Rəmiş sənətkar deyil!

remis-senetkar-deyil
Oxunma sayı: 658

Çayxanadakı qocalar el sənətkarına tərif yağdırmağa başladılar: “Rəmişdi ee, gitaranı ağladır”. “Öz dünyasındadır, gör nə çalır?!”. “Barmaqları qızıldandır”. “Allah vergisidir”. “Böyük sənətkardır...”. İnsaf naminə deyim ki, tənqidlər də vardı. Ancaq bu tənqidlər daha çox tərifə bənzəyirdi, nəinki tənqidə: “Deyirlər vurur”. “Deyirlər içir”. “Deyirlər çəkir”. Təxminən belə söhbətlər oldu. Uşaq idim. Musiqini hiss edirdim. Rəmişə qulaq asdım. Düşündüm: “Budur sənətkar?!”

Aradan xeyli vaxt keçdi. Musiqi məktəbinə getdim. Pianoda ifa etməyi öyrəndim. Əsl musiqi əsərinin, əsl sənətkarın necə olmasını özüm üçün aydınlaşdırdım. Əsas sual budur: “Rəmiş sənətkardırmı?”. Birmənalı deyirəm: “Yox”. Klassik musiqini anlayan və bəyənən birisi Rəmişə sənətkar desə, mən düşünərəm: “Yüz faiz səmimi deyil”. Kimdir Rəmişə sənətkar deyənlər? – hindsayaq Azərbaycan mahnılarını bəyənənlər, Bethovenin, Baxın, Üzeyir Hacıbəyovun əsərini “sümüyə düşməyən mahnı” sayanlar.

Nəyə görə hansısa erməni dığası “yeni ulduz” seçimlərində çıxış edən hansısa avaranın komik ifasını “Eurovision Azerbaijan” başlığı ilə youtube-yə qoyub bizi ələ salmalıdır? Nəyə görə? Rəmişi sənətkar sayanlar o erməni dığasının cavabını verə bilərlərmi? Adama deməzlərmi ki, Rəmişi Vaqif Mustafazadədən üstün tutan millətin danışmağa haqqı yoxdur?! Deyərlər. Ya Rəmişə sənətkar deyib dünyanı özümüzə güldürəcəyik, ya da nəhayət ki – mədəni olacağıq. Rəmişə qulaq asan qocalar Vaqif Mustafazadənin ifasına qulaq assalar belə deyərlər: “Yaxşı çalmır”. Gənclərdən isə heç danışmağa dəyməz. Onlar Üzeyirə qulaq asırlar – Üzeyir Mehdizadəyə.

Rəmişi bəyənənlərin övladları da var: “Üzeyir Mehdizadənin fanatları”, “meyxana deyənlər”, “çırtma çalanlar” və.s və i.a. Kimdir sənətkar? Kimə sənətkar demək olar? Köhnələrdən – estradada – Rəşid Behbudov, Müslüm Maqomayev, “Qaya” qrupu, Oqtay Ağayev, Akif İslamzadə, Şövkət Ələkbərova, Flora Kərimova. İnstrumentalistlərdən – tarda – Ramiz Quliyev, pianoda – Vaqif Mustafazadə. Müasirlərdən – estradada – Sevda Ələkbərzadə, Samirə, İlhamə Qasımova. İnstrumentalistlərdən – skripkada – Ceyhun. Qarmonda – Ənvər Sadıqov. Bunlar tam professional ifaçılardır. Amma bu ifaçıların Rəmişi sənətkar adlandıracağına əminəm. Bizdə böyüyə hörmət var.

Muğamı bəyənirəm. Ancaq xoruz kimi banlayıb muğam oxuyanlar sənətkar deyillər. Ritmə düşə bilməyən xalq artisləri var. Xaric oxuyan xalq artistləri var. Biyabırçılıqdır!

Avropanın hər bir ölkəsində küçə ifaçıları var. Akustik gitarada çalan kim, mahnı oxuyan kim, rəqs eləyən kim... Amma heç bir Avropa vətəndaşı belə küçə ifaçılarına sənətkar demir. Bizdə isə xalq artisti, əməkdar artist adı alanlar var – küçə ifaçıları arasında. Samuel Bekketi dirildib Azərbaycana gətirsən, bu absurddan baş açmaz. Gəlin mədəni olaq. Bayramınız mübarək!