Elşad Abdullayev ölkəyə gəlməyə hazır olduğunu açıqladı

elsad-abdullayev-olkeye-gelmeye-hazir-oldugunu-aciqladi
Oxunma sayı: 768

Bu gün E.Abdullayev prezident İlham Əliyevə növbəti müraciətinin mətnini də əməkdaşımıza yollayıb. Mətnin geniş versiyası ilə qəzetimizin 3 oktyabr tarixli sayında tanış olacaqsınız.

Xülasə olaraq, nəzərinizə çatdıraq ki, E.Abdullayev sözügedən müraciətində öncə qardaşı Mahir Abdullayevin oğurlanması faktına və bununla bağlı hüquq-mühafizə orqanlarının hərəkətsizliyinə diqqət çəkib.
E.Abdullayev qardaşı ilə bağlı məsələni yada salarkən deputat Gülər Əhmədovanın yayılan məlum videosuna da toxunub: ”Gülər Əhmədova 2005-ci ilin noyabr ayında Azərbaycan Rüspublikası Milli Məclisinə seçkilər ərəfəsində rəfiqəsi Babayeva Sevinc Telmanqızı vasitəsi ilə Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbəri Mehdiyev Ramiz Ənvər oğluna vercəyəi adı ilə məndən 2.000.000 ABŞ dolları almışdır. Əvəzində məni Milli Məclisə deputat seçdirəcəyinə və bundan sonra qardaşımın sağ-salamat geri qaytarılacağına söz vermişdir. Lakin o vədinə əməl etməmiş, pulları geri istədikdə isə məni həbs etdirəcəyi və fiziki cəhətdən məhv etdirəcəyi ilə hədələmişdir. Mən həm Gülər Əhmədova, həm də Sevinc Babayeva ilə söhbətlərimizin video şəkilişini və telefon danışırıqlarımızın audio yazısını aparmışdım. Həmin çəkiliş və yazların surətlərinin olduğu kompakt diskləri Gülər Əhmədova barəsində cinayət işi başlanması barədə ərizəmlə birlikdə baş prokuror Zakir Qaralova göndərdim və göstərilən şəxslər barəsində Azərbaycan Respublikası CM-in 311-ci maddəsi ilə cinayət işinin başlanmasını xahiş etdim. Lakin baş prokuror qanunauyğun tədbir görmək, yəni cinayət işi başlamaq və istintaq aparmaq əvəzinə mənim ərizəmi Eldar Əhmədova göndərdi”.

E.Abdullayev onu da yazıb ki, əslində G.Əhmədovanın ondan rüşvət almasının ictimailəşdirilməsini istəməyib. Amma istintaq aparılmadığı və özünün, ailə üzvlərinin təhlükəsizliyini təmin etmək üçün bu məsələni ictimailəşdirməyə qərar verib.

Keçmiş rektor G.Əhmədovanın Milli Məclis üzvlüyündən istefa verməsindən və onun barəsində cinayət işi başlanmasından sonra işin obyektiv araşdırılacağına ümidinin artdığını bildirib. Amma o, yazıb ki, daha sonra mətbuatda yer alan bəzi hökumət nümayəndələri açıqlamalarının onun növbəti dəfə aldandığını göstərib: ”Mən mələk deyiləm. Amma özləri başdan-ayağa çirkab içində olan bu adamların da məni əliəyri, rüşvətxor adlandırmağa mənəvi haqları yoxdur”.

Eks rektor müraciətin bu yerində daha bir maraqlı detala toxunub. Onun barəsində mənfi rəy bildirənlərə mesaj yollayıb ki, həmin adamlar onu əlində olan başqa videoyazıları yaymağa təhrik etməsin.

E.Abdullayev həmçinin baş prokurorun onunla bağlı çoxlu sayda qanunsuzluqlar aşkar etməsi açıqlamasına da toxunub: ”Baş prokurordan soruşmaq lazımdır ki, Beynəlxalq Universitetin fəaliyyət göstərdiyi illərdə və ən azı onun fəaliyyətinin qanunsuz olaraq dayandırıldığı son iki ildə nə üçün bu qanunsuzluqları görmürdü və görürdüsə nə üçün susurdu? Nə üçün bu qanunsuzluqlar videogörüntülər ortaya çıxdıqdan sonra yada düşdü?”

E.Abdullayev sonda prezident İ.Əliyevdən bu işin araşdırılması üşün müstəqil istintaq komissiyası yaratmağı xahiş edib: ”Əgər belə bir komissiya yaradılacaqsa və mənim şəxsi toxunulmazlığıma və həyatıma Sizin tərəfininizdən təminat veriləcəksə, mən Azərbaycana qayıtmağa hazıram və istintaqa istənilən köməyi etməyə hazıram. Əks təqdirdə mənə qarşı təzyiq və tələblər davam edəcəksə, Azərbaycan Respublikasının vətəndaşlığından imtina etməyə məcbur olacam”.

Müraciətin daha geniş versiyası yəqin ki yaxın saatlarda saytlarda və sosial mediada olacaq. musavat.com