Düşmən casusuna hökm oxundu

dusmen-casusuna-hokm-oxundu
Oxunma sayı: 4938

Ermənistan xüsusi xidmət orqanı ilə məxfi əməkdaşlıq etməkdə ittiham olunan Emil Məmmədovun məhkəmə araşdırması yekunlaşıb.

“Qafqazinfo”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.

Siyavuş Hacıyevin sədrlik etdiyi hakimlər heyəti belə qənaətə gəlib ki, təqsirləndirilən şəxsə verilmiş ittiham məhkəmə baxışı gedişində dəlil və sübutlarla təsdiqini tapıb.

Hökmə əsasən, 43 yaşlı E.Məmmədov dövlətə xəyanətdə təqsirli bilinərək 17 il 6 ay azadlıqdan məhrum edilib.

Qeyd edək ki, E.Məmmədov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən xüsusi əməliyyatla həbs edilib.

İstintaq zamanı verilmiş ittihama əsasən, E.Məmmədov Azərbaycanın suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə düşmən xüsusi xidmət orqanının nümayəndələrinin tapşırıqlarını yerinə yetirib.

Məmmədovun onlara kömək etmək məqsədilə maddi maraq müqabilində üçüncü ölkə ərazisində Ermənistan xüsusi xidmət orqanının əməkdaşları ilə görüşüb məxfi əməkdaşlığa cəlb edilib, Azərbaycanın dövlət təhlükəsizliyi zərərinə məlumatlar toplanması barədə tapşırıqlar alıb, tapşırıqların icrası istiqamətində fəaliyyət göstərib, Ermənistan xüsusi xidmət orqanının nümayəndələri ilə əlaqələrinin gizliliyinə və konspirasiya tələblərinə dair təlimatlandırıldığı qaydalara riayət etməklə Azərbaycanda təbii ehtiyatların istismarı, emalı və nəqli sahəsində fəaliyyət göstərən xarici şirkətlər haqqında, bəzi dövlət orqanlarında işə qəbul qaydaları barədə və sair məlumatlar toplayıb.