“Dərə tərəfdə nəsə yanırdı, yaxınlaşıb baxanda adam ayağı gördüm”

dere-terefde-nese-yanirdi-yaxinlasib-baxanda-adam-ayagi-gordum
Oxunma sayı: 7423

Tovuzun Dondar Quşçu kəndində öldürülən 10 yaşlı Nərmin Quliyevanın qətli ilə bağlı məhkəmə araşdırması davam etdirilir.

“Qafqazinfo” xəbər verir ki, ötən gün keçirilən prosesdə İlkin Süleymanov ifadə verib. Onun sözlərinə görə, işgəncələr altında bu cinayəti üzərinə götürüb, etiraf ifadəsi verməyə məcbur edilib.

İlkin bildirib ki, Nərmin itkin düşdüyü gün (21 noyabr 2019-cu il) bacısının evində olub: “Hətta bunu təsdiqləyən şahidlər də var. Səhər bacımgildən gedəndə gördüm ki, Arifgilin (red: Nərminin əmisi) qapısında polis maşınları var. Maraqlanmadım ki, nə məsələdir. Sonradan anam evdə dedi ki, sinif yoldaşın Şərifin ortancıl qızı Nərmin itkin düşüb. Mən heç o vaxta qədər nə Şərifin ortancıl qızını tanıyırdım, nə də adının Nərmin olduğunu bilirdim. Bircə böyük qızı Şəbnəmi tanıyırdım. 3-4 gün sonra küçədə Şərifi gördüm, uşağı soruşdum, dedi ki, xəbər yoxdur”.

Xəbəri rus dilində oxuyun: 51-летний мужчина избил жену - “Она отключила телефон..”

Баку в этом месяце примет Кубок мира

İlkin Süleymanov 2020-ci il yanvarın 6-da yaşadığı evin qarşısında dərəlik ərazidə yanan meyiti necə görməsi haqda danışıb: “Valideynlərimə görə siqareti küçədə çəkirəm. Həmin gün Gəncəyə yas yerinə getmişdim. Axşam 7-də yeyəndən sonra siqaret çəkmək üçün darvazanın qarşısına çıxdım. Gördüm ki, qarşıda - dərə tərəfdə, nəsə yanır. Ora tərəf qaçdım. Orada qonşular gizlicə zibil atır, yandırırlar. Bir müddət əvvəl yanğın o qədər hündürə qalxmışdı ki, ağaclara keçmişdi. Yanan ağaclar arasında bizim ağaclar da vardı. Qorxdum ki, yanğın yuxarı qalxar, ağaclara ziyan dəyər. Yaxınlaşıb baxanda adam ayağı, ayaqqabı gördüm. Ora ən yaxın Nazim dayıgilin evidir, ona görə tez onlara qaçdım, qapını döymədən içəri girdim. Dedim ki, deyəsən, adam yanır. Hadisə yerində böyük ayaqqabı izləri və araba təkərinin yerlərini gördüm. Ona görə Nazim dayıya dedim ki, o izləri tapdamasın, hüquq-mühafizə orqanlarına lazım ola bilər. Yanğını telefonumla çəkəndə Nazim Vəliyevlə bu haqda danışıqlarım da orada əks olunub”.

İlkin Süleymanovun sözlərinə görə, elə meyit tapılan gün (6 yanvar 2020) onu Tovuz Rayon Polis Şöbəsinə aparıblar. O, dörd gün şöbədə psixoloji və fiziki işgəncələrə məruz qaldığını iddia edib: “Onların arasında Kamal Qılıcov (Baş Prokurorluğun Xidməti Araşdırmalar İdarəsinin rəisi), Şirzad Əsgərov (Tovuz RPŞ-nin sabiq rəisi) və müavini Şahlar Cəfərov (hazırda Yevlax RPŞ-nin rəis müavini), Elçin Qəhrəmanov (Tovuz rayonunun sabiq prokuroru) var idi.

Gördüm ki, işgəncələrə dözə bilmirəm. Dedim ki, nə olar, endirin, nə istəyirsiz, eləyirəm”.

İ.Süleymanov ona edilən işgəncənin rəis müavini Ş.Cəfərovun otağında reallaşdığını bildirib. 

Onun ifadəsi mayın 11-də davam etdiriləcək.

Qeyd edək ki, 48 yaşlı İlkin Süleymanov 10 yaşlı Nərmin Quliyevanı oğurlayıb xüsusi amansızlıqla öldürməkdə təqsirli bilinir. İttihama əsasən, o, sinif yoldaşı Şərif Quliyevin ailəsi, uşaqları olduğuna görə onu qısqanıb, buna görə də onun qızı Nərmini oğurlayaraq 47 gün sonra qətlə yetirib. Lakin o, azyaşlının ölümünə aidiyyəti olmadığını deyir. Süleymanov 4 gün Tovuz Rayon Polis Şöbəsində işgəncəyə məruz qaldığı üçün etiraf ifadəsinə imza atdığını bildirir. Baş Prokurorluq isə İlkinə işgəncə verilməsi faktını təkzib edir.

Amin Nəzərli

Həmçinin oxuyun: “Milla” “Qafqaz Otelləri”ni məhkəməyə verdi - 1416 manata görə