Əli Həsənov Həştərxanda təməlqoyma mərasimində - Foto

eli-hesenov-hesterxanda-temelqoyma-merasiminde
Oxunma sayı: 2432

Dekabrın 16-da Bakıya səfərini başa çatdırdıqdan sonra vətəninə qayıdan Rusiya Federasiyası Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkinin və Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun iştirakı ilə Həştərxanda Azərbaycan Biznes Mərkəzinin təməli qoyulub.

QafqazinfoAzərtac-a istinadən xəbər verir ki, təməlqoyma mərasimindən əvvəl qubernator Aleksandr Jilkinin Əli Həsənovla görüşündə Azərbaycanla Həştərxan vilayəti arasında əməkdaşlıq imkanlarına dair müzakirələr aparılıb. Görüşdə həyata keçirilən bir sıra birgə layihələrdən danışılıb. Məhsuldar əməkdaşlığın daha bir nümunəsi kimi Azərbaycan Biznes Mərkəzinin tikintisinin əhəmiyyəti vurğulanıb.

Təməlqoyma mərasimində çıxış edən Əli Həsənov xatırladıb ki, Həştərxanda Azərbaycan Biznes Mərkəzinin tikintisinə dair saziş noyabrın əvvəlində Bakıda keçirilən VII Azərbaycan-Rusiya Regionlararası Forumunda imzalanıb. Mərkəzin yaradılmasının təşəbbüskarı Həştərxan ilə çox sıx və səmimi əlaqələr qurmuş Heydər Əliyev Fondudur: “Bu mərkəzdə biz Rusiya bazarına çıxaracağımız məhsulları təşviq etməyi planlaşdırırıq. Bu məsələdə maraqlı olan Rusiya şirkətlərinin ölkəmizdə konkret təchizatçılar ilə uzunmüddətli müqavilələr imzalamaq imkanı olacaq. Mərkəzin yaradılması hər iki ölkənin təsərrüfat subyektləri arasında ticari-iqtisadi əlaqələrin səmərəli inkişafına kömək edəcək. Yeni obyektin tikintisi Həştərxan quberniyasının 300 illiyinə bizim töhfəmiz və səmimi dostluq münasibətlərimizin sübutu olacaq”.

Sonra Azərbaycan Biznes Mərkəzinin təməli qoyulub. Qubernator Aleksandr Jilkin və Prezidentin köməkçisi Əli Həsənov gilizi bünövrəyə buraxıblar.