“Emin Milli Azərbaycan dövləti əleyhinə təbliğat aparır” - Qayınatası

emin-milli-azerbaycan-dovleti-eleyhine-tebligat-aparir
Oxunma sayı: 12252

Meydan TV-nin rəhbəri Emin Millinin qayınatası, tanınmış xalq rəssamı Mayis Ağabəyov prezident İlham Əliyevə oğlu Nazim Ağabəyovun həbsi ilə bağlı müraciət edib. Müraciətin bir nüsxəsini “Qafqazinfo”ya göndərən Mayis Ağabəyov Emin Millinin Azərbaycan dövlətinin əleyhinə kampaniya apardığını və kürəkəninin fəaliyyətini yaramaz olduğunu bildirib.

“Qafqazinfo” xalq rəssamının müraciətini kiçik ixtisarla təqdim edir:

Mən, Ağabəyov Mayis Əlişir oğlu, Azərbaycan Respublikasının xalq rəssamıyam. Bu fəxri ad Ümummilli Liderimiz, mərhum prezidentimiz Heydər Əliyev tərəfindən mənə verilib. Onun qayğısı nəticəsində ərəsəyə gələn “Nəsimi”, “Nizami”, “Babək” və bir sıra başqa fundomental kino filmlərinin quruluşçu rəssamı olmuşam. Rəngkarlıq əsərlərim dəfələrlə xarici ölkələrdə uğurla nümayiş etdirilmişdir. “Humay” və “Milli kino” mükafatlarının laureatıyam. Azərbaycan Respublikası Kinomataqrafçılar İttifaqqının katibliyinin üzvüyəm. Möhtərəm Prezidentimiz Sizin sərəncamınızla 2004-cü ildən Prezident təqaüdü alıram. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının professoruyam. Hal-hazırda mənim 75-yaşım var.

Mənim Sizə müraciət etməyimin səbəbi oğlumun haqsız həbsi ilə əlaqədardır. Oğlum Ağabəyov Nazim 23 iyul 2015-ci ildə evindən çıxıb işə gedərkən yolda mülki geyimdə olan şəxslər tərəfindən saxlanılıb, əlləri qandallanıb və onların avtomaşınında Bakı Şəhər Polis idarəsinə gətirilib və Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham elan edilib. Hal-hazırda oğlumun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.

Hörmətli cənab Prezident!

Mənim oğlum Ağabəyov Nazim yüksək ixtisaslı kompyüter mühəndisidir. Şəxsən mən və övladım həmişə Azərbaycan Dövlətinə, Dövlətçiliyimizə Möhtərəm Prezidentimiz Sizə sadiq bir vətəndaş olmuşuq. Dövlətimizin rifahı naminə möhtərəm Prezidentimiz gördüyünüz bütün işləri, daxilivə xarici siyasətinizi dəstəkləmişik, bunun üçün əlimizdən gələni etməyə çalışmışıq.

Oğlumun haqsız yerə həbs olunması haqqında mən Azərbaycan Baş Prokuroruna, Daxili İşlər Nazirinə dəfələrlə məktub və teleqramlarla müraciət etmişəm. Təəssüf ki, onların heç biri məni qəbul etmədilər.
Diqqətinizə çatdırmaq istərdim ki, mənim oğlum Nazim ailəsinin yeganə qazanc gətirəni olub. Onun 9 yaşlı qızında anadangəlmə ürək qüsuru var və daima həkim nəzarəti altındadır. Oğlumun həbs olunmasından sonra onun ailəsinin, xüsusilə balaca qızının hansı hisslər keçirməsi yəqin ki, başadüşüləndir.
Oğlumun narkotik maddə satışı ilə məşğul olması heç bir məntiqə sığmır. Ümumiyyətlə, onun narkotika ilə hər hansı bir əlaqəsinin olması mümkün deyil və həmin iş üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizası da bunu təsdiq etmişdir.

Emin Milli və xanımı

Möhtərəm cənab Prezident!

Mən bilirəm ki, oğlumun həbs edilməsi anlaşılmazlığın nəticəsidir və onun barəsndə sizə düzğın məlumat verməyiblər. Mənim artıq heç bir şübhəm yoxdur ki, oğlumun həbs edilməsinin səbəbi onun barəsində verilmiş səhv informasiyadır. Bu məsələnin haradan qaynaqlandığı artıq mənə məlumdur. 2011-ci ildə mənim qızım Törəxanım Emin Abdullayev(Milli) ilə ailə qurub. Hal-hazırda onlar Almaniyada yaşayırlar. Qızımın həyat yoldaşı Emin(Milli) “Meydan TV” deyilən bir qurum yaradıb, Azərbaycan dövləti əleyhinə təbliğat aparır. Mən onun bu hərəkətinə heç zaman razı olmamışam, əvvəllər dəfələrlə ona iradımı bildirsəm də faydası olmayıb. Buna görə də onunla bütün əlaqələri kəsmişəm. Oğlum Nazimin də onunla heç bir əlaqəsi olmayıb və Eminlə heç bir vaxt görüşməyib. Yəqin ki, istintaq bu məsələləri tam araşdırıb. Hətta bunu araşdırmaq üçün oğlumu bir həftə Daxili işlər Nazirliyinin banditizm idarəsinə aparıb orada saxlayıblar. Sadəcə hüquq mühafizə orqanları öz səhvlərini etiraf etmək istəmirlər.

Möhtərəm cənab Prezident!

Siz Azərbaycan Respublikasında qanunçuluğun, hər bir vətəndaşın hüquqlarının qorunmasının qarantısınız. Mən də, oğlum da həmişə Sizin qayğınızı öz üzərimizdə hiss etmişik. Oğlum həbs ediləndən indiyə kimi ilk növbədə Ulu Öndər mərhum Heydər Əliyev cənabları və onun layiqli davamçısı olan möhtərəm Prezidentimiz sizin tərəfinizdən ümumiyyətlə mədəniyyətə və xüsusən də mənim əməyimə verilmiş yüksək qiyməti nəzərə alaraq oğlumun qanunsuz həbs edilməsinin ictimailəşməsinin əleyhinə olmuşam, bunun dövlətimizə baş ucalığı gətirməyəcəyini düşünmüşəm, bu gün də bu fikirdəyəm. Çünki Ümummilli Liderimiz Heydər Əliyev cənablarının təbirincə desək: “Dövlət iki halda- cinayətkar cəzasız qaldıqda və cinayət etməmiş şəxs cəzalandırıldıqda sarsıla bilər”. Güman edirəm ki, kimlərsə bu yolla mənim Azərbaycan dövlətinə və Prezidentinə olan inamımı sarsıtmağa çalışır. Mən dövlətə də, möhtərəm Prezident Sizə də səmimi qəlbdən inanıram.

Sizə yeganə bir xahişlə müraciət edirəm oğlum Nazimin Emin Millinin yaramaz hərəkətlərinə görə məhkum olmasına imkan verməyəsiniz, onun tezliklə azadlığa çıxmasına ailəsinə, xəstə övladına qovuşmasına yardımçı olasınız.

Mayis Ağabəyov