çəkir, əksəriyyət ondan alır. 5-6 nəfər filan markalı maşın sürür, çoxluq o avtomobili almağa üz tutur. Adamların çoxusu Facebook-dadır, əksəriyyəti orada görmək olar. Axı Twitter də var. Yox, hamı necə, mən də elə. İndi WhatsApp yükləyənlərin sayı millətin 70 faizini təşkil edir. Tango, Line və başqa çatlaşmalara yaxın duran azdır. Hamı necə, mən də elə.

Şəhərin ortasında bir nəfər ağ corab geyinsin ona “çuşka” adı qoyacaqlar, deyəcəklər dağdan indi düşüb. Halbuki, ağ corab istehsalına görə ABŞ öndə gedir. Deməli, amerikalılar “çuşka”dır? Sadəcə, bizdə bu coraba qara damğa vurulub.

Psixoloqlar bu qənaətə gəliblər ki, adamların nəyisə kütləvi şəkildə etməsi onların mənəviyyatlarının kasadlığından irəli gəlir. Nəticədə, ictimai qınağa qoşulmaq onlar üçün elə də çətinlik yaratmır, buna asanlıqla razılaşırlar. Amma özləri ilə tək qalanda fərqli şəkildə düşünməyə başlayırlar. Yalnız tək qalanda. Çölə çıxanda isə eyni qayda və toplumda azmaq.

Fərqli düşünək. Axı, Tanrı hamımızı eyni yaratmayıb.