Məni bu şəhərə bağışla, bu küçələrə, bu nömrələnmiş evlərə
Bir – birilərinə bənzəməyən insanlara
Onlar mənə pıçıldadılar sənin yoxluğunda hər şeyi
Sən bu şəhərdə ikən mən anlamazdım
Ana bətnində çırpınan səbirsiz yavruların
səbrlə dünyaya gəlmələrini
Yeniyetmələrin çörək dalınca qaçmalarını
Aşiq olunca çörəkdən küsmələrini
Və bir gecə səssizcə evdən getmələrini
Ardınca ağlayanları - anaları, bacıları
Bir də köks ötürən ataları anlamazdım
Sən bu şəhərdə ikən...
Məni bu şəhərə bağışla
Axar sulara verilir yuvasından erkən atılan
Qaranquş balaları
Müjdə gözləyən dul qadınların evlərinin damına
Qonmaz leyləklər
Sabah günəşində mürgü döyənlər kimlərə yem olur
Bilməzsən
Sən bu şəhərdə ikən mən anlamazdım
Yuvasından atılan körpə qaranquş balalarını
Onları axar suya verən qocaları
Sabah günəşində murgüləyən sünbülqıranları
Sarı tarlalara od vuran düşmənləri
Dam üstündə yuva quran leyləkləri
Bir də müjdə gözləyən dul qadınları
anlamazdım
Sən bu şəhərdə ikən...
Sən getdin və mən hər şeyi anladım
Bir tək anlamsız gedişin qaldı...
***
Gəl indidən ayrılaq
istəmirsən...
istəmirsən dost olaq,
dərdimizi bölüşək köhnə qonşular kimi
sən keçmişi xatırla, mənsə gələcək qurum
usanmış ömrümüzə yeni bir eşq uydurum
payız axşamlarında yuxulardan danışaq
yarımçıq qalanların gerisini uyduraq
hər nə varsa yenidən tapıb eşqə bağlayaq
gerçək etirafları gerçək aktyorlartək
dəyişək səsimizlə
üzümüzdə bir gülüş, içimizdə qovrulaq,
sızıldayaq, ağlayaq...
sonra ayrılıq gəlsin, hər ikimiz günahsız
bu həyatı qarğıyaq
məncə daha gec deyil -
gəl indidən ayrılaq...
19.03.08
Qar yağır
Küçələrə qar yağır, evlərin damı ağarır
Ağarmayan bir dəniz, bir də qağayılar qalır
Çılpaq ağacların arxasında
Tükənir bu sabah səni görmək həvəsim
Sən bəlkə də gözləyəcəksən
Mənsə daha 14 yaşlı yeniyetmə deyiləm ki,
Sinəsi – başıaçıq qapına gələm bu soyuqda
Çəkiləcəm təkliyimə, içəcəm
Və beləcə hər gün qurşanacam sənsizliyə
Hər gün bir – iki qədəh
Qar yağır
Qonşuda uşaq ağlayır, heş nə ilə ovunmur, ağlayır
Sonra işıqlar da sönür o uşağın acığına
Işıqlı gələcəyə aldananların ümüdi kimi
Küçə - küçə, bina – bina
əsir qadınlar düşür yadıma,
görəsən neyləyirlər indi bu soyuqda
ağlayırmı onların da uşaqları
sığal çəkirmi saçlarına yad ataları?..
Piano səslənir o biri mənzildə
Dördüncü notdan sonra adını təkrarlayıram
Yerdən göyə sərxoş bir ah ucalır
Göydən yerə qar yağır...
***
İzn ver yanında oturum
Danışmaq üçün
Oturum və susum...
Sən də bir şey söyləmə
Sadəcə yanında bir yer göstər
Guya hara isə baxırmışıq kimi
Yayındıraq baxışları
Dərdimizin, istəyimizin son nöqtəsi
Sükut...
Geridə xatirələrin qurumuş qanı
Qarşıda həsrətin ilan zəhəri acısı
Iki insan taleyinin oxşarlığı
Iki oxşar sonluğun fərqli notları
Musiqi...
Baş alıb getdiyin sonsuzluq
Dəniz və səmanın qovuşduğu xətt
Uzərində nöqtə boyda qağayılar
Qanadlarında azadlıq, azadlıq
Ölüm...
Izn ver getmədən öncə
Yanında oturum...
24.03.08
***
Mərmi dağıtmış evin önündə
Ana və üç körpəsi,
Ikisi oğlan, biri qız
Kədərin min çalari ananın gözlərində-
hər gözündə min-min
körpələr soxulmuşlar analarna
Şəngül, Şüngül, Məngül kimi
Onlar üçün artıq bimiş həyatın nağılı başlamadan
Və hər gecə bir ağlamaq səsi gələr
Qaçqın vaqonlarının önündən
Yavrular “kimdir ağlayan”deyə sorduqlarında
Anaları “yatın”deyər onlara
Mərmi dağıtmış evin önündə
Boynu zəncirli xallı köpək
Cırmaqlamış torpağın soyuq üzünü
Ulartısı ən alçaq yerdən qalxmış allah dərgahına
Nə yazıq ki unudulacaq xallı köpək zəncirdə
Və düşmənlər “türk köpək oğlu “deyib
Güllələyəcəklər onu
Sonra da yandıracaqlar taxta yuvasını
***
gecələr küsdürüb qovduğun dərdlər
sabahlar qapına dönərmiş, dostum ...
təntiyib yolundan sapan ruhumuz
bu cismə tuş gəlib hopan ruhumuz
ən uca zirvədən qopan ruhumuz
qadın yatağında ölərmiş, dostum ...
***
Dünyaya gəlmək – azad və qorxusuz...
sonra qorxmaq və dua etmək - yəni sığınmaq
biz allaha belə tapınırıq.
mən də sənə bunlardan danışacaqdım,
amma hər şeyi olduğu kimi deyə bilmədim əslində -
olduğu kimi, yəni necə görmüşdümsə
tank tırtılları altında torpağa qarışan 18 yaşlı gənclərdən -
bütün savaşların boz – bulanıq səbəbi – torpağa
bir də üstündə zeytunu, ənciri və narı bitirən torpağa...
Olduğu kimi, necə görmüşdümsə
Ölmüş zabitin cibindəki məktubdan,
ağ vərəqin üstündə uşaq əlinin çizgisindən
içində portağal rəngində günəş şəklindən
bir də altında səliqəsiz yazılmış “Zuzudan atasına” sözlərindən
sənə belə tapınacaqdım gördüklərimdən sonra
amma sən inanmadın
inanmadın ki, zaman içində gəzdirir ayrılıq saatını
və tərk edilmiş insan hər şeyə alışır -
məsələn alışır günəşin portağal rəngində olmasına,
bir də hər gecə qulaqlarında səslənən
qan ləkəli tank tırtıllarının səsinə...
***
Azadlıq
Kürən köpək xaltasından
Qəfildən qırılıb qaçdı
Azadlıq nədir bilmədən
Gördüyünə qucaq açdı
...
Qoşa ağ xəttin üstünə
Gümüşün qanı yayıldı
Gözlərində sümük şəkli
Tüklərində sığal qaldı
...
Dünya yenə öz tərzində
Cavab verir arzulara
Körpə əlinin istisi
Yayıldı asfalt yollara...
13.03.08