“Bu, atom bombasından da təhlükəlidir” – Müsahibə

bu-atom-bombasindan-da-tehlukelidir-musahibe
Oxunma sayı: 712





“Bizdə başqa terror yoxdur, ancaq yol terroru var”


Ana Vətən Partiyasının (AVP) sədri Fəzail Ağamalının “Qafqazinfo”ya müsahibəsi:


- Fəzail bəy, bir müddət öncə bildirmişdiniz ki, Azərbaycanda “Facebook təhlükəsi” var və siz də bundan narahat idiniz. Narahatlığınız keçdi, yoxsa hələ də davam edir?
- Təbii ki, narahatlıq var. Artıq həmkarım Siyavuş Novruzov da bununla bağlı öz fikrini bildirib. Yenə də Kütləvi İnformasiya Vasitələrinin çoxu silahın bütün növlərindən ona atəş açmağa başlayıblar. Mən bir daha təkrar edirəm ki, bu atom bombasından da təhlükəli bir amildir. Bu problem bu gün dünyanın bir çox dövlətlərini, siyasətçilərini, öz ölkəsinin təhlükəsizliyini düşünən və onun məsuliyyətini daşıyan yüksək səviyyəli insanları düşündürən məsələdir. Sirr deyil ki, sosial şəbəkə Amerika Birləşmiş Ştatlarının Mərkəzi Kəşfiyyat İdarəsi tərəfindən yaradılıb. İnsanların psixologiyasına, şüuruna, mənəvi dünyasına çox ciddi şəkildə nüfuz edən şəbəkədir. Bu şəbəkə vasitəsilə dünyanın üstünü-altına, altını-üstünə çevirmək mümükündür. Necə ki, biz bunu Tunisdə də, Misirdə də gördük.

- Yəni siz deyirsiniz ki, Misirdə və digər yerlərdə baş verən proseslərin hamısı sosial şəbəkələrdə təşkilatlanmaq nəticəsində olub?
- Bəli, sosial şəbəkələrdən başladı. Sosial şəbəkələr vasitəsilə müəyyən insanlar təşkilatlanır. Təbii ki, o şəbəkəni formalaşdıran gözəgörünməz liderlər var. Onlara blogerlər deyirlər. Onlar da şəbəkədə özlərinin ətrafına cəlbedici mövzularla insanları toplaya bilirlər. Nəticədə həmin adamların geniş miqyasda dostları meydana gəlir. Onlar ən müxtəlif məsələlər ətrafında müzakirələr apardıqlarına görə bir-birilərinə doğmalaşırlar. Bakıda hər birimizin təəssüf etdiyi Əsgər ölümləri ilə bağlı ikinci aksiya sosial şəbəkələrdə təşkilatlanmanın nəticəsində baş verdi. Birinci aksiyanı başa düşdük. Hamımız da təəssüf etdik. Bu və ya digər şəkildə də təəssüfümüzü ifadə etdik.

- Məsələn, bir vətəndaş kimi o aksiyada iştirak etmək istəmədinizmi heç?
- İştirak etməsəm də hər halda mən birinci aksiyanın tərəfdarlarından oldum. Ancaq ikincisində mən düşündüm ki, bu artıq başqa müstəviyə keçir. Bu gün əsgər ölümünə, sabahsa buna bənzər başqa hadisəyə görə, insanları küçəyə tökmək doğru deyil. Sosial şəbəkə insanları meydana çıxarır, amma orada idarə edə bilmir. Meydana çıxan insanların içərisində anarxistlər, düşüncəli siyasətçilər, yüksək intellektual sahibi olan insanlar və eyni zamanda aqressivləri də var. Sosial şəbəkənin meydana atdığı insanlar müxtəlif adamlar olduğuna görə bu idarə olunmaz bir vəziyyətə gətirər və böyük təhlükələr törədə bilər deyərəkdən, mən düşünürəm ki, bu təhlükə var. Mən sosial şəbəkələrin bütövlükdə bağlanmasının tərəfdarı deyiləm, buna bəlkə də heç ehtiyac da yoxdur. Lakin hər həlda elə etmək lazımdır ki, sosial şəbəkənin geniş imkanlarından avantürist, Azərbaycana düşmən kəsilən qüvvələr istifadə edə bilməsin.

- Bəlkə sadə vətəndaşların sözlərini deyə biləcəyi tək məkan sosial şəbəkələrdir? Eyni zamanda “Əsgər ölümlərinə son” şüarı altında keçirilən aksiya hər hansı bir partiyanın keçirdiyi aksiya deyildi. Bəlkə o cür aksiyalar zamanı hüquq-mühafizə orqanları insanlara təzyiq etməsin və vətəndaşlar da tələblərini sakit bir formada səsləndirsinlər.
- Əslində, birinci aksiya elə olmuşdur.

- Bəli, amma ikinci heç də elə qarşılanmadı. Hətta əsgər valideynləri belə döyüldü.

- İkinci dəfə o cür aksiya keçirtməyə nə ehtiyac vardı?

- Çünki əsgər ölümləri səngimədi və insanlar yenidən meydanlara çıxdılar.
- Hər halda Azərbaycanın 100000-dən çox əsgəri var. Ölüm halları soyuqdəymə, fiziki durumun pisləşməsi, ürək çatışmazlığı nəticəsində də baş verə bilər.

- Hər halda hərbi xidmətə getməzdən öncə onlar həkim müayinəsindən keçirlər.
- Bəli, amma fəlakət nəticəsində də ola bilər. Təbii ki, bunların heç birinə mən haqq qazandırmıram və təəssüflənirəm. Lakin ordu böyük bir orqanizmdir və orada bu cür ölüm halları baş verə bilər. Bu ölüm hadisələrinin qarşısını almaq üçün biz hamımız çalışmalıyıq və Müdafiə Nazirliyi də bu cür hallara son qoyulması üçün səfərbər olmalıdır. Birinci aksiyada da hər birimiz söylədik ki, Müdafiə Nazirliyi səfərbərlik elan etməli və bu cür hallara son qoymalıdır. Necə ki, müəyyən addımlar da atıldı. Artıq ikinci dəfə yenidən həmin məsələ ilə bağlı aksiya keçirilərkən, onun başqa mahiyyət daşıdığı düşünüldü. Müdafiə Nazirliyi də bildirdi ki, bu mənə qarşı təşkil olunan aksiyadır.

- Mən bayaq da qeyd etdim ki, əsgər ölümləri yenidən təkrarlandı və insanlar məhz bu səbəbdən ikinci dəfə aksiya təşkil etdilər.
- Bir faktı deyim ki, mən mitinqlər təşkil edən və onun fəal iştirakçılarından biri olmuşam. Bir məsələdə rezonansa nail olduqdan sonra artıq kifayət etməlidir və növbəti dəfə o yenidən təkrarlanılmazsa effektli olar. Əsgər ölümlərinin üzərinə bir neçə dəfə gedəndə o qədər xırdalanır ki, adiləşir.

- Elə bir neçə gün öncə Müdafiə Nazirliyi informasiya yaydı ki, Elman adlı bir əsgər postda olarkən tabeliyində olan avtomat silahdan açılan atəş nəticəsində həlak olub. Növbəti bir əsgər ölümü. Bu cür ölüm halları baş verməzsə insanlar da belə aksiyalar təşkil etməz.
- Mən “Əsgər ölümlərinə son” şüarı altında keçirilən aksiyalır səmimiyyətinə inansaydım sizinlə şərik olardım. Mən orada digər detalları da görəm. Onları gördüyüm üçün əlbəttə, mən narahatam. Əsgər ölümləri ilə bağlı keçirilən aksiyalarda insanların narahatlıqlarını da başa düşürəm və bölüşürəm. Heç bir valideyn istəməz ki, övladı heç nədən dünyasını dəyişsin. Lakin bunun ətrafında böyük siyasi şou yaratmaq və bundan istifadə edərək yavaş-yavaş başqa mərhələlərə keçmək təhlükəsi var və mən düşününrəm ki, biz bu təhlükəyə getməməliyik.

- NİDA Vətəndaş Hərəkatının artıq 7 üzvü həbs olunub. Gənclərə bu cür təzyiqlərin olmağı doğrudurmu?
- Məsələ ondadır ki, ortalıqda bir fakt var.

- Amma əvvəl 3 nəfər həbs olunmuşdu...
- Yəqin görürlər ki, tək 3-ü ilə bağlı deyil və bu daha böyük şəbəkəni əhatə edir. Hətta, mən mətbuatdan da oxudum ki, MDİ-nun rəsmi nümayəndəsinə də Azərbaycana gəlmək üçün viza vermirlər. Onunla bağlı Azərbaycan rəsmilərinin açıqlamalarını da eşitdim. Tamamilə normal yanaşmadır. Düşünürəm ki, biz NİDA ilə bağlı məsələlərə siyasi şərh verməkdən uzaq olmalıyıq. İstintaqın nəticələrini gözləməliyik.

- Siz söylədiniz ki, faktlar var idi. Narkotik maddə və molotov kokteyli fakt idi. Bəs tapılan pullar? Bu günə qədər evində pul olduğu üçün kim həbs edilib?
- Axı onların özləri də etiraf etdilər ki, bunlar nə üçün idi.

- Hərəkatdan bildirdilər ki, təzyiqlər olub və ona görə tutulan şəxslər bu cür ifadə veriblər.
- Xeyr, bu o qədər də inandırıcı deyil. Əgər onların özləri etiraf edirlər ki, bu pul haradan gəlib və nə məqsədə xidmət edir burada əlavə şərhə ehtiyac yoxdur. Düşünürəm ki, təzyiq ediblər deməkləri ictimai rəyi çaşdırmaq və istintaqa təzyiq göstərmək üçün atılan addımdır.

- Siz müsahibələrinizdən birində söyləmişdiniz ki, demokratik cəmiyyətlərin digər quruluşlardan fərqi ondadır ki, həmin cəmiyyət qanunlarla idarə olunur. Ona görə aksiya iştirakçıları onun razılaşdırılmasına çalışmalıdırlar. Aksiya təşkil edən insanlar müraciət edirlər və icazə verilmir...
- Bakıda bir neçə yerdə insanların toplaşması üçün şərait yaradılmalıdır. Səbail rayonunda olduğu kimi, bu Xətaidə də, Yasamalda da və başqa bir neçə rayonda olmalıdır. Açıq və qapalı yerlər müəyyənləşməlidir. Əgər 20-ci dairəyə getmək istəmirlərsə, təklif olmalıdır ki, onda buyurun aksiyanı digərində keçirin. Əgər təklif olunan bütün yerlərdən imtina edilirsə, buna ciddi ictimai qınağ olmalıdır. Belə məkan olmadığı üçün bəzi qüvvələr bundan istifadə edirlər, xüsusi olaraq sosial dayaqları zəif olan, kifayət qədər insanı öz ətrafında toplaya bilməyənlər çalışırlar ki, insanların intensiv hərəkət etdiyi yerlərdə aksiyaları keçirsinlər ki, diqqəti özlərinə cəlb edə bilsinlər. Burada hər iki tərəfi eyni şəkildə günahlandırmaq lazımdır. Bakı Şəhər İcra Hakimiyyətinin günahı ondadır ki, aksiya keçirmək üçün bir neçə yer ayırmır. Radikal xarakterli siyasi qüvvələr məhz insanların istirahət etdiyi parkların, metroların önündə mitinqlər keçirməyə israrlıdırlarsa eyni zamanda mən həm də onlara haqq qazandırmıram.

- Milli Məclisin ötən iclasında daha çox müzakirə olunan məsələ avtomobillərə vurulan plyonkalar oldu. Bu il seçki ilidir, gərgin proseslər getməlidir. Milli Məclisdə daha da aktual olan məsələlər baradə danışmaq yaxşı olmazdımı?
- Hər məclisdə demək olar ki, 30-35 dəqiqə cəmiyyəti düşündürən məsələlər, millət vəkillərinə edilən müraciətlər, seçicilərin qaldırmış olduğu məsələlər ətrafında ciddi xarakter daşıyan debatlar gedir. Lakin bəzən bu müzakirələr təxirə salınır. Həmin gün yol hərəkəti haqqında qanunun sərtləşməsi ilə bağlı qanuna edilən dəyişikliklərin müzakirəsi idi. Əslində, həmin gün qanun layihələrinin müzakirəsində son dərəcə ciddi məsələlər dayanırdı. 1-2 əsgərin ölümü ilə bağlı görürsünüz ki, biz nə qədər narahatlıq keçiririk. Ancaq hər gün yollarda nəqliyyat vasitələri ilə nə qədər insanın həyatına son qoyulur. Bu çox böyük problemdir. Türkiyədə xüsusi “trafik polisləri” yaradılır və onlara xüsusi səlahiyyətlər verilir. Türkiyədə hətta bu PKK terroru ilə eyniləşdirilir. Bizdə başqa terror yoxdur, ancaq yol terroru var.

- Bəs seçki vaxtı terror baş verə bilərmi ?
- Azərbaycan vətəndaşlarının təhlükəsizliyini qorumağa hazır olan dövlətdir. Terror heç zaman, heç bir dövlət tərəfindən sığortalanmayıb.

- Son günlər Beynəlxalq Araşdırmaçı Jurnalistlərin araşdırması nəticəsində ofşor şirkətlər üzə çıxdı. Həmin araşdırma belə demək mümkündürsə dünya bir-birinə vurub. Burada Azərbaycanın da adı hallanır. Milli Məclisin sonuncu iclasında bax elə o araşdırmanı müzakirə etmək olmazdımı?
- Doğrusu, bu mənim maraq dairəmdə olmadığı üçün onu öyrənmək arzusunda olmamışam. Bildiyim qədər bu əsasən Yunan Kiprində həyata keçirilir və onun nəticəsidir ki, bu gün Yunan Kiprləri iqtisadi böhran içərisində çabalayır. Onların gündə 300 evrodan artıq nağd pul çıxarmaq və xərcləmək imkanı yoxdur.

Həmin o şirkətlərin içərisində azərbaycanlıların da adı hallanmış ola bilər. Düşünürəm ki, ofşor qanunlar çərçivəsinə sığan fəaliyyət növü deyil. Orada daha çox çirkli pulların yuyulması, vergilərdən yayınaraq daha çox vəsait qazanmaq olur. Bu da biznesin ayrılmaz hissədir. Hər kəs çalışır ki, daha çox pul qazansın.

- Yəni bu qədər pul nəyə lazımdır axı?
- Mən heç onun tərəfdarı da deyiləm. Pul fetişizmi var. Kapitalizmin qaçılmaz həyat tərzlərindən biridir- pula hədsiz dərəcədə aludəçilik. Bu heç də yaxşı xəstəlik deyil. Pul lazımdır, amma o həddə qədər ki, insanların ehtiyaclarını ödəsin. Pul çox olarsa insanları fəlakətə aparar.

- Bəs seçkiyə necə Ana Vətən Partiyası namizədləmi gedəcək, yoxsa başqa namizədi dəstəkləyəcək?
- Biz namizədlə gedəcəyik.Görək o namizdi hansı şəkildə formalaşdıracağıq.

- Nə vaxt dəqiqləşər bu?
- Yəqin ki, iyun-iyul aylarında. Ana Vətən Partiyası əvvəlki siyasi kursuna sadiq qalaraq prezident seçkilərində iştirak etmək niyyətindədir. Biz əvvəlki prezident seçkilərində Azərbaycan xalqının dəstəklədiyi namizədin prezident seçilməsi uğrunda mübarizə aparmışıq. Ümidvaram ki, bu xətt bu dəfə də partiya tərəfindən qorunub saxlanılacaq. Bir qayda olaraq prezident, parlament seçkiləri zamanı partiyanın fəaliyyətini, onun namizədlərini, taktiki xəttini müəyyənləşdirən qurultay olur. Ona görə də, əvvəlcədən hər hansı fikir söyləmədən onu demək istərdim ki, Ana Vətən Partiyası öz ənənələrinə sadiq qalacaq.

- Hamı deyir ki, bu ilki seçki digərlərindən seçiləcək və daha da gərgin olacaq. Siz necə düşünürsünüz?
- Seçkilər hər zaman gərgin olub. Ancaq xüsusi gərginlik görmürəm. Çünki Azərbaycanda o gərginliyi törədə biləcək amillər yoxdur. Bu gün tərəflər və iddiaçılar var. İddiçılar arasında qüvvələr nisbəti var. Qüvvələr nisbəti bir mənalı olaraq indiki prezidentin xeyirinədir. Ən müxtəlif hərəkatlar yaransa da, yeni qüvvələr meydana çıxsa da, müxtəlif birliklər meydana gəlsə də, ayrı-ayrı partiyalar müstəqil şəkildə öz namizədi ilə iştirak etsələr də belə ciddi araşdırmalar nəticəsində gəldiyim qənaət bundan ibarətdir ki, bütün bunlar qarşıdan gələn prezident seçkilərində İlham Əliyev üçün ciddi problem yaratmayacaq. Stəkanda fırtına yaratmağa çalışanlar, Azərbaycanda çox ciddi maraqları olan dövlətlərin təsiri altında olan təşkilatlar, qüvvələr, şəxslər çalışar ki, seçkilərdə problem yaratsın, seçkilərin gedişini pozsun, gedişata mane olsun. Belə hallar ola bilər. Lakin Azərbaycan güclü dövlətdir, qanunlarla idarə olunan ölkədir. Ona görə düşünürəm ki, buna cəhdlər edilsə də heç bir nəticə verməyəcək. Qarşıdan gələn prezident seçkiləri çox ciddi xarakter daşımayan müəyyən siyasi qabarmalarla, ədalətli şəkildə keçiriləcək və biz də buna çalışmalıyıq.

- Necə düşünürsünüz İlham Əliyev yenidən namizəd olacaqmı?
- Bu onun müstəsna hüququdur. Hər halda mən bir Azərbaycan vətəndaşı kimi arzulayardım ki, o bir daha qarşıdan gələn prezident seçkilərində öz namizədliyini irəli sürsün. Buna Azərbaycanın konstitusiyası imkan verir. Azərbyacan dövlətinin inkişafı üçün İlham Əliyevin bir daha namizədliyini irəli sürməsi vacibdir.

- Müsahibələrinizin birində bildirmişdiniz ki, müxalifətin seçkidə vahid namizədlə iştirak edəcəyinə inanmırsınız. Hələ də o fikirdəsiniz?
- Bəli, hələ də o fikirdəyəm. Mümkün deyil.

- Niyə belə düşünürsünüz?
- Çünki hadisələrin gedişi onu göstərir. Əvvəla bu gün müxalifət çoxqütblüdür. Müxalifətin təsnifatını apararkən müxalifəti təkcə radikal qanadla tanımaq lazım deyil. Müxalifətin radikal qanadı da var, konstruktiv qolu da. Bunlar arasında orta mövqe tutanlar da var. Ona görə də müxalifət deyəndə bizim gözümüzün önünə 2 partiya- Müsavat və AXCP gəlməməlidir. Ona görə də bütövlükdə bunların vahid namizədi ola bilməz. İctimai Palatada birləşən həmin iki partiyanın vahid namizədinin olmasını nəzərdə tutursunuzsa bu da mümkün deyil. Çünki artıq Müsavat Partiyası vahid namizədə maraq göstərmir, öz namizədi var. AXCP isə hələ tərəddüd içərisindədir. Onun sədrinin seçkilərdə iştirak edib-etməməsi çox mübahisəlidir. İştirak etsə deməli artıq vahid namizəd məsələsi onlar tərəfindən tamamliə kənara qoyulur. İştirak etməsələr də partiya olaraq onlar sadəcə heç kimi müdafiə etməsinlər. Desinlər biz seçkidə iştirak etmirik ya da əvvəlki kimi boykot etsinlər. Müxalifətin digər qanadları isə mənə elə gəlir ki, iştirak etmək niyyətindədirlər və edəcəklər. İndi El Hərəkatı meydana gəlib. Eldar Namazov öz namizədliyini irəli sürmək istəyir. Bu da onun hüququdur, iştirak edə bilər. Düşünürəm ki, qarşıdan gələn prezident seçkilərində El Hərəkatı və Eldar Namazov vasitəsilə də hər hansı bir sürpriz gözlənilmir.

- El Hərəkatını artıq ikinci ofisdir ki, çıxarırlar. Yəqin ki, bundan da xəbəriniz var.
- Bəlkə də çıxarırlar, bəlkə də özləri çıxırlar ki, səs-küy yaransın. Güya ki, bunlara qarşı hakimiyyətin çox böyük təpkiləri var. Bununla da özlərinə diqqət cəlb etmək istəyirlər. Demək istəyirlər ki, daha çox biz əzilirik. Məsələn, Müsavat Partiyasının ofisi var, bizim yoxdur. Bizə heç yerdə şərait yaratmırlr ki, fəaliyyət göstərək. Bu da onlar üçün bir taktikadır. Düşünürəm ki, nə bu, nə qurultayın keçirlməsi ilə bağlı yer məsələsi ciddi məsələ deyil. Bunlar o qədər xırda məsələlərdir ki, həqiqətən də siyasi partiyaların bu cür məsələr ətrafında müzakirələr aparması məndə təəssüf doğurur. Ona görə də yeni meydana gələn və indi daha çox radikallığı ilə fərqlənən Eldar Namazovun da qarşıdan gələn seçkilərdə hər hansı ciddi uğur qazanacağını gözləmirəm. Çünki bu gün ölkə əhalisinin 70-75 faizi ölkə prezidentinin siyasi kursunu müdafə edir. Onun 20-25 faizi ölkə prezidentinin siyasətini qəbul etmir, bu və ya digər partiyanın ətrafında toplaşıb, və ya heç seçkilərə qatılmır. Ona görə də mən düşünürəm ki, sürprizlər olmadan qarşıdan gələn prezident seçkiləri çox sakit və uğurla başa çatacaq.

- Bir neçə gün öncə saytımızda müxalifət partiyaları arasında belə bir sorğu keçirdik ki, vahid namizədi müəyyənləşdirmək üçün bəlkə öz aranızda seçki keçirərsiniz? Cavablar belə oldu ki, bir qurultayın keçirilməsinə icazə vermədikləri halda, bu seçkini keçirməyə də təbii ki,icazə verməzlər. Sizcə arqumentlərində haqlıdılarmı?
- Bəhanənin bəsitliyinə fikir verin. Bunu virtual qaydada da keçirmək olar, məgər bu çətindirmi? İstənilən bir saytda bunu hazırlamaq olar. Namizədlərin adlarını yazıb saytlara yerləşdirsinlər. İnsanlar da internet vasitəsilə səslərini versinlər. Bunun üçün yer lazımdır? Virtual münasibətlərin geniş miqyas daşıdığı zaman kəsiyində bu cür sorğuların, seçkilərin keçirilməsi üçün insanların xüsusi oluaraq görüşlər keçirməsinə ehtiyac yoxdur. Bu sorğunu “Azadlıq”ın, “Yeni Müsavat”ın və digər qəzet və portalların saytına yerləşdirsinlər, sonra da nəticəni ümumiləşdirsinlər. Görsünlər ki, müxalifətin söykəndiyi sosial dayaq kimə daha çox səs verir. Bu təklifdən yararlansınlar.

Gülnar Ədalətqızı