Könül Cəfərli ilə “Peşəkar həkim” layihəsinin növbəti qonağı Mərkəzi Gömrük Hospitalının uşaq cərrahiyyəsi və urologiyası uzmanı Dr. Vüsal Cəfərovdur. Müsahibimiz vezikoureteral reflüks (sidik axarı reflüksü) haqqında suallarımızı cavablandırıb.
“Qafqazinfo” yazını təqdim edir:
Arayış
Peşəkar uşaq cərrahı və uroloqu Vüsal Cəfərov 2009-cu ildə Azərbaycan Tibb Universitetini bitirib. 2011-2016-cı illərdə İstanbul Universitetinin Cərrahpaşa tibb fakültəsində uşaq cərrahiyyəsi və urologiyası ixtisası üzrə uzmanlıq təhsili alıb. O, Türkiyə Uşaq Cərrahiyyəsi Dərnəyinin üzvüdür. Qətər, Çexiya, Şimali Kipr Türk Respublikası da daxil olmaqla dünyanın bir çox ölkəsində keçirilmiş beynəlxalq konfrans və təlimlərdə iştirak edib.
Uzm. Dr. Vüsal Cəfərov uşaqlarda rast gəlinən böyrəklərin anadangəlmə inkişaf qüsurları, sidik axarındakı anadangəlmə darlıqlar, sidik kisəsi xəstəlikləri, xroniki qəbizlik, anal fistula və apseslər, sidik və nəcis qaçırmaları, təkrarlanan sidik yolları infeksiyaları, vezikoureteral reflüks da daxil olmaqla uşaq cərrahiyyəsi və urologiyasına aid bütün xəstəlikləri beynəlxalq protokollar əsasında müalicə edir. Qeyd edək ki, həkim V. Cəfərov ölkəmizdə uşaqlarda vezikoureteral reflüksü laparoskopik üsulla əməliyyat edən yeganə cərrahdır.
Həmçinin həkim Dr. Vüsal Cəfərova yad cismin udulması, apendisit, bağırsaq keçməzliyi, mədə və bağırsaq qanamaları kimi problemlərlə bağlı da müraciət etmək olar.
Uzm. Dr. Vüsal Cəfərov hazırda Mərkəzi Gömrük Hospitalında çalışır.
***
Vezikoureteral reflüks (sidik axarı reflüksü) təhlükəli uroloji xəstəliklərdən biridir. Müalicə olunmadığı halda böyrək çatışmazlığı kimi ciddi ağırlaşmalara səbəb ola bilər. Dünyada bu xəstəlik səbəbindən böyrək nəqli gözləyən bir çox uşaq var.
Yaranma səbəbi anadangəlmə uroloji problemlərə bağlı olan vezikoureteral reflüks haqqında suallarımıza Mərkəzi Gömrük Hospitalının uşaq cərrahiyyəsi və urologiyası üzrə uzman həkimi Vüsal Cəfərov aydınlıq gətirdi. O bildirdi ki, sidik yolu infeksiyası keçirən uşaqlarda bu xəstəliyin olma ehtimalı 50%-ə qədərdir:
"Sağlam halda sidik kisəsinə toplanmış sidik kanal vasitəsilə xaric olmalıdır. Lakin uşaqda vezikoureteral reflüks varsa, sidiyin bir hissəsi sidik kisəsində olan bakteriyalarla birgə yenidən böyrəyə doğru geri qayıdır. Bu halda böyrəklər infeksiyalaşır və zərər görür. Odur ki, xəstəlik zamanında aşkar edilərək müalicə olunmazsa, böyrək tədricən funksiyasını itirir. Nəticədə isə böyrək çatışmazlığı, orqan nəqli qaçılmaz olur".
Uzm. Dr. Vüsal Cəfərov xəstəliyin əlamətləri haqqında da məlumat verdi. Həkimin sözlərinə görə, böyrək reflüksü sidikdə pis qoxu, sidiyə çıxarkən yanma, göynəmə, ağrı kimi şikayətlərlə özünü büruzə verir:
“Əgər uşaqda bu kimi əlamətlər varsa, mütləq həkimə müraciət etmək lazımdır. Apardığımız analiz və müayinələr nəticəsində uşaqda vezikoureteral reflüks aşkar olunarsa, müalicəyə başlamaq tövsiyə olunur. Xəstəliyin üç əsas müalicə üsulu var: sidik axarına gel yeritmək, açıq və laparoskopik əməliyyat. Bir yaşına qədər uşaqlarda cərrahi müdaxilələr etmirik. Çünki bu vaxta qədər xəstəliyin dərəcəsi xeyli azala, hətta öz-özünə tamamilə keçib gedə bilər. Reflüksün 5 dərəcəsi var. I, II və III dərəcələrin bir yaşa qədər öz-özünə keçmə ehtimalı yüksəkdir".
V.Cəfərov ölkəmizdə uşaqlarda yalnız onun icra etdiyi laparoskopik əməliyyat haqqında da suallarımızı cavablandırdı. O qeyd etdi ki, bu üsulla edilən əməliyyatların effektivliyi 95 faizdən çoxdur:
"Bu xəstəliyi açıq əməliyyatla da müalicə etmək olar. Effektivlik hər iki üsulda eynidir. Lakin qapalı laparoskopik əməliyyatın bir sıra üstünlükləri var. Məsələn, yara yerinə drenaj kateteri qoymuruq, əməliyyatdan iki gün sonra xəstə evə buraxılır, yara yeri millimetrik dəlik ölçüsündə olur. Bu səbəbdən də uşaqda yaraya bağlı ağrılar minimuma enir. Bir gün sonra sidik kateterini çıxaranda qanamalar yaranmır. Açıq əməliyyatlarda isə adətən qanamalar müşahidə olunur".
Qeyd: Maraqlananlar Uzm. Dr. Vüsal Cəfərovla (055) 560-40-03 mobil nömrəsi vasitəsilə əlaqə saxlaya bilərlər. Həmçinin https://www.facebook.com/UshaqCerrahi feysbuk və “usaq_cerrahi_vusal_cafarov” instaqram hesabları ilə də həkimə elektron müraciət etmək olar.