Debütant “Turan” voleybol klubu kuboku Tovuza apardı - Fotolar

debutant-turan-voleybol-klubu-kuboku-tovuza-apardi
Oxunma sayı: 838

Ötən gün qadın voleybolçuların Yüksək Liqasına yekun vurulub.

“Qafqazinfo” xəbər verir ki, GİN-in Voleybol Mərkəzində mövsümün son qarşılaşmasında çempionluq uğrunda “DH Volley” və “Turan” komandaları üz-üzə gəlib.

Gərgin mübarizə şəraitində keçən oyunda Tovuz təmsilçiləri 3:1 (15:25, 25:21, 25:19, 25:23) hesabı ilə qələbə qazanıblar. Beləliklə, Yüksək Liqada ilk dəfə çıxış edən debütant “Turan” komandası yarışın qızıl medallarına sahib olub.

Final qarşılaşmasından sonra mükafatlandırma mərasimi keçirilib.

Çıxış edən Azərbaycan Voleybol Federasiyasının prezidenti Şahin Bağırov Yüksək Liqada çıxış edən bütün idmançılara federasiya adından təşəkkürünü bildirib. Qeyd edib ki, çempionat boyu komandalar əzmkar mübarizə aparıblar və maraqlı oyunlar nümayiş etdiriblər. O, hər bir komandanı, xüsusilə finalda qalib gələn “Turan”ı təbrik edib.

Ş.Bağırov ölkəmizdə idmanın daim inkişafda olmasını sevindirici hal kimi dəyərləndirib və bu nailiyyətlərin dövlət dəstəyinin nəticəsi olduğunu söyləyib: "Bu dəstəyə görə də ölkə rəhbərliyinə minnətdarlığımızı bildiririk. Yaradılan şərait sayəsində voleybol inkişaf edir, yeni oyunçular yetişir və komandaların sayı artır".

AVF rəhbəri Gənclər və İdman Nazirliyinə, eləcə də aidiyyəti qurumlara, azarkeşlərə, media nümayəndələrinə və sponsorlara dəstəklərinə görə təşəkkür edib.

O, bir daha bütün komandaları təbrik edib, idmançılara uğurlar arzulayıb.

Daha sonra AVF-nin vitse-prezidenti Bəhruz Quliyev və baş katib Faiq Orucov çempionatda fərqlənən voleybolçulara “Ən yaxşı oyunçu” mükafatlarını təqdim ediblər.

“Ən dəyərli oyunçu” (MVP) – Marta Drpa (“Turan”)

“Ən gənc və perspektivli oyunçu” – Xədicə Seyidli (“Abşeron”)

Rəmzi komanda:

“Ən yaxşı toppaylayıcı” – Natalia Gajewska (“DH Volley”)

“Ən yaxşı hücumçu” – Danijela Dzakovic (“Milli Aviasiya Akademiyası”)

“Ən yaxşı hücumçu” – Alla Alekumova (“DH Volley”)

“Ən yaxşı libero” – Joseline Landeros (“Turan”)

“Ən yaxşı orta oyunçu”– Ayşən Abduləzimova (“Turan”)

“Ən yaxşı orta oyunçu”– Melissa Randel (“Gəncə”)

“Ən yaxşı diaqonal oyunçu” - Katerina Jidkova (“DH Volley”)

Avropa Voleybol Konfederasiyasının İdarə Heyətinin üzvü, AVF prezidentinin müşaviri Cəlil Cəfərov Yüksək Liqa oyunlarının keçirilməsinə göstərilən dəstəyə görə GİN-in Voleybol Mərkəzinə təşəkkürnamə təqdim edib. Ardınca qaliblərə kubok və medallar verilib.

Çempion komandaya kuboku gənclər və idman naziri Fərid Qayıbov və AVF-nin prezidenti Şahin Bağırov təqdim ediblər. Medalları isə Azərbaycan Voleybol Federasiyasının vitse-prezidenti Faiq Qarayev, “Demirören Yatırım Holdinq”in prezidenti Yıldırım Demirören və “Turan” voleybol klubunun prezidenti Həsən Zeynalov təqdim ediblər.

Beləliklə, qadın voleybolçuların Yüksək Liqasının qalibi “Turan” komandası qızıl medal və kubok, “DH Volley” klubu gümüş, “Gəncə” komandası isə bürünc medallarla təltif olunub.

Sonda qaliblərlə xatirə şəkilləri çəkdirilib.

Oyunların nəticələri

19 aprel

Yüksək Liqa (qadınlar)

Final

“Turan” - “DH Volley” 3:1 (15:25, 25:21, 25:19, 25:23)

Üçüncü yer uğrunda oyun

“Milli Aviasiya Akademiyası” - “Gəncə” 0:3 (18:25, 21:25, 21:25)