“Bu işlərə indi mən rəhbərlik edirəm” - Eldar Namazov

bu-islere-indi-men-rehberlik-edirem-eldar-namazov-
Oxunma sayı: 747


“El” Hərəkatının yaradıcılarından olan, Azərbaycan Ziyalılar Forumunun üzvü Eldar Namazovun “Qafqazinfo”ya müsahibəsi

- Ölkədə seçkiqabağı situasiyanı necə qiymətləndirirsiniz?
- Məşhur bir kəlam var. Deyirlər ki, vəziyyət sabit-ağır olaraq qalır. Mən hesab edirəm ki, ölkədə vəziyyət həqiqətən təhlükəli və ağırdır. Ondan başlayaq ki, Azərbaycan müstəqillik əldə edəndən sonra bizim qarşımızda bir neçə vacib problemlər dayanmışdı. Təbii ki, o dövrü xatırlayanda 90-ci illərin əvvəllərində ölkədə sabitlik də yaratmaq lazım idi. Dövlət idarəçilik sistemi qurulmalı idi. Azərbaycan dünya xəritəsində yerini tutmaq üçün Avropa, ABŞ-la münasibət qurulmalı idi. Ölkədə çox vacib olan demokratik islahatlar aparılmalı idi. Azad rəqabət mühiti, azad media, azad məhkəmə sistemi və.s yaranmalı idi. İndi o dövrə nəzər salanda deyə bilərik ki, məqsədlərin bir çoxuna çata bilmədik. Müstəqilliyin ilkin dövründə Ayaz Mütəllibovun hakimiyyəti zamanı bir tərəfdən ermənilər, bir tərəfdən də Xalq Cəbhəsi ilə hakim postsovet nomenklaturası arasında çox şiddətli mübarizə var idi. Xalq Cəbhəsi hakimiyyəti dövründə yenə də o hal təkrarlandı. Erməni təcavüzü davam edirdi, ölkənin daxilində xalq cəbhəsinə qarşı ciddi müxalifət formalaşmışdı. Heydər Əliyev dövründə bu məsələlərin bəziləri öz həllini tapdı. Ancaq o dövrdə də ən vacib problem ölkənin daxilində demokratik islahatlar aparmaq idi. Dünya təcrübəsi sübut edir ki, hansı xalq haqq ədalət axtarırsa, o öz içində bir demokratik sistem qurmalıdır. Bütün avtoritar sistemlərdə korrupsiya baş alıb gedir, insan haqları pozulur. Gec-tez həmin sistemlər də sosial siyasi partlayışlar nəticəsində səhnədən gedirlər.

- Eldar bəy, bəs bu gün vəziyyət necə görünür?
- Mən ona görə keçmişdən başladım ki, indi hansı nöqtədə durduğumuzu dəqiq müəyyənləşdirə bilək. Bir müddət xarici ekspertlər deyirdilər ki, Azərbaycanda daxili qarşıdurma yoxdur, sabitlikdir. Ancaq islahatlar aparılmayan, insan haqları pozulan yerdə sabitliyi yalnız polis gücü ilə saxlamaq mümkün deyil. İnsanlarda narazılıq o həddə gəlib çatır ki, bu islahatlar yuxarıdan aparılmırsa, yürüdülən təzyiq nəticəsində hakimiyyət dəyişir və o islahatlara yol açılır. İndi biz həmin mərhələdiyik. Təəssüflkər olsun ki, Azərbaycan hakimiyyətinin ölkədə korrupsiyaya qalib gəlmək, islahatlar aparmaq, söz azadlığına hörmət etmək və.s məsələlərdə siyasi iradəsi görünmür, nə buna uyğun bir komandası var, nə də hər hansı islahatlar proqramı məlum deyil. Hakimiyyətin özü insan haqlarını pozur. Ona görə də qarşıdan gələn prezident seçkiləri Azərbaycan üçün taleyüklü olacaq. Ölkənin daxilində yaranmış bu narazılıq iki cür həll oluna bilər. Ya kortəbii proseslər başlaya bilər, ya da ki bu narazılıq kortəbii proses kimi yox, prezident seçkisində narazı elektoratla mobilizə edib qanun çərçivəsində konstitusiya normalarına uyğun olaraq demokratik düşərgənin namizdinin qələbəsini təmin etmək olar və bu qələbəni dinc yolla müdafiə edib ölkədə demokratiyaya keçidi başlamaq olar. Biz bunu etməsək, proseslər qanun çərçivəsində deyil, kortəbii şəkildə gedəcək. Onların da çox ağır nəticələri bu seçkiləri saxtalaşdıran hakimiyyətin üzərinə düşəcək. Hamı bizim düşdüyümüz durumu dərk etməlidir. Azərbaycanı bataqlıqdan çıxara biləcək yeganə yol azad, ədalətli seçkilər keçirmək və hakimiyyətin iradəsi ilə hökuməti formalaşdırmaqdır.

- Siz bayaq Ayaz Mütəllibovun adını çəkdiniz. Eldar bəy, bir partiya sədri iddia edir ki, Ayaz Mütəllibov da bu dəfəki seçkilərdə hakimiyyətə gəlmək üçün iddialıdır...
- Hər bir Azərbaycan vətəndaşı seçmək və seçilmək hüququna malikdir. Təəssüflər olsun ki, bu hüquq Azərbaycanda təmin olunmur. Seçkilərə qatılmaq istəyən insanları bir sıra hallarda qeydiyyata almırlar. Seçmək istəyən adamlar seçkiyə gedib səs verəndə qutudan başqa adamı çıxardırlar. Bizim prinsipcə arzumuz ondan ibarətdir ki, hər bir Azərbaycan vətəndaşı seçmək və seçilmək hüququna malik olsun. Qərarı isə hər kəs özü verə bilər. Buna görə də Ayaz Mütəllibovun niyyətləri haqqında şərh verə bilmərəm. Əgər o qərar versə ki, seçkilərdə iştirak etmək istəyir. Bu onun hüququdur.

- Demokratik düşərgədə vəziyyət necədir, seçkiyə hazırdırmı?
- Bu günə onun hazır olub-olmadığını demək çətindir. Demokratik düşərgədə seçkilərə hazırlıqla bağlı çox ciddi proseslər gedir. Əsas iş də qüvvələri bir araya gətirib vahid qüvvə kimi çıxış etməkdir. Demokratik düşərgə bir araya gəlib seçkilərdə vahid qüvvə ilə çıxış etsə, məsələn Rüstəm İbrahimbəyovun Milli Şura ideyası formalaşsa və.s onda biz deyə bilərik ki, demokratik düşərgə seçkilərə hazırdır, ya da ciddi hazırlaşır. Yox, bu içəridə gedən proseslər bir nəticə verməsə, onda bu suala cavab mənfi olacaq.

- “El” hərəkatı necə bəs? Hərakat yanvar ayından elan olunmalı idi, niyə gecikdiniz?
- Martın 12-də hərəkatın təqdimetmə mərasimi olacaq. Bu məsələlərə aydınlıq gətirmək üçün mən sizə bir sirr aça bilərəm. Bu da ondan ibarətdir ki, hərəkatın anonsu tez verildi. Bizim elə planımız da o idi ki, fevralın sonu, martın əvvəlləri biz təşkilatı işləri başa çatdıraq. Mən pərdəarxasında “El”lə bağlı gedən hadisələr barədə daha geniş danışım. Söhbət yalnız martın 12-də hansısa bir təqdimat keçirtməkdən getmir. Proseslər artıq çoxdan təqdimat mərhələsini ötüb keçib. Bizim təşəbbüs qrupumuz da formalaşıb. Çox ciddi fəaliyyət göstərir. Bizim Bakı da daxil olmaqla 15-ə yaxın rayonlarda artıq özəklərimiz formalaşır, onların rəhbərləri müəyyənləşib. Artıq işlər gedir. Biz Məclisin formalaşması prosesini də yaxın vaxtlarda başa çatdıracağıq. Yəni söhbət bir neçə adamın mətbuat konfransı keçirməsindən getmir. Artıq “El” hərəkatı beynəlxalq qurumların da diqqət mərkəzindədir, bizi tədbirlərə dəvət edirlər, bizim nümayəndələrimizi daima diplomatik korpus görüşlərə dəvət edir. Ölkənin daxilində çox böyük maraq var. Mən hələ son 20 ildə belə bir halla rastlaşmamışam ki, bizim gözümüzün qabağında partiyalar, hərəkatlar elan olundu, mən heç vaxt belə bir ajiotaj görməmişəm. Bu çox müsbətdir. Əgər 5, 6 partiya sədri işini gücünü buraxıb “El” haqqında danışırlarsa, təbii ki, sula yarana bilər. Sizin öz partiyalarınız var, onların durumuna, vəziyyətinə baxın, cəmiyyətə izahat verin. Hələ elan olunmamış hərəkata qarşı mətbuatda əks təbliğat aparılırsa, bu özü də vacib göstəricidir. Ola bilsin ki, maraqlı qüvvələr bizim apardığımız işdən xəbərdardırlar. Onlar bilirlər ki, Gəncəbasarda, şimalda, cənubda bölmələrimiz yaranıb. Bilirlər ki, təşəbbüs qrupuna nə qədər tanınmış hörmətli adamlar daxildirlər. Narahatçılıqlarını gizlədə bilmirlər. Ona görə də geniş kampaniya aparırlar. Amma yenə də deyirəm ki, martın 12-də bunun rəsmi təqdimatı olacaq. Təqdimatın da çox maraqlı və hərtərəfli olmasına çalışacağıq.

- Təqdimat harda keçiriləcək?
- “El”in öz ofisində. Ofisin böyük tədbirlər keçirmək üçün öz imkanları var. Bizə heç lazım deyil ki, hansısa oteldə bunu həyata keçirək. Bizim ofisdə təşkilat şöbəmiz, mətbuat xidmətimiz, sosial şəbəkələr şöbəsi, hüquqi departamentlər artıq işinə başlayıb. Diplomatik korpus, mətbuat, ölkənin aparıcı siyasi qüvvələri ilə birlikdə 100-ə yaxın qonağımız olacaq. Biz inşallah tam meydana çıxanda hamı görəcək ki, bu əslinə qalsa təqdimat tədbiri yox, təqdimatdan sonra bir neçə aya görülmüş olan işlərdir.

- Yəni işlər görülməyə nə vaxtdan başlanıb ki, siz qeyd edirsiniz ki, formalaşma mərhələsini çoxdan keçmisiz
- Əslinə qalsa bu müzakirələr daima gedirdi, hətta illərlə davam edirdi. Adı təbii ki onda “El” olaraq nəzərdə tutulmurdu. Ümumiyyətlə, Azərbaycanda siyasi proseslərlə məşğul olan təcrübəli adamlar, o cümlədən beynəlxalq ekspertlər daima qeyd edirdilər ki, Azərbaycan həqiqətən analoqu olmayan ölkədir. Bizim siyasi səhnəmiz də analoqu olmayan səhnədir. Azərbaycanda iki aparıcı müxalifət partiyası var. Müsavat və Xalq Cəbhəsi. Ancaq onlar bir şineldən çıxımış partiyalardır. Onlar Xalq Cəbhəsinin içindən çıxmış partiyalardır. Hər ikisini ideologiyası, platforması da eynidir. Proseslərə baxışları da eynidir. Onların arasında ən böyük fərq odur ki, birinə Əli bəy, digərinə İsa bəy rəhbərlik edir. Əslində normal halda bu seqmentdə bir dənə güclü partiya olmalı idi. Elektral bazanın başqa hissələrində 3, 4 o şineldən çıxmayan güclü partiyalar olmalı idi. Azərbaycanın siyasi səhnəsi nə qədər deformasiyaya uğrayıb ki, iki aparıcı müxalifət partiyası var, ikisi də eyni şineldən çıxıb. Qalan səhnə demək olar ki, boşdur. Bunun nəticəsidir ki, cəmiyyətdə böyük bir passivlik var. Ona görə ki, hamı Milli Azadlıq hərəkatına hörmətlə yanaşır, amma konkret olaraq hamı o qüvvələrə dəstək vermir. Sayca çoxdurlar. Onlar bu hakimiyyətin siyasətindən narazıdırlar. Ancaq müxalifətdə yalnız bir seqmenti görəndə onlar seçkiyə getmirlər. Onlar narazılığını qonşular ilə söz söhbətdə dilə gətirirlər. Ancaq təşkilatlanmış hər hansı siyasi qüvvəni görmürlər ki, ona dəstək versinlər. Nəyə görə son parlament seçkilərinə 10-15 faiz seçici gəlib? Niyə etiraz mitinqlərinə 5, 10 mindən çox adam gəlmir? Bəziləri susan çoxluğun 60 faiz olduğunu deyir, bu artan xəttlə gedir. Ona görə də yeni hərəkatların yaranması çoxdan proqnozlaşdırılırdı. Konkret olaraq “El” hərəkatının məqsədi susan çoxluğun maraqlarını ifadə etmək, fəal vətəndaş mövqeyinə gətirmək, bununla da demokratik düşərgənin resurslarını xeyli artırmaq, Azərbaycanda demokratiyaya keçidi digər qurumlarla birgə təmin etməkdir. Keçən ilin sonlarından müzakirələr dərinləşməyə başladı ki, bunu reallaşdırmaq lazımdır. Bu işlərə indi mən rəhbərlik edirəm. İdeyanın özü isə 6, 7 il idi ki həm daxildən, həm də beynəlxalq aləmdən gəlirdi. Bu bütovlükdə demokratik düşərgəyə lazım idi.

- Siz əminsinizmi ki, seçkilərə kimi qeyd etdiyiniz cəmiyyətin passiv hissəsini aktiv fəaliyyətə cəlb edə biləcəksiniz?
- Maraqlı və ciddi sualdır. Burada bir neçə vacib məqam var. Birincisi, əgər susan çoxluq sosioloqların qənaətincə 60-80 faiz arasında dəyişirsə, biz o iddiada deyilik ki, bunları fəal vətəndaş mövqeyinə gətirə bilərik. Ancaq o susan çoxluğun 25-30 faizini siyasi meydana gətirmək mümkün olsa, bu amil Azərbaycanı çox böyük inqilabi dəyişiklərə gətirib çıxaracaq. İkincisi bu alına bilərmi və məni niyə seçiblər? Çünki mən bir dəfə bu yolu artıq keçmişəm. 2005-ci il parlament seçkilərində namizəd kimi iştirak etdiyim dairədə 15 saylı Yasamal seçki dairəsində hadisələr elə inkişaf etdi ki, mən eyni zamanda hakimiyyətin özü ilə mübarizə aparırdım. O dairədən Gülər Əhmədova da namizədliyini vermişdi. Sevinc Babayeva ilə bağlı videolara baxanda da həmin seçkilərdən yaxşı mənzərə göstərilmişdi. Sevinc Babayeva Elşad Abdullayevə deyir ki, sənin vəziyyətin Gülərdən qat-qat yaxşıdır. Onun dairəsində axşam protokollar gəlirdi ki, Eldar uddu. Ramiz Mehdiyevə zəngdən sonra ora polis tökdülər müşahidəçiləri qovdular ki, protokolları dəyişsinlər. Bundan əlavə də Müsavat, AXCP, ADP birlikdə Azadlıq bloku yaratmışdı. Aparıcı qüvvə idi. İkisinə qarşı da mübarizə aparırdım. Hakimiyyət ilk dəfə mənim dairəmdə mənə qraşı xor əməliyyatı həyata keçirdi. Məndən savayı, heç bir siyasətə aidiyyatı olmayan iki Eldar Namazovu da tapdılar və seçki bülleteninə insanları çaşdırmaq üçün 3 Eldar Namazov yazdılar. Həqiqətən də sonradan bəlli oldu ki, heç bir siyasi fəaliyyəti olmayanlara insanlar səhv edərək 10 səs veriblər. Mən siyahıda üçüncü idim. Bəzi insanlar siyasi cəhətdən bunu anlamadılar və səhvliklə onlara səs verdilər. Təsəvvür edin ki, sən 10 faiz səsini fora verəsən, üstəlik də həm hakimiyyətə, həm də aparıcı üç partiyaya qarşı mübarizə aparasan. Elə istinad etdiyim çoxluğa əsasən seçki kampaniyamı qurmuşdum. Əvvəllər hakimiyyətə və müxalifətə səs verənlərin bir qisminin səsini qazanmaq. Əsasən mənim elektral bazam susan çoxluq idi. Mən qalib gəlmişdim. Ona görə də, bu 6, 7 ildə mənim yanıma gəlib təkliflər verirdilər ki, siz bu təcrübəni artıq keçmisiniz. Siz o konkret kütlənin maraqlarını əsas götürüb, seçkilərə gətirə bilirsinizsə, gəlin elə sizinlə birlikdə yeni bir hərəkat yaradaq.

- Siz hesab edirsiz ki, indiki halda “El” hərəkatı müxalifətin əsas aparıcı qüvvəsi olan iki əsas partiyadan daha güclü olacaq?
- Biz belə bir müqayisə aparmırıq və əminəm ki, aparmayacağıq da. Hər halda Azərbaycanda demokratiyaya keçid təmin olunana qədər konstitusiya islahatları ilə yeni əsaslarla parlament seçkiləri keçiriləndə o müqayisələri apara bilərik. Ancaq indiki şəkildə bəyan etmişik ki, demokratiya uğrunda mübarizə aparan AXCP və Müsavat da bizim təbii müttəfiqimizdir. Bununla yanaşı bizi bir- birinə bağlayan dəyərlər, siyasi baxışlar var. O partiya liderləri ilə uzun illədir şəxsi münasibətlərimiz də var. Bu mübarizədə bir yerdə çiyin-çiyinə durmalıyıq.

- Rüstəm İbrahimbəyov təqdimatda iştirak edəcək?
- Bilirsiniz, mən çox istərdim ki, Rüstəm müəllim bu təqdimatda iştirak etsin. Amma biz təqdimat vaxtını çox uzatmaq istəmərik. 12 mart uğurlu gündür. Bayram günüdür. Orada Novruz bayramını da nəzərə alacağıq. Çalışıb elə quracağıq ki, tədbir ənənəvi tədbirlərdən fərqlənisn. Orda yaxşı qarşılanma, maraqlı sürprizlər, həm də ziyafət olacaq.

- Eynulla Fətullayev sizin haqqınızda “Üç Eldar Namazov” adlı sərt bir yazı ilə çıxış edib...
- Bilirsiniz, hakimiyyətin təsiri altında olan telekanallarda son bir ay yarımdır ki, bizə qarşı böyük bir kampaniya aparılır. Elə gün olurdu ki, eyni vaxtda ən baxımlı vaxtlarda 8-dən 9-a kimi olan xəbər vaxtında mənim şəkillərimi verirdilər. Hansısa böhtan şayiələrlə dolu yazılar verirdilər. O vaxt da qeyd etdim ki, neçə vaxtdır ki, telekanallar bizim üzümüzə bağlıdır. İnsanlar bizi görə bilmirlər. Yaddan çıxardırlar bizim xarici görünüşümüzü. Ona görə də çox sağ olsunlar ki, bizi insanların yadlarına salırlar ki , sabah tədbirdə görəndə bilsinlər ki, bu kimdir. Əgər mən görəndə ki, kimsə bir yanlış bir informasiya, ya da şərh verir, ilk növbədə maraqlanıram ki, yanlışlığın kökündə nə dayanır. Əgər mən görürəm ki, insan çalışır nəyisə dəqiqləşdirmək üçün, amma əldə etdiyi faktlar həqiqəti yazmağa cavab vermir, mən adətən reaksiya verirəm. Mən çalışıram ki, belə insanlara həqiqətin harda olduğunu göstərim. Biləndə ki, bunu yazan insan özü də bilir ki, yalan yazır, sifarişlə yazır, kimsə buna əmr verib və yazılarının hamısı da yalandır, artıq ona şərh verib vaxt itirməyi düzgün saymıram. Həqiqəti axtaran insanlar üçün mən gecə-gündüz açığam. Deyirlər ki, quru palçıq divara yapışmaz. Cəmiyyət hər şeyi gözəl başa düşür. Mən məqalə çıxanda şərhlərə fikir verdim. Şərhlər önəmlidir. Şərhlərin 99 faizi göstərdi ki, adamlar bu böhtana inanmır.

- Məsələn, ona “Üç Eynulla Fətullayev” başlıqlı yazı ilə cavab verə bilərsizmi?

Ardı var

Günel Türksoy