Quranın 50-ci surəsi olan “Qaf” surəsinin adı ərəb əlifbasının 21-ci hərfinin adından götürülüb. Maraqlıdır ki, “Qaf” surəsinin məzmununda bu adla bağlı heç bir məlumat yoxdur, sadəcə olaraq, surə Qaf hərfi ilə başlayır. Bəlli olduğu kimi, Quranın bir neçə surəsi ilahiyyatçı alimlər tərəfindən izah oluna bilməyən bu cür hərflərlə başlayır. Məsələn, elə Müqəddəs Kitabın ilk surələrindən olan “Əl-Bəqərə”nin birinci ayəsi “Əlif. Lam. Mim.” şəklindədir. F.Razi bu hərflərin özündə çox böyük sirr daşıdığını nəzərdə tutaraq belə söyləmişdir: “Göz günəş işığına davam gətirə bilmədiyi kimi, ağıl da bu sirlərə bələd olmağa dözə bilməz.” Quran təfsirçisi Ə.Nasir əs-Səədi bu barədə yazır: “Quran surələrinin böyük bir hissəsinin başlanğıc götürdüyü “ayrı-ayrı hərflərə” gəldikdə isə yaxşı olardı ki, onlara şərh verməkdən çəkinək, çünki bütün mövcud şərhlərdən heç biri müqəddəs mətnlərə istinad etmir.” Müəllif onu da qeyd edir ki, bu hərflər səbəbsiz deyildir və bizim bilmədiyimiz müdrik niyyətlərlə bağlı nazil edilmişdir.
Klassik söz sənətkarı Seyid Əzimin
Eşq özü üç hərfdir: “eyn”i onun – eyni riza,
“Şin” – işarə şükrünə, “qaf”ında müzmər kuhi-Qaf.
Beytini şərh edən tədqiqatçı R.Faseh buradakı “qaf”ında müzmər kuhi-Qaf” ifadəsinin açıqlamasını verərkən qeyd edir ki, “Qaf” surəsində Qaf dağının adı çəkilir. O, ayəni belə tərcümə edir: “Qaf vəlquranil məcid”, yəni and olsun Qaf dağına və əzəmətli olan Qurana.” Fikrimizcə, buradakı “and olsun Qaf dağına” ifadəsi təhrifdir, çünki həmin ayədə dağ “sözü” işlənməyib. Quranın ayrı-ayrı müəlliflər tərəfindən dilimizə olunduğu tərcümələrdə “Qaf” surəsinin birinci ayəsinə nəzər salaq: N. Qasımoğlunun açıqlaması: “Qaf. And olsun bu Quran-i Məcid-ə” V. Məmmədəliyev və Z. Bünyadovun tərcüməsi: “Qaf! (Ya Peyğəmbər!) Şanlı Qurana and olsun (ki, Məkkə müşrikləri sənə iman gətirmədilər)!” Və Ə.Musayevin tərcüməsi: “Qaf. Şərəfli Qurana and olsun.”
“Qaf” surəsinin nəinki birinci, ümumiyyətlə, heç bir ayəsində və o cümlədən, bütövlükdə Quranda və Peyğəmbərin (s.) hədislərində Qaf dağının adı çəkilmir. Bəzi əfsanələrə görə, Qaf bütün dünyanı çevrələyən bir dağın adıdır; bəziləri hətta onun şəffaf, digərləri zümrüd rəngli olduğunu, orada cinlər yaşadığını və s. fkirlər söyləyirlər ki, bu da müxtəlif dünya xalqlarının mifoloji dünyagörüşü və dini inanclarının məhsulu olan uydurmalardır. Bununla belə, Qaf dağı bir çox xalqların folklorunda sonsuzluğun, sərhədsizliyin, əlçatmaz ucalığın simvolu kimi işlənməkdədir.
“Təsəvvüf əhlinə görə, “Qaf” Qurana işarədir ki, bu da Allahın bütün adlarının zühur yeri olan və bu təzahürü bilən və bildirən Kamil insandır.” ”Qaf”ında müzmər kuhi-Qaf” – Allahın hikmətlərinin Qaf dağı qədər böyüklüyünə, sonsuzluğuna işarə sayılır.
Mifoloji görüşlərdə Qaf dağı ilə bağlı müxtəlif fikirlərə rast gəlmək mümkündür. Məsələn, bir mifdə Qaf dağının boşluqda sallanan dünyaya dəstək olduğu, bir başqasında onun dünyadakı bütün dağların anası olduğu deyilir – guya dünyanın bütün digər dağları ona yeraltı damarlar vasitəsiylə bağlı imiş. Başqa bir rəvayətdə isə Qaf dağının görünən və görünməyən dünyalar arasında yerləşdiyi bildirilir. Bütün dünya xalqlarının folklorunda özünəməxsus yeri olan Qaf dağının adı “Min bir gecə nağılları”nda da tez-tez çəkilir. Hətta bu dağın Azərbaycanda yerləşməsi ilə bağlı fikirlər də mövcuddur. Belə ki, bəzi müəlliflərə görə, əfsanəvi Simurq quşunun məskəni olan Qaf dağı Qafqaz sıra dağlarından birinin – Elbrusun qədim adıdır. Mifologiyaya görə, bu dağ xəyali varlıqların yaşadığı, ətrafı sularla əhatələnmiş, keçilməz yüksəkliyə malik dağdır. Eyni zamanda, Qərbi Azərbaycanda (indiki Ermənistan ərazisi) yerləşən Qafan rayonunun adını da bu dağla əlaqələndirənlər və “Qafın yerləşdiyi ərazi” anlamı verdiyini söyləyənlər var.
İbn Cərir və İbn Münzirin rəvayətlərinə görə, İbn Abbas bir hədisdə belə buyurmuşdur: “Allah Təala bu ərzin arxasından onu tamamilə qapayan bir dəniz, onun arxasında da bir dağ yaratmışdır ki, o da Qaf dağıdır.” Bu hədisdən belə nəticə hasil olur ki, Qaf deyilən dağ bütün kürreyi-ərzi əhatə edir. Lakin Qaf dağı ilə bağlı rəvayətlərdə Peyğəmbərimizə (s.) istinad olunmadığı üçün bu hədislərin doğruluğu çox böyük şübhə doğurur. S. N. Bədiüzzaman özünün “Mühakimat” adlı əsərində bu məsələ ilə əlaqədar olaraq ətraflı bəhs etmişdir. O, Qaf dağı ilə bağlı rəvayətlərə təmkinlə yanaşaraq, belə bir fikir irəli sürür: “Bir şeyin mahiyyətinin keyfiyyətini bilmək başqadır, onun varlığını təsdiqləmək bambaşqa”. Müəllif onu da qeyd edir ki, İbn Abbasın hər söylədiyi hədis olmadığı kimi, hər rəvayət etdiyini də məqbul hesab etmək doğru deyildir. Bununla yanaşı, Bədiüzzaman Qaf dağı ilə əlaqədar olaraq bir sıra açıqlamalar verir: O, Qaf dağının Himalay dağ silsiləsi olduğunu deyir; axirətdə mövcud olacaq bu dağın yalnız çox kiçicik bir hissəsinin bu dünyada olduğunu qeyd edir; Qaf dağının şəffaf olması və bu şəkildə səmaya da təmas edə bilməsi fikrini qəbul edir. Bundan başqa, o qeyd edir ki, üfüq də Qaf dağı adlana bilər, çünki haradan baxılsa, üfüq yer üzünə bitişik kimi görünür.