“Əmin olun, ölkəyə senzura qayıtmayacaq” - Sədr

emin-olun-olkeye-senzura-qayitmayacaq-sedr-
Oxunma sayı: 700

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşovun “Qafqazinfo”ya müsahibəsi


- Əflatun bəy, Mətbuat Şurasında internet resursları üzrə komissiya yaradılıb. Bununla bağlı tədbir də keçirdiniz. Maraqlıdır, bu komissiya hansı zərurətdən yaradıldı?
- Söhbət internet media resursları üzrə komissiyadan gedir. Ona zərurət isə elə həmin tədbirdə ətraflı izahını tapdı və düşünürəm ki, kifayət qədər aydın mesaj verildi. Məsələ ictimai tənzimlənmədən gedir. Əgər Mətbuat Şurası indiyədək təkcə qəzet, jurnal və informasiya agentlikləri ilə bağlı şikayətləri araşdırırdısa, bundan sonra internet media vasitələrinin fəaliyyətindəki ayrı-ayrı narazılıq doğuran məqamlar nəzərdən keçiriləcək. Əlbəttə, bu prosesə əvvəldən start vermişik. Yəni, Mətbuat Şurası müxtəlif internet portallarla bağlı məsələlərə dair müvafiq qərar və rəylər də verib. Sadəcə indi fəaliyyətimizi bir qədər də təkmilləşdirəcəyik. Meyarlarımız və prinsiplərimiz isə dəyişməzdir. Çünki cəmiyyətin ümumi mənafelərinə zidd, insanların dinc birgəyaşam qaydalarını təhdid edən peşə dəyərlərindən uzaq materiallar harada dərcindən asılı olmayaraq eynidir. Onlar barədə də müvafiq ölçü götürülməlidir. Mətbuat Şurasına daxil olan çoxsaylı şikayətlərdəki konkret motivlər də bu zərurəti ortaya qoyur. Yada salaq, vaxtilə ənənəvi medianın ictimai tənzimlənməsinə nəyə görə ehtiyac yaranmışdı? Ona görə ki, əsl jurnalistlər özlərindən olmayanların adlarına ləkə gətirdiklərini, peşə dəyərlərindən sui-istifadəyə yol verdiklərini gördülər. Vəziyyəti aradan qaldırmaq üçün Mətbuat Şurasını formalaşdırdılar. Baxın, artıq on il olacaq ki, Şura Azərbaycan mediasının nüfuzuna zərbə vuran mənfi meyllərlə mübarizə aparır. Qiymət vermək istəməzdim, təkcə onu deyim ki, Şuraya etimadın yüksəlməsi cəmiyyətin işimizə münasibətinin bariz göstəricisidir. Burada təkcə “reket jurnalistika” ilə mübarizə deyil, ümumən media məkanımızdakı neqativ tendensiyalar nəzərdə tutulur. İndi də bəzi internet vasitələr özlərini sanki on il əvvəl müəyyən qəzetlərin özlərini apardıqları tərzdə aparırlar. Məsuliyyətsizliyə yol verirlər. Təsəvvür edin ki, belələrinə münbit şərait yaradılır. Hər hansı məsuliyyətə cəlb olunmurlar. Yanlış anlaşılmasın, söhbət Mətbuat Şurasının işindən gedirsə, önə çəkilməli məqam ictimai məsuliyyətdir. Nəzərə alaq ki, hazırda həqiqi jurnalistlərin illər öncə müəyyənləşdirdikləri ictimai məsuliyyət kateqoriyaları media sahəsindəki tənzimləmənin əsas istiqamətvericisi kimi çıxış edir. Mövcud xüsusda “Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları”na istinad olunur. Bu, konkret uğurdur. Uğuru şərtləndirən başqa tədbirləri də sadalamaq mümkündür. Elə isə, nəyə görə yeni medianın fəaliyyəti timsalında əldə etdiklərimizi itirək, əvvəlki dövrə qayıdaq? Axı, həmin dövrün xoşagəlməkliklərinin əziyyətini indinin özündə də çəkirik. Məsələnin ikinci tərəfindən danışım. Dünya dəyişir, ənənəvi media öz yerini elektron mediaya verməkdədir. Proses çox sürətlə gedir. Hazırda gündəlik yayımlanan qəzetlərin əksəriyyətinin internet səhifəsi var və həmin səhifələr daha dinamikdirlər. Ola bilər ki, bir müddətdən sonra ümumiyyətlə çap mediası sıradan çıxsın. Bir-iki il əvvəllə müqayisədə hazırda internet üzərindən yayımlanan xəbər portallarının sayı da həddən artıq çoxdur. Mövcud durumda zamanla ayaqlaşmaq zərurəti meydana çıxır. Yəni, hər bir halda müəyyən müddətdən sonra ictimai tənzimləmənin obyekti rolunda məhz elektron medianın çıxış etməsi qaçılmazdır. Komissiyanın yaranma səbəblərindən biri də budur. Prosesə indidən start vermək vacibdir. Burada prinsipcə mübahisə yarada biləcək məqam varsa, o da ictimai tənzimləmənin özüdür. Yenə də deyirəm, insanların şərəf və ləyaqətini aşağılayan material, fərqi yoxdur, ya qəzetdə gedir, ya da internet portalda, ünvanlandığı şəxsə təsiri, cəmiyyətdə doğurduğu mənfi emosiya dəyişməzdir. Bu halda kim düşünə bilər ki, informasiya daşıyıcısı rolunda çıxış edən onlayn resursların tənzimlənməsinə ehtiyac yoxdur? Əlbəttə, var və güman edirəm ki, gələcəkdə zərurət özünü daha çox göstərəcək. Üçüncüsü, komissiya təkcə Mətbuat Şurasına onlayn media ilə bağlı daxil olan şikayətlərdəki motivləri nəzərdən keçirməyəcək. Eyni zamanda daim dinamik inkişafda olan sahənin yeniliklərini tədqiq edəcək, araşdıracaq, mövcud istiqamətdəki meylləri öyrənəcək, belə desək, internet biliciləri ilə məsləhətləşmələr aparacaq. Onun işində hər kəsin rəyi nəzərə alınacaq. Bütün bunlar olduqca vacibdir. İnanıram ki, komissiyanın tərkibi də mobil fəaliyyət üçün əsas verir. Orada onlayn media sahəsində kifayət qədər təcrübəsi olan şəxslər cəmləşiblər.


- Mətbuatda gedən açıqlamalarınızında belə bir fikir səsləndirmişdiniz ki, Azərbaycanda internet media üçün heç bir maneə yoxdur. Bu yeni yaradılan internet resursları üzrə komissiyadan sonra müəyyən maneəler yarana bilərmi? Yəni ki, online medialara senzura ola bilərmi?
- Komissiya maneə yaratmaq üçün yaranmır. Hamıdan məsələyə obyektiv yanaşmağı xahiş edirəm. Hazırkı dünyada internetin səviyyəsi söz və ifadə azadlıqlarının meyarı kimi dəyərləndirilir. Azərbaycanda da belə qəbul olunub. Sadəcə, inkişaf etmiş Qərb cəmiyyətlərində məsələyə kompleks baxış fərqlidir. Orada məsuliyyət anlayışı haqqında bəhs etdiyimiz azadlıqlarla bir növ, vəhdətdə götürülür. Kimsə özünü ifadə etmək istəyirsə və iddiadadırsa ki, onun özünü ifadə etməsi ictimaiyyətin mənafeləri baxımından zəruridir, o zaman məsuliyyəti də yaddan çıxarmır. Biz məsuliyyəti arxa plana atanları da görürük. Amma baxın, Mətbuat Şurası bir komissiya yaradır, kimlərsə durub bunu senzuranın bərpası kimi dəyərləndirir. Qəribədir, narahatlıq keçirməli olan kəsimin - peşə davranışı qaydalarını pozanların səsi çıxmır. Fəaliyyətləri üzdə olanlar, özlərini peşə müstəvisində bu və ya digər dərəcədə təsdiqləyənlər narazılığa başlayıblar. Nədən təlaşlanırlar, anlamaq olmur. Sabah tutalım, internet medianın təsis edilməsində istər texniki, istərsə də təşkilati baxımda hansısa hüquqi prosedurlar tətbiq ediləcəksə, bu, fəaliyyətin məhdudlaşdırılmasımı olacaq? Məncə, yox. Əlbəttə, media ictimaiyyəti hüquqi tənzimlənmənin detallarını özü müəyyənləşdirməli, təkliflər irəli sürməlidir ki, mövcud sahədə onun məqbul bilmədiyi meyllər tətbiq edilməsin. Amma cəmiyyət üzvlərinin də mənafeyi nəzərə alınmalıdır. Bu gün kimsə sıradan biri çox asanlıqla sayt yaradıb, xoşlamadığı kimisə təhqir edə bilirsə, məsələyə necə ad verək? Diqqət yetirək, yaxşı qəzetlər az olduğu kimi, real internet media resursları da azdır. Amma baxın, nə qədər xəbər saytı var. Belələrinin sıradan çıxması üçün bazar mühitinin formalaşmasını gözləmək vaxt itkisindən başqa bir şey deyil. Ətrafa məsuliyyətsizlik toxumları səpərək dəyərlərimizi, elə söz və ifadə azadlıqlarını da təhdid edirlər. Buna görə də düşünürəm ki, internet medianın beynəlxalq standartlara uyğun hüquqi tənzimlənməsi formalarını müəyyənləşdirməliyik. Birbaşa sualınıza gəlincə, senzuranın üzərində dayanmağa ümumiyyətlə ehtiyac görmürəm. Əmin olun, ölkəyə senzura qayıtmayacaq. Hesab edirəm ki, illər ərzində Azərbaycan jurnalistikasında ona qarşı çox ciddi imunitet formalaşıb. Hazırda kimlərsə narazılıqlarını rahat şəkildə ifadə edə bilirlərsə, bu, həmin imunitetin təzahür formasıdır. Təbii ki, “senzura, müxtəlif basqılar altında fəaliyyət göstəririk” kimi fikirlər səsləndirməklə öz fəaliyyətlərinə əlahiddə status qazandırmağa çalışanlar olacaq. Elələrinin orta məktəb dərsliklərindən əzbərlədikləri terminləri istifadə etmələri üçün münbit şəraitin yaradılması da zəruridir. Subyektiv görünə bilərəm, amma düşünürəm ki, bu, cəmiyyətdəki müəyyən qrupların hərəkətlərinin aşırı səciyyə daşımaması baxımından önəmlidir. Amma onu da tövsiyyə edərdim ki, həmin terminləri dillərinə gətirənlər keçmişdə ilişib qalmağa adət etməsinlər. Hadisə və proseslərə bir qədər açıq gözlə baxsınlar. Zənnimcə, media ictimaiyyəti jurnalist məsuliyyətinin mahiyyətini anlayır və məsələyə mövcud kontekstdən yanaşır.


- İnternet mediasından danışırıq. Maraqlıdır ən çox hansı internet mediasını izləyirsiniz?
- “Qafqazinfo” ən çox izlədiklərimdəndir, əlbəttə. Fürsətdən istifadə edib, saytı fəaliyyətə başlamasının üç ili münasibətilə təbrik edirəm. Əminəm ki, “Qafqazinfo” cəmiyyətdəki məxsusi mövqeyini hələ uzun müddət qoruyub saxlayacaq.
Ümumən, fəaliyyətinə gündəlik nəzər yetirdiyim internet media vasitələrinin sayı çoxdur. Mətbuat Şurasının sədri kimi təbii ki, onların mümkün qədər hamısını izləməliyəm. Bəyəndiklərim də var. Hesab edirəm ki, internet media resursları öz fəaliyyətləri ilə Azərbaycan jurnalistikasına yeni xarakterik xüsusiyyətlər gətirməyi bacarıblar. Gələcəkdə daha zəngin yaradıcılıq məhsulları ilə seçilənlərin də meydana çıxacağına əminəm.


- Çap mediasında olduğu kimi, internet mediada da reketçiliklə mübarizənin ancaq ictimai qınaq vasitəsilə aparıldığını demişdiniz. Bəs reketçilklə bağlı Mətbuat Şurası səviyyəsində hansı tədbirlər görürsünüz?
- Mətbuat Şurasının fəaliyyəti ictimai qınaq üzərində qurulub. Bu mənada ənənəvi media ilə elektron media arasında fərq ola bilməz. Jurnalistlərin vahid peşə davranışı qaydaları var. Mətbuat Şurası onun prinsip və bəndlərinə riayət edilib-edilmədiyinə ictimai nəzarəti həyata keçirir. Həmin prinsiplər Azərbaycan Jurnalistlərinin I qurultayında qəbul edilib. Ötən il Mətbuat Şurasının ATƏT-in Bakı ofisinin ekspert dəstəyi ilə reallaşdırdığı layihə çərçivəsində qaydalara əlavə və düzəlişlər edildi. Yeri gəlmişkən, bununla bağlı bir neçə dəfə media cameəsinin iştirakı ilə müzakirələr də düzənləndi. Qələm sahiblərinin təklifləri yeni variantın yekun mətnində yer aldı. Əslində tədbirlər KİV təmsilçilərinin məsuliyyət çevrəsini müəyyənləşdirməklə yanaşı, həmin çevrəni genişləndirdi də. Məsələn, diqqətinizi jurnalistin müstəsna hal kimi digər imkanları mövcud olmadıqda, ictimai əhəmiyyət kəsb edən informasiyanın əldə edilməsi üçün xüsusi avadanlıqlardan (gizli kameralar, gizli mikrofonlar və sair gizli vasitələrdən) və ya üsullardan (“qurama” kimlik və s. ) istifadə edə bilməsinin mümkünlüyü bəndinin əlavəsinə yönəltmək istərdim. 2009-cu ildə keçirilmiş Referendumda ölkə konstitusiyasının “Şəxsi həyatın toxunulmazlıq hüququ” adlı 32-ci maddəsinə edilən dəyişikliyə görə, öz razılığı olmadan kimsənin səxsi həyatı haqqında məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz. Bundan sonra bir çoxları mövcud status-kvonun medianın və jurnalistlərin fəaliyyətinə mənfi təsir göstərəcəyini vurğulayırdılar. Əslində isə narahatçılığa əsas yox idi. Ona görə ki, konstitusiya dəyişikliyi şəxsi həyatın toxunulmazlıq hüququnu möhkəmləndirmək məqsədi daşıyırdı. Burada jurnalistin üzərinə düşən şəxsi əhəmiyyətli informasiya ilə ictimai əhəmiyyətli məlumatın sərhədlərini dəqiq müəyyənləşdirmək məsuliyyətidir. Digər tərəfdən o, vəzifəli şəxsin, deyək ki, hər hansı digər yüksək statuslu adamın həyatının hansı məqamda şəxsi səciyyədən çıxıb ictimai əhəmiyyət daşıdığını da düzgün qiymətləndirməlidir. Təbii ki, kimlərin şəxsi həyatının ictimai əhəmiyyət müstəvisinə çıxa bilməsinin mümkünlüyü də mütləq nəzərə alınmalıdır. “Reket jurnalistika”nın nümayəndələri təbii ki, bütün bunları görmürlər və hazırda internet mediasına da ayaq açmaqla əslində prinsip və dəyərlərə laqeyd münasibət üçün daha münbit, məsuliyyətdən uzaq zəmin əldə etmiş olacaqlarını düşünürlər. Təəssüf ki, onlara qarşı bəzən yalnız ictimai qınaqla məhdudlaşmaq olmur. İctimai qınaq həqiqi jurnalist yaradıcılığındakı peşə müstəvisində nəzərə çarpan hansısa çatışmazlığın, yanlışlığın aradan qaldırılması yoludur və bu yol bütün dünyada məqbul qarşılanır. Amma bir yazı başdan-başa açıq təhqir və böhtanlarla doludursa, belə tip materialların verilməsi mütəmadi səciyyə daşıyırsa, mövcud hal eyni zamanda kütləvi qanun pozuntuları ilə də müşahidə edilirsə, ictimai qınaq əhəmiyyətini itirir.


- Yəqin ki, fərqindəsiniz ki, bu gün Azərnəşriyyatda müxtəlif adlar altında reketçiliklə məşğul olan qəzetlər var. Bununla bağlı hansısa tədbirlər görülürmü?
- “Azərbaycan” Nəşriyyatı rəhbərliyinə müraciətlərimiz olub. Bir neçə dəfə həmin qəzetlərin oradan belə demək mümkünsə, “təmizlənmə”si də həyata keçirilib. Güman edirəm ki, proses gələcəkdə də davamını tapacaq. Ümumən mübarizə kimisə oturduğu yerdən qovub çıxarmaq üzərində qurulmamalıdır. “Reket jurnalistika” özlüyündə media ictimaiyyətinə utanc gətirən hadisə olmaqla yanaşı, cəmiyyətin mənafelərinə zidd tendensiyadır. Təkcə “Azərbaycan” Nəşriyyatı deyil, müvafiq strukturların hər biri öz fəaliyyətləri çərçivəsində bu mənfi halın hansısa formada ayaq açmasına yol verməməlidirlər. Mətbuat Şurası bunu təşviq edir, maarifləndirmə işlərini aparır. “Qara siyahı”larını mütəmadi olaraq açıqlayır. Hər təşkilat mübarizə mexanizmini necə qurur, artıq onun öz işidir. Yetər ki, mübarizə olsun. Məsələn, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu adı “qara siyahı”da yer alan qəzetlərin layihələrini maliyyələşdirmir. Yazıları həmin KİV-lərdə gedən jurnalistləri müsabiqəyə buraxmır. Bu, bəlli prinsipdir. Digər tərəfdən, bizə məlumatlar daxil olur ki, yerlərdəki icra hakimiyyətlərində və digər təşkilatlarda adı siyahıda olan media vasitələri ilə əməkdaşlıq edilmir. Əlbəttə, təsir vasitələrimizi daha da gücləndirməliyik.



- Siz Əvəz Zeynallının “Xural” qəzetinin də rekertçiliklə məşğul olduğunu bildirmişdiniz. Son məhkəmə prosesində dövlət ittihamçısı Əvəz bəyə 11 iş istədi. Buna münasibətiniz necədir?
- Bildiyim qədərilə Əvəz Zeynallının həbsindəki motivlərin gerçək peşə fəaliyyətinə aidiyyatı yoxdur. Bəli, Mətbuat Şurası indi də bu rəydədir ki, “Xural” qəzeti “reket” nəşr kimi fəaliyyət göstərib. Şuraya ondan gələn çoxsaylı şikayətlər belə söyləməyə əsas verir. Ona görə də qəzetin adı “qara siyahı”ya salınıb. 11 ilə gəldikdə isə, düşünürəm ki, yəqin, buna əsas verən hansısa səbəblər nəzərə alınıb. Əlbəttə, müddət çoxdur. Hər halda bu, yekun qərar da deyil. Əvəz Zeynallı ölkəmizdə müntəzəm yayımlanan qəzetin baş redaktoru kimi çalışıb. Sonrakı fəaliyyətindən asılı olmayaraq, o, jurnalistika sahəsində tanınıb. Bu baxımdan həbsə düşməsi ümumiyyətlə yaxşı hal deyil. Nə deyim, Allah qapısını açsın.


- Mətbuat Şurası Prezident Administrasiyasına mətbuatın iqtisadi imkanlarının yaxşılaşdırılması və müstəqil qəzetlərdə dövlət reklamının yayılması ilə bağlı təkliflər vermişdi. Bunun nəticəsi necə oldu?
- Bu təkliflər ötən ilin yayında KİV redaktorlarının Mətbuat Şurasında Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri cənab Əli Həsənovla görüşündə səsləndirilmişdi. Ötən müddət ərzində onlarla əlaqədar müvafiq iş aparılmaqdadır. Ümumən söhbət KİV-lərin reklam təminatının artırılması yollarından gedir. Bu istiqamətdə kompleks fəaliyyətə, hətta deyərdim ki, konkret strategiyaya ehtiyac var. Düşünürəm ki, təşəbbüslər gözlənilən məntiqi nəticəsini verəcək. Digər tərəfdən, Mətbuat Şurası sosial reklamların KİV-də yerləşdirilməsinin Türkiyə təcrübəsini öyrənib və bununla bağlı təkliflərini də ölkə rəhbərliyinə təqdim edib. Əsas odur ki, istər cəmiyyətidə, istərsə də hakimiyyətdə KİV-lərin reklam təminatının hüquqi tənzimlənmə mexanizmlərinin hazırlanmasının vacibliyinə dair formalaşmış rəy var. Prosesin hansı formada olacağına gəldikdə, bunu zaman göstərəcək. Hər halda nikbinlik üçün əsas mövcuddur.


- Hazırda qeydiyyatdan keçən mətbuat orqanlarının sayı neçə bəs?
- Səhv etmirəmsə, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin sonuncu məlumatında KİV-lərin dəqiq sayının 4700-ü ötdüyü göstərilirdi. Əlbəttə, əsas kəmiyyət yox, keyfiyyətdir. Təəssüf ki, keyfiyyət istədiyimiz səviyyədə deyil.


- Aksiyalarda bəzən jurnalistlərin döyülməsi, xəsarət alamaları ilə də rastlaşırıq. Bu kimi halların yaranmaması üçün Mətbuat Şurası hansı tədbirlər görür?
- Mətbuat Şurası kütləvi aksiyalar zamanı jurnalist təhlükəsizliyi məsələsinə böyük önəm verir. Əsas istəyimiz hər bir KİV təmsilçisinin öz peşə borcunu sərbəst, maneəsiz şəkildə yerinə yetirməsidir. Buna görə də aksiyalarda jurnalistlərə yaradılmış şəraitin monitorinqini aparırıq. Əlbəttə, jurnalistlərdən asılı olan məsələlər də var. Küçə aksiyaları elə bir yerdir ki, burada vəziyyət istənilən an dəyişə, gərginləşə bilər. Jurnalist mümkün qədər özünü qorumağı da bacarmalıdır. Şərt o deyil ki, gedib qarşıdurmanın mərkəzində dayanasan. Əsas vəzifə prosesi işıqlandırmaqdır. Bunun üçün bütün mümkün vasitələr dəyərləndirilməlidir. Ən optimal vasitə isə üzərində “PRESS” yazılmış xüsusi gödəkçələrdən istifadədir. KİV təmsilçiləri aksiyaçılardan fərqlənməlidirlər. Dünyanın hər yerində qəbul olunmuş model budur. Hətta icazəli xarakter daşıyan aksiyalarda belə jurnalistlərin fərqlənmələri vacibdir. Yox, əgər hansısa qələm sahibi öz vətəndaş mövqeyini bildirmək üçün aksiyaya qatılacaqsa, bu onun öz işi olacaq. Tədbirlərə gəlincə, Mətbuat Şurası ötən il ATƏT-in Bakı ofisi ilə birgə kütləvi aksiyalar zamanı jurnalist-polis münasibətlərinə dair treninqlər keçirmişdi. Düşünürəm ki, gələcəkdə də bu səpkidə işlərimiz olacaq. Çünki seçki yaxınlaşdıqca kütləvi aksiyaların sayının artacağı da proqnozlaşdırılır.


- Sonuncu dəfə ötən il noyabrın 17-də keçirilən aksiya zamanı jurnalistlərə qarşı olan təzyiqlərlə bağlı Azərbaycan Mətbuat Şurası müvafiq qurumlara, o cümlədən Daxili İşlər Nazirliyinə müraciət ünvanlamışdı. Həmin müraciətlərinizə cavablar gəldimi?
- Ötən il noyabr ayının 17-də keçirilmiş aksiyada “Yeni Müsavat” qəzetinin əməkdaşı Fərahim İlqaroğlu təzyiqə məruz qalmışdı. Həmin vaxt jurnalistin əynində xüsusi gödəkçə var idi. Həm Mətbuat Şurası, həm də qəzetin redaksiyası Daxili İşlər Nazirliyinə müraciət ünvanladı. Jurnalistin şikayəti üzrə DİN-də təhqiqata başlanıldı. Fərahim İlqaroğlu və təzyiqə məruz qalmış digər jurnalist – “Turan” İnformasiya Agentliyinin əməkdaşı Etimad Budaqov DİN-də ifadə verdilər. Bununla bağlı Mətbuat Şurasına da müvafiq cavab məktubu ünvanlandı. Məlum olduğu kimi, sonradan təhqiqat gedişində jurnalistlərlə polislər üzləşdirildi və ikincilər etdikləri əmələ görə üzr istədilər.

- Jurnalistlərdən söz düşmüşkən soruşmaq istərdim ki, “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidin ölkəyə qayıtmasını təmin etmək mümkündürmü? Belə bir fikriniz varmı
- Ümumiyyətlə, elə bir məlumata rast gəlməmişəm ki, orada Qənimət Zahidin ölkədən çıxmasına və qayıtmasına məhdudiyyət qoyulduğu göstərilsin. O, hərəkət etməkdə sərbəstdir.

- Əflatun bəy, redaktorların qəzetlərin satışı ilə bağlı müəyyən şikayətləri var. Bu məsələ ilə bağlı aidiyyatlı qurumlarla danışıqlar apardınızmı?
- Bu məsələ həmişə diqqətimizdədir. Mətbuat Şurasının İdarə Heyətinin sonuncu iclasında da ondan ətraflı bəhs edildi və 2013-cü il üçün iş planına əlavə olundu. Hesab edirəm ki, bu ildən mövcud istiqamətdə müvafiq dövlət qurumları ilə təmaslarımız daha sıx xarakter daşıyacaq. Məsələyə təkcə qəzet köşkləri müstəvisində baxılmır. Bütövlükdə qəzetlərin satış imkanlarının yüksəldilməsi əsas götürülür. Mövcud xüsusda yeni köşklərin yerləşdirilməsi, bəzi yayım firmalarının götürülmüş köşklərinin bərpası imkanlarının araşdırılmasına da diqqət yetirilir. Təbii ki, yeni köşklərdə satış da nəzarətdə saxlanılır. Mətbuat Şurasının qrupu konkret olaraq sonuncu məsələ ilə bağlı müəyyən müşahidələr də aparıb. Bəzi yerlərdə qəzetləri görmək olmur. Əlbəttə, bu deyimi bütün yeni köşklərə şamil etmək doğru sayılmaz. Ümumən vəziyyət yaxşı deyil.

- Mətbuat orqanları ilə məmurlar arasında yayımlanan yazılara görə arasında məhkəmə çəkişmələri olur. Bu cür problemlər yaranan zaman siz həmin qəzetləri müdafiə edirsinizmi? Və ya KİV böhtan atanda həmin mətbuat orqanına qarşı hansısa tədbirlər görülürmü?
- Məhkəmə proseslərinin konkret iştirakçıları, tərəfləri var. İddiaçı bəlli, cavabdeh də bəllidir. Çalışmaq lazımdır ki, münasibətlər məhkəmə müstəvisinə gedib çıxmasın. Mətbuat Şurası da əslində bunun üçündür. Şurada baxılan şikayətlərin demək olar, 80 faizində məhkəmə predmeti sayıla biləcək məsələlər araşdırılıb, müvafiq qərar və rəylər çıxarılmaqla problemli vəziyyətlər yoluna qoyulub. Biz böhtan atan media vasitələrinə qarşı tədbirlərimizi prosedur fəaliyyət istiqamətlərimizə uyğun olaraq belə həyata keçiririk. Onları ictimai qınağa çəkirik. Əlbəttə, məmurlar da mümkün qədər çalışmalıdırlar ki, KİV-ləri məhkəməyə verməsinlər. Bununla əlaqədar cənab prezidentin də tövsiyəsi olmuşdu. O, vəzifəli şəxsləri mətbuata qarşı dözümlü olmağa çağırmışdı. Hesab edirəm ki, ötən illərlə müqayisədə mövcud sahədəki neqativ cəhətlər azalmaqdadır. Amma bəzən məmur-KİV münasibətlərinin məhkəmə müstəvisində araşdırılmasına dair faktlara da rast gəlirik. Mətbuat Şurası məhkəməyə təsir göstərə bilməz. Sadəcə bəzən müraciət edərək bu və ya digər hökmün nisbətən yumşaldılması imkanlarının dəyərləndirilməsini xahiş edirik. Belə müraciətlərimiz çox olub və nəzərə alınıb. Hər halda jurnalistlər də yazdıqlarının özləri üçün arzuolunmaz məhkəmə perspektivini düşünməlidirlər.


Gülnar Ədalətqızı