Evsiz keçən 20 ilim...

evsiz-kecen-20-ilim
Oxunma sayı: 3345


Mən də, bütün qarabağlılar, füzulililər kimi, düşmən tapdağı altında olan torpağımızın dağını-daşını, ətrini-qoxusunu, flora və faunasını, vizual və virtual görüntüsünü bir an belə unuda bilmədim. Həsrətimi yazılarıma köçürdüm:

... Ürəyin yandımı, yandımı için,

Odun çıxdımı, çıxdımı ruhun?

Külün qaldımı, qaldımı yadında

vurulmağın?

Şuşada vurulan vertalyot!


“Uşaq” idim onda,

Qəşəng idim onda,

Yana-yana düşən sən də qəşəngdin.

Elə baxırdım,

Elə bilirdim fişəngdir,

Şuşada vurulan vertalyot.


Bilərdinmi obyektiv “Xəbərçi”

Verəcək vurulmaq xəbərini,

Xəbərin oldumu özündən,

Şuşada vurulan vertalyot?!


Çıxdı ruhun plazma halında,

Uçdu uçduğun göylərə.

Ulu göylər,

Yağmurlu, sulu göylər,

Vurğun vertalyotların

Eşqiylə dolu göylər.


Kərəm olub

Düymə-düymə açdın

Şuşa sevgini.

Yana-yana qaçdın göydən,

Qaça-qaça düşdün göydən

Alma misali...

Şuşada vurulan vertalyot,

Mən də vuruldum o gün –

Ürəyimdən... (“Gecə gözlü həyat” kitabımdan, səh.14)


...Evsiz-eşiksiz qalmışdı,

Torpaqsız qalmışdı,

Qarabağsız qalmışdı,

qarabağlı qadın... (Gecə gözlü qadın” , səh.75)


....lap bir az da ondan əvvəl,

Gecəgözlü kəndiniz vardı,

Gözləri kömür rəngində

itiniz vardı.

Evinizin dupduru pəncərə gözləri

kömür rənginə dönüb,

Siz çıxandan gecə köçüb içinə... (“Çöl adamının qeydləri”, səh. 109).

20 ildir düşmən təcavüzü nəticəsində doğulduğu-böyüdüyü, ləpir-ləpir torpağını öpdüyü, addım-addım çəmənini sevdiyi, ev tikdiyi, yuva saldığı, bala çıxardığı, düşmən çəpəri çəkdiyi, ağac əkdiyi yurdundan-yuvasından didərgin düşüb füzulililər. Təkcə köçkün füzulililərmi? Bəs didərgin ruhlar, altında böyüklər uyuyan qəbir daşlarınin harayı necə? Torpağının altı üstü qədər qiymətlidir bu məmləkətin deyirəm. Torpaq uğrunda, torpaq yolunda çox şəhidlər verdik. Şəhid verdik torpaq qorumaq üçün. Torpağı qorumasan, yaşamağa dəyməz!!! Bilirəm, ulu Dədəmiz Qorqud başqa ifadəylə deyib: “Torpağı qorumasan əkib becərməyə dəyməz, əkib-becərməsən qorumağa dəyməz!”.

Düz 20 ildir Bakıda yaşayıram. 20 ildir Qarabağsızam, 20 ildir Füzulisizəm, 20 ildir evsizəm...Küçədən-küçəyə, evdən-evə, bucaqdan-bucağa çiyinlərimdə qarabağsızlığın, füzulisizliyin, evsizliyin yükünü daşıyıram:

Yüküm özcə yaşıdım,

Daşıdım, hey daşıdım,

Qoymayın yavaşıdım,

Çatıram, ay adamlar! (“Adamlar” kitabımdan, səh.49)

Qismət deyilən bir məfhum var. Bir də, qismətlərin qarşısında minlərlə epitet qoymaq imkanımız... Oxumaq qisməti, yazı qisməti, kitab qisməti, iş qisməti, ürək qisməti, ailə qisməti, uşaq qisməti, ev qisməti...Olmayanlar da oldu qismətimdə. Nədir qismət? Sənə düşən paydır. Ərəb kökənli sözdür. Bu payı isə deyirlər və mən də inanıram ki, mütləq varlıq olan ALLAh verir insana. Verməyəndə də, səbrini, dözümünü, kişiliyini yoxlayır.

20 ildir inanıram: əsir torpaqları düşmən tapdağından azad edəcəyik.

20 ildir inanıram: Füzuliyə getmək imkanımız olacaq.

20 ildir inanıram... “Qarabağ” adlı qapımızı uğurlu siyasətimiz açacaq deyə inanıram.

Bəndəniz 1999-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 2007-ci ildən də AYB-də ev növbəsindəyəm. AYB-nin evsiz üzvlərinə evlər paylandı, mənim qismətimə düşmədi. Susdum... “Qismət” dedim.Yəqin məndən daha çətin vəziyyətdə yaşayanlar var deyə düşündüm. Qoy, onların halal xoşları olsun!

2002-ci ildən AMEA Aspirantlarının Yataqxanasında daimi qeydiyyatdayam. Şərifzadə 12-də. 1998-ci ildə aspiranturada oxuyurdum axı! “Boş otaq yoxdur” deyib orda məni yaşayış yeriylə təmin edə bilmədilər. “Qismət” dedim yenə...günümü, ayımı, illərimi kirayələrdə, qohum-əqraba evlərində, 2003-cü ilsən isə qaçqınların məskunlaşdığı Babək prospekti 72-də (Keçmiş Yanacaq Komitəsinin binası) keçirməklə yaşadım. 2010-cu ildə yaşadığım yerdən, darısqallıq ucbatından yenə kirayələrə köçməli oldum.

20 ildir Bakıda Qarabağsız, Füzulisiz, evsiz yaşayıram. Çarəsiz qaldım və keçmiş Yanacaq Komitəsinin binası olmuş, amma hal-hazırda Dövlət Neft Şirkətinin balansına keçmiş Babək prospekti 72 ünvanında məskunlaşdığım keçmiş məhləmə geri dönmək istədim. Orda dörd divardan ibarət , üstüaçıq, yararsız hala düşmüş bir otağı gözaltı etdim. Ürəyimə ilk gələn “mən bu otağı özümə ev edə bilərəm” düşüncəsi oldu. Iki gün düşündüm. Çarəsizlik məni, bu düşüncəmi reallaşdırmağa vadar etdi. Avqustun 17-də söylədiyim ünvanda yalnız 4 divardan, eni 2.60 sm, uzunluğu 5 metrdən ibarət olan otağın təmirinə başladım. Amma...sən saydığını say, gör fələk nə sayır. Dövlət Neft Şirkətinin səlahiyyətli nümayəndəsi hüquqşünas Emin Hüseynov tikinti gedən yerə baxış keçirdi və qəti olaraq “İcazə yoxdur, olmaz!” dedi. Yeri gəlmişkən, mən 2003-cü ildən bu “qaçqınlar məhləsi”ndə məskunlaşmışdım və orda məcburi köçkün kimi müvəqqəti qeydiyyatdayam. Dövlət Neft Şirkəti Nəqliyyat Departamentinin rəisi məzuniyyətdə olduğundan direktor müavini Elton Əhədovla görüşdürdülər məni. “İcazı yoxdur xanım, gözləyin!” dedi Elton müəllim. Üç gündür gözləyirəm və müsbət bir cavab alacağıma inanıram. Çünki, ədalətli cəmiyyətdə yaşadığımıza əminəm. Haqq hər zaman yerini tutur. Bir də, düşünürəm ki, evsiz-eşiksiz qalan bir tək mən deyiləm ki! Nə qədər insanlarımız var ki, doğma yurd-yuvasından ayrı düşüb, amma Vətənindən ki ayrı deyil. Vətən sağ olsun, Torpaq sağ olsun! Bütün çətin və həlli mümkün olmayan problemlərimizin zaman-zaman öz ədalətli həllini tapacağının şahidi oluruqsa, min şükür Yaradana! Ulu öndərimizin qoyduğu uğurlu siyasətin davamı verir bu şükranlığı bizə.

20 ildir Qarabağsızam, Füzulisizəm, evsizəm...20 ildir tələbə, aspirant, elmi işçi, tarix üzrə fəlsəfə doktoru, yazar, 3 kitab müəllifiyəm, 22 ildir müstəqil olan demokratik bir ölkənin azad vətəndaşıyam. Məcburi köçkün statusum var. Dövlət qulluqçusuyam. Potensialımla, zəhmətimlə qazana biləcəklərimi qazanmışam. Amma ev qurmağa, mənzil almağa gücüm və potensialım çatmır ki, çatmır. Lakin, Qarabağı, Füzulini düşmən əlindən almaq üçün yeri gəlsə əlimə silah almağa, əynimə dəbilqə geyməyə gücüm çatıb, çatır və çatacaq.

Ulu öndərimizin çox sevdiyim kəlamını bir daha xatırladacam: “Mən fəxr edirəm ki, mən azərbaycanlıyam!”. Mən də fəxr edirəm ki, Azərbaycanda yaşayıram. Evim sənsən, Azərbaycan!

Həyat Şəmi