Cenevrədə neokolonializmlə bağlı beynəlxalq konfrans başlayıb - Yenilənib

cenevrede-neokolonializmle-bagli-beynelxalq-konfrans-baslayib
Oxunma sayı: 1411

Bu gün İsveçrənin Cenevrə şəhərində yerləşən BMT Ofisində Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə “Neokolonializm: İnsan Hüquqları, Sülh və Təhlükəsizlik” adlı beynəlxalq konfrans öz işinə başlayacaq.

"Qafqazinfo" "Report"a istinadən xəbər verir ki, konfrans üçün 14 dekabr tarixinin seçilməsi təsadüfi hal deyil. Belə ki, BMT Baş Assambleyası 14 dekabr 1960-cı ildə 1514 (XV) saylı qətnamə üzrə müstəmləkə ölkələrinə və xalqlarına müstəqilliyin verilməsi haqqında Bəyannaməni qəbul edib. O vaxtdan 14 dekabr dünyada “dekolonizasiya günü” kimi qeyd olunur.

Konfransda 22 ölkə, eləcə də Fransanın dənizaşırıdakı keçmiş müstəmləkələrindən – ABŞ, Böyük Britaniya, Fransa, Türkiyə, İsveçrə, Əlcəzair, Pakistan, Serbiya, Qətər, Seneqal, Kamerun, Vyetnam, Qəmər Adaları İttifaqı, Qvadelupa, ⁠Fransız Qvianası, ⁠Yeni Kaledoniya, Martinik, Fransız Polineziyası, Korsika, Valis və Futuna, ⁠Solomon Adaları, eləcə də 2 beynəlxalq təşkilatdan – İslam Əməkdaşlıq Təşkilatı və BMT-dən (Qadınlara qarşı Zorakılığın Ləğv edilməsi üzrə Komitə) 50-yə yaxın nümayəndənin iştirakı təsdiq olunub. Bununla yanaşı, insan hüquqları və dekolonizasiya üzrə ixtisaslaşan QHT rəhbərləri və xarici media təmsilçiləri də tədbirdə iştirak edəcək.

İnsan hüquqlarının beşiyi sayılan BMT-nin Cenevrə ofisində Fransanın keçmiş və indiki koloniyalarından olan nümayəndələr tərəfindən öz ölkələrində Fransa tərəfindən insan hüquqlarının kobud şəkildə pozulması hallarının əks olunduğu çıxışlar nəzərdə tutulur. Bir sıra ölkə rəsmiləri öz milli bəyanatlarını səsləndirəcəklərinə dair məlumat veriblər.

Xatırladaq ki, insan hüquqlarının müdafiəsi ilə məşğul olan "CAGE" adlı QHT rəhbəri, Böyük Britaniya vətəndaşı Muhammad Rabbani bu konfransda iştirak etmək üçün İsveçrəyə gəlsə də, Fransanın tələbi ilə İsveçrə polisi tərəfindən saxlanılıb. Polis məhdudlaşdırmanın səbəbinin Fransa olduğunu etiraf edib. Hüquq müdafiəçisi Rabbaninin özünün və vəkilinin haqlı tələblərinə baxmayaraq, İsveçrə polisi onu buraxmaqdan imtina etməkdə davam edir.
Konfransın sonunda bəyannamənin iştirakçılar tərəfindən imzalanması nəzərdə tutulur.

Qeyd edək ki, İsveçrənin Cenevrə şəhərində BMT-nin Baş qərargahında həyata keçirilən konfrans Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə 2023-cü il üzrə kolonializmə qarşı mübarizə aparan və azad olmağa çalışan xalqları dəstəkləməyə həsr olunmuş IV beynəlxalq tədbirdir.

***

BMT-nin Cenevrə ofisində Bakı Təşəbbüs Qrupunun (BTQ) təşkilatçılığı ilə “Neokolonializm: İnsan hüquqları, sülh və təhlükəsizlik” mövzusunda beynəlxalq konfrans işə başlayıb.

Konfransa çıxış edən Fransanın keçmiş və indiki koloniyalarından gələn təmsilçilər rəsmi Parisin bu ölkələrdə hələ də davam etdirdiyi yeni kolonializm siyasətinin ağır fəsadları barədə məlumat veriblər.

Xüsusilə qeyd olunub ki, Fransa keçmiş müstəmləkələrinin daxili işlərinə kobud şəkildə müdaxilə edir, bu ölkələrdə stabilliyin pozulması siyasəti həyata keçirir, eyni zamanda hazırda müstəmləkə altında saxladığı ölkələrdə fundamental insan hüquqlarını kobud şəkildə pozur, bu xalqların təbii sərvətlərini qanunsuz olaraq istismar edir.

Bildirilib ki, təbii ehtiyatlarla zəngin bu ölkələrin xalqları materik Fransasından qat-qat çətin şəraitdə yaşayır, işsizlik və yoxsulluq səviyyəsi dəfələrlə yüksəkdir. Fransanın bu ərazilərdə həyata keçirdiyi nüvə sınaqları, uranın zənginləşdirilməsi istiqamətində fəaliyyəti əhalinin səhhətində ciddi fəsadlar yaradıb, ətraf mühitə böyük ziyan vurub. Süni şəkildə yerli xalqların assimilyasiya edilməsi siyasəti və qeyri-qanuni miqrantların bu ərazilərə köçürülməsi davam etdirilməklə yerli xalqların müstəqillik uğrunda mübarizəsinə zərbə vurmağa çalışılır.

Sonda konfransın bəyannaməsi qəbul olunacaq.