Dünya heç vaxt indiki qədər əyləncəli olmayıb...

dunya-hec-vaxt-indiki-qeder-eylenceli-olmayib
Oxunma sayı: 2212

Bir qədər əqli problemləri olan məşhur adamlara, yəqin, indinin özündə də əksər bölgələrimizdə rast gəlmək olar. Televiziyanın, ardınca sosial şəbəkələrin geniş yayılmadığı əyyamlarda belələri daha çox diqqət mərkəzində olardılar. İnsanlar əyləncə ehtiyaclarını onların məzəli davranışları ilə bir şəkildə yola verərdilər.

Haqqında yazmaq istədiyim kişininsə neçənci illərdə yaşadığını, hansı yaşda olduğunu, düzü, dəqiq bilmirəm. Sağlığında ona dəli adı qoysalar da, adamın öz dövrünün təxminən Diogeni olmasına əminliyimsə getdikcə artır.

Deyilənə görə o hərdən durarmış rayon bazarının ən qələbəlik yerində və qışqırarmış ki, “Ay camaat, bilin və agah olun, gün gələcək hamı dəli olacaq, intəhası mən bir az qabağa düşmüşəm”.

Hərdən bir TikTokdakı videolara, bir də onların izlənməyə sayına nəzər yetirdikcə dünyanın o uzaqgörən kişinin proqnozlaşdırdığı günlərə doğru sürətlə irəlilədiyini fikirləşirəm.

Amma dərhal da özüm-özümü səhv çıxarmalı oluram. Bütün bu izlədiklərimiz dünyanın müxtəlif yerlərində milyonlarla insanın kütləvi şəkildə ağlını itirməsi deyil. İnsan yeni bir gələcəyə keçid edir. Bu gələcəkdə adamlar daha qəmi, kədəri həyatlarına çox yaxın buraxmaq istəmirlər. O, orta əsrlər idi, Füzulu Məcnunun dili ilə Allah-təaladan xahiş edirdi ki: “Az eyləmə inayətini əhli-dərddən, Yəni ki, çox bəlalərə qıl mübtəla məni!”

İndinin insanı qəm dəryasına batmaq əvəzinə özünü xoşbəxt hiss etməkdən ötrü yaradıcılığın ən ağlasığmaz yollarına əl atır. Özünü daha çox əyləncənin, lağ-lağının ixtiyarına buraxır. Qəliz mövzularla çox beynini yormaq istəmir. Bilir ki, onun iradəsindən asılı olmayaraq dünya belə gəlib, belə də gedəcək. Əgər Molla Nəsrəddin indiki günlərimizdə də həkimlik eləsəydi, onun yazdığı resept, yəqin, indi ən populyar müalicə protokolu olardı: “Ayağını isti saxla, başını sərin, yeməyinə fikir ver, düşünmə dərin”.

1995-ci ildə məşhur transhumanist filosoflardan David Pirs bir kitab yazıb adını qoymuşdu “Hedonistik imperativ”. Burada iddia edirdi ki, vaxt gələcək müxtəlif dərmanlarla, gen mühəndisliyinin nailiyyətləri ilə, nanotexnoloji həllərlə insanın kefi ala buluda qalxacaq. Xoşbəxtliyin elə səviyyələri yaradılacaq ki, indiki xoşbəxtlik təsəvvürü onun yanında bir-iki parç “Həci pivəsi” içmək kimi gələcək. Bu gedişlə insanın əzabları, xəstəlikləri, ağrıları yavaş-yavaş aradan qalxacaq. Hətta ölümə belə çarə tapılacaq. Daha qəmə-kədərə yiyə duran olmayacaq. Texnologiyalar transhumanistlərin bəzi konsepsiyalarını yavaş-yavaş gerçəkləşdirməkdədir. David Pirsin təsvir etdiyi “Cənnət mühəndisliyi” (Paradise Engineering) ideyası artıq bir sənaye sektoruna çevrilir.

Fikir verirsiniz, nə qədər adam indi başlayıb elektron siqaret tüstülətməyə. Qəm tütəyinə dəm tutanların sayı getdikcə azalır.

Neyropsixofarmokoloq professor David Nutt kimi alimlərin yaratdıqları “Alcosynth” tipli vasitələr hesabına Qərbdə içki istemal edənlərin sayı da getdikcə düşür. İçki əvəzinə adamlar bu vasitələrdən istifadə edir. Heç bir toksik təsir, aqressiv davranışlar, paxmel olmadan, içib açarını itirmədən sərxoşluq effektinin beşqat artığını yaşayır. Görünür yaxın onilliklərdə alkoqolizm, narkomaniya kimi bəlalar yavaş-yavaş çəkilib gedəcək. Amma yerinə qəmsiz-kədərsiz dünyanın yeni mənəvi böhranları gələcək.

Daha TikTokda, başqa sosial şəbəkələrdə adamların əcaib əyləncə videolarını və saatlarla vaxtını itirib onları izləyən milyonlarla şəxsi görəndə fikirləşməyək ki, adamlar əməlli-başlı dəli olub. Heç kim dəli-zad olmayıb, insanlar bacardıqları kimi əylənmək istəyir. Dünya, yəqin ki, heç vaxt indiki qədər əyləncəli olmayıb.

90-cı illərdə bir karikaturaçı rəssamın yazdığı kimi, “Əcəb epoxaya düşmüşük”.

Yadigar Cəfərli