“Biz o fikirləri darmadağın etdik” – Müsahibə

biz-o-fikirleri-darmadagin-etdik-musahibe
Oxunma sayı: 692


“Gündəlik Teleqraf” qəzetinin və “Publika.az” saytının rəhbəri Aynur Camalqızının “Qafqazinfo”ya müsahibəsi




- “Gündəlik Teleqraf” qəzetinin 1 yaşı tamam olur. Eyni zamanda “Teleqraf.com” və “Publika.az” saytlarının da 1 yaşını qeyd edəcəksiniz. Əvvəlcə bu münasibətlə sizi təbrik edirik, uğurlarınız bol olsun. Aynur xanım, hər halda bu mətbu orqanları yaradanda qarşıya qoyduğunuz məqsədləriniz, hədəfləriniz olub. Bu 1 il ərzində həmin məqsədlərə nail ola bildinizmi?

- Bu 1 il bizim üçün həm gərgin, həm həyəcanlı, həm sevincli, ümumiyyətlə, çox maraqlı keçdi. Düşünürəm ki, 1 yaşı tamam olmaq üzrə olan mətbuat orqanı üçün, istər “Publika.az”, istərsə də “Gündəlik teleqraf” qəzeti olsun, çox böyük uğur əldə etmişik. Azərbaycanda nə bizdən əvvəl, nə də bizdən sonra bu uğuru təkrarlayan media orqanı yoxdur. Mən bunu çox böyük cəsarətlə deyirəm. Təbii ki, böyük uğur qazanmış media orqanları var, amma onlar bu uğurları illər ərzində qazanıblar. Hətta bu qədər uğur qazanmağımız mənim özüm üçün də bir çox hallarda gözlənilməz idi. Oxucuların bu dərəcədə həssaslığı məni heyrətləndirirdi. Biz başqalarının bir neçə ilə əldə etdiyi nailiyyəti tezliklə qazana bildik. Fəaliyyətə yeni başlayanda bizə “hakimiyyətə simpatik mövqedə olan mətbuat orqanı heç vaxt uğur qazana bilməz” deyən həmkarlarımız var idi. Düşünürəm ki, biz o fikirləri dağıtdıq, darmadağın etdik. Sübut etdik ki, əslində bir mətbuatın hansı siyasi qüvvəyə rəğbət göstərməsinin məsələyə heç bir aidiyyatı yoxdur. Əsas məsələ odur ki, sən öz fikirini, ideyalarını çox peşəkar şəkildə oxucuya çatdıra biləsən. Bizim oxucu ilə aramızda çox güclü bir bağ yarandı və biz onları inandıra bildik. Hesab edirəm ki, Azərbaycan reallığında, çap mediası içərisində “Gündəlik teleqraf”qəzetinin öz yeri var. Özünə kifayət qədər oxucu auditoriyası qazanıb. Qəzetimizin onlayn versiyasının – “teleqraf.com”un da öz auditoriyası var. “Google Analitks”in sayğacına əsasən deyirəm ki, “Teleqraf.com”un İP-si 20-25 min arasında dəyişir. Düşünürəm ki, bu, qəzet saytı üçün ürəkaçan göstəricidir. “Publiaka.az”a gəlincə isə sayğaclarımız açıqdır, oxucular özləri də izləyirlər. Ötən ay İP-miz 83-85 min arasında dəyişib.

- Bəs onda qəzetinizin tirajı nə qədərdir?

- Qəzetimizin tirajı 3000-4000 arasında dəyişir. Təbii, yüksək göstərici deyil. Bu da onunla bağlıdır ki, Azərbaycanda qəzet oxumaq vərdişi qaneedici vəziyyətdə deyil. Bizə çox yaxın ölkə olan Türkiyəni misal göstərmək istəyirəm ki, hər bir insan öz səhərini qəzetləri oxumaqla və qəhvə içməklə açır. Qəzet onların həyatının, məişətinin ayrılmaz bir parçasıdır. Mütləq gündəlik qəzetləri vərəqləyirlər ki, ölkə gündəmindən xəbər tutsunlar. Çox təəssüf ki, Azərbaycanda belə deyil, hər şeyə pul xərcləyirlər, amma öz ciblərindən 30-40 qəpik verib köşkdən qəzet almaq istəmirlər. Bu baxımdan təbii ki, bizim tiraımız da arzu etdiyimiz və layiq olduğu qədər deyil. Amma 1 yaşı olan qəzet üçün hər halda 3000-4000 tiraj toplamaq da çox yaxşı haldır. Eyni zamanda nəzərə almaq lazımdır ki, bayaq dediyim kimi, həmin qəzetin onlayn versiyası olan “Teleqraf.com”un İP-si 20-25 min arasıda dəyişir...

- Azərbaycandakı mövcud qəzet bazarında “Gündəlik teleqraf” hansı mövqedədir?

- Bizim başqa qəzetlərdən, xüsusən də müxalifət qəzetlərindən bir fərqimiz var ki, biz siyasi sensasiyaya qaçmırıq. Təbii ki, biz müxalifət qəzetlərinin yazdığı mövzulara toxunmuruq, məsələn, nazirlər, icra başçıları ilə bağlı sensasion və əksər hallarda həqiqətə uyğun olmayan informasiyalar vermirik və düşünürük ki, bu cür yalan informasiyalarla uzun müddət oxucu əldə etmək mümkün deyil. Əgər mümkün olsaydı, bu gün ölkənin ən radikal qəzeti olan “Azadlıq”ın 50-100 min tirajı olardı. Və yaxud “Yeni Müsavat” qəzeti “filan nazir filan naziri güllələdi, filan icra başçısı filan komitə sədrinə kəllə atdı” tipli xəbərlərlə ölkə əhalisinin ən azi 1 faizinin stolüstü qəzeti olmalıydı. Amma görürük ki, “Azadlıq”ın tirajı 5-6 mindən yuxarı qalxmır, “Yeni Müsavat” da bir az ondan qabaqdadır. Reallıq budur ki, sadəcə, oxucu ilə səmimi olmaq lazımdır. Biz heç vaxt iddia etməmişik ki, hakimiyyətə müxalifətdəyik. Əksinə, biz hakimiyyətə rəğbət göstərən, onun bu ölkə üçün gördüyü müsbət işləri çox yüksək qiymətləndirən, ölkədə gedən quruculuq işlərini təbliğ edən və bunu müsbət tendensiya kimi təqdir edən mətbuat orqanıyıq və bunu da heç vaxt gizlətmirik. Amma eyni zamanda ölkədə bir sıra problemlər var ki, onların ən ağıllı tənqidi məhz “Gündəlik teleqraf” qəzetində gedir. Biz heç vaxt bəzi media qurumları kimi heç nəyi şişirtmirik. Yəni qatığın ağ olmasını sübut etmək üçün özümüzdən fantastika uydurmuruq. Hər şeyi real olaraq göstərməyə çalışırıq və oxucu da reallığın nədən ibarət olduğunu görür. Təbii, buna nə dərəcədə nail oluruq-olmuruq, özümüzün deməyimiz doğru olmaz. Amma hər halda, şübhəmiz yoxdur ki, biz daha düzgün yol seçmişik, doğru bildiyimiz yoldayıq. Əks halda, qəzetimiz oxunmazdı.

- Belə söyləntilər var ki, “Publik.az”ın məşhurlaşmasında digər saytlarla olan konfliktlərin də müəyyən qədər rolu var...

- Açığı, mən hansısa saytla konfliktə getdiyimizi düşünmürəm. Kimlərsə bizim uğurumuzu qısqanclıqla qarşılayırsa, bu, onların öz problemidir. Biz bu cür məsələlərin üzərindən gülərək keçirik. Yəni düşünmürük ki, kimsə bizə çox ciddi rəqibdir. Mən tam səmimi bildirmək istəyirəm ki, Azərbaycanda nə onlayn, nə də çap mediasında özümüzə güclü rəqib görmürəm. Eyni zamanda bəzi həmkarlarımızı da dəvət edirəm ki, gəlin, sağlam şəkildə rəqabət aparaq. Yəni sağlam rəqabət uğurların əsasını qoyan çox vacib məsələdir. Sağlam rəqabət olmayanda istər-istəməz uğursuzluğa düçar olursan, çünki başqa cür mümkün deyil. Mən bəzən rast gəlirəm ki, Publika.Az-ın verdiyi informasiyaları azacıq dəyişərək özlərinin eksklüziv xəbərləri kimi təqdim edirlər. Və ya bizim daha tez oxucuya çatdırdığımız xəbərləri bir gün sonra daha köhnə tarixlə öz saytında yerləşdirən media orqanları var. Bütün bunlar təbii ki, təəssüf doğurur, amma biz bunu özümüz üçün problemə çevirmirik...

- Deyəsən, yeni ofisə köçürsünüz?

- Əslində bu, bizim çoxdankı arzumuzdur. Çünki bizim kollektivimiz günü-gündən böyüyür. Həm də bizim bir sıra yeni planlarımız, ideyalarımız var. Biz bu barədə bir neçə dəfə öz saytlarımızda da məlumat vermişik ki, onlayn televiziya - “Publika TV” yaratmaq arzusundayıq. Təbii ki, bu yeni layihələri gerçəkləşdirmək üçün bizə daha geniş ofis lazımdır. İndiki ofisimizdə məkanın darlığı baxımından iş şəraitimiz o qədər də ürəyimizcə deyil. Çünki bizim hazırkı kollektivimiz işə başlayarkən hesabladığımızdan daha da çoxalıb. Bizim işlərimiz daha geniş spektrı əhatə etdiyinə görə bu günkü ofisimiz o işləri reallaşdırmağa müəyyən maneələr yaradır. O baxımdan da təbii ki, arzu edirik ki, daha geniş və daha yaxşı şəraiti olan ofisə köçək.

- “Publika.TV” nə vaxtdan fəaliyyətə başlayacaq?

- Texniki problemlərimizi həll edən kimi Publika.TV də fəaliyyəti başlayacaq...

- Qarşıda başqa hansı hədəfləriniz var?

- Bilirsiniz ki, “Publika.az” xəbər portalıdır. Yəni bizim saytımız təkcə “Publika.az”dan ibarət deyil. “Publika.az”ın tərkibində hər biri ayrıca sayt kimi fəaliyyət göstərən saytlar var. Məsələn, “Tabloid.az”, “Ekonomiks”, “Qadın”, “Publika.art” var ki, bunların hər biri ayrıca sayt da sayıla bilər. Amma biz bunun hamısının “Publika.az”ın tərkibində fəaliyyət göstərməsinə üstünlük veririk. Ümumiyyətlə, Azərbaycanda xəbər portalı kimi “Publika.az”ın təkrarı, oxşarı yoxdur. Azərbaycanda xəbər portalı kimi fəaliyyət göstərən yeganə sayt “Publika.az”dır. Bu yaxınlarda isə biz yeni bir art saytın fəaliyyətə başlamasına çalışacağıq. Bu da “Axar.az” saytıdır ki, sadəcə art saytı olaraq fəaliyyət göstərəcək. Mədəniyyət, incəsənət, qlamur, ədəbiyyat, heykəltaraşlıq, memarlıq - yəni sənətin bütün sahələrini özündə ehtiva edən bir sayt. Hal-hazırda bunun üçün kollektivimizə yeni işçilər, yeni simalar dəvət edirik. İnşaallah, düşünürəm ki, yaxın aylarda “Axar.az” oxucuların görüşünə gələcək.

Gülnar Ədalətqızı