Ərdoğan Rusiya-Ukrayna nümayəndə heyətləri ilə görüşdü - Yenilənib

erdogan-rusiya-ukrayna-numayende-heyetleri-ile-gorusdu
Oxunma sayı: 5603

Xəbər verdiyimiz kimi, bu gün Türkiyənin İstanbul şəhərində Rusiya və Ukrayna arasında danışıqların növbəti raundu keçiriləcək. Danışıqların Bakı vaxtı ilə 11:30-da başlayacağı gözlənilir.

“Qafqazinfo”nun “TASS”a istinadən məlumatına görə, Ukrayna nümayəndə heyəti danışıqların keçiriləcəyi Dolmabaxça sarayına gəlib.

Görüş mətbuata qapalı olacaq.

***

Rusiya nümayəndə heyəti də Dolmabaxça sarayına gəlib.

***

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan nümayəndə heyətləri ilə görüşüb.

O,  ilk olaraq nümayəndə heyətlərini salamlayıb: “Sizi belə kritik bir zamanda qonaq etməkdən məmnunuq. Görüşlərinizin və danışıqlarınızın ölkələrinizə, regionumuza və bütün bəşəriyyətə faydalı olmasını arzulayıram. Liderlərinizin göstərişləri əsasında həyata keçirdiyiniz danışıqlar prosesi sülhə ümidləri artırdı və bütün dünyanı həyəcanlandırdı. Biz bu çərçivədə danışıqları ürəkdən dəstəkləyirik. Siz ölkələrinizin naminə böyük səylər göstərmisiniz, hələ də davam edirsiniz. Ona görə də öz adımdan və millətim adından sizi təbrik edirəm”.

Bununla yanaşı, Türkiyə Prezidenti tərəfləri atəşkəs rejiminin tətbiq edilməsinə çağırıb. 

Onun sözlərinə görə, Türkiyə Rusiya və Ukrayna nümayəndə heyətlərinin işinin asanlaşdırılması üçün bütün lazımi dəstəyi göstərməyə hazırdır.

“Beşinci həftəsinə qədəm qoyan münaqişələr dostunuz və qonşunuz olaraq bizi çox kədərləndirir. Böhran başlayandan bəri biz bütün səviyyələrdə səmimi səylər göstərmişik. Çalışmışıq ki, aramızda olan qonşuluq, dostluğa görə bu hüququn tələblərini yerinə yetirək. Şəxsən mən bir çox həmkarımla gərgin diplomatik danışıqlar aparmışam. Xarici işlər nazirim, milli müdafiə nazirim və baş müşavirim İbrahim bəy də həmsöhbətləri ilə əlaqə saxlayırdı.

Münaqişənin uzadılması heç kəsə faydalı deyil. Müharibədə qalib tərəf olmur. Faciəni dayandırmaq tərəflərin üzərinə düşür. Türkiyə olaraq məsuliyyəti öz üzərimizə götürməkdən qaçmamışıq və qaçmırıq. Tezliklə atəşkəsə və sülhə nail olmaq hamının xeyrinədir. Hesab edirik ki, danışıqlardan konkret nəticələrin alınmalı olduğu dövrə daxil olmuşuq. İndiki mərhələdən etibarən siz nümayəndə heyətinin üzvləri kimi tarixi bir məsuliyyət daşımısınız. Bütün dünya sizdən xeyirli və şad xəbərlər gözləyir. Liderlərinizin rəhbərliyi ilə siz sülhün əsasını qoyursunuz. Biz işinizi asanlaşdıracaq hər cür töhfəyə hazırıq”, - deyə Ərdoğan vurğulayıb.