Eynulla Fətullayev: - - təkrar istifadəsi zərərlidir

eynulla-fetullayev-
Oxunma sayı: 3693


“Kaspi” qəzetinin baş redaktoru Natiq Məmmədli Eynulla Fətullayevin haqqında sərt yazı ilə çıxış edib. "Qafqazinfo" həmin yazını təqdim edir.   

«Evsiz jurnalistikanın «Amaşov kurqanı» - Eynulla Fətullayevin təzə yazdığı, hər cümləsindən söyüş, nifrət, ən nəhayət, xəyanət və nankorluq yağan məqaləsinin (heyf məqalə sözündən) sərlövhəsi belədi. Mən Qara dənizin Şərq sahillərindəki skif kurqanları haqqında oxumuşam, qədim Sibirdəki Pazırıq kurqanları haqqında da məlumatım var, amma Əflatun Amaşovun adını daşıyan kurqanın olduğunu, etiraf edim ki, bilmirdim. Yəqin buna yalnız Eynulla Fətullayevin «xəyanətlərimin anatomiyası» rubrikası altında yazdığı yazılarda rast gəlmək olar. 

Mən Amaşovun yerinə münasibət bildirmək, ona vəkillik etməyə ehtiyac duymasam da, onun haqsız yerə murdarlanmış qələmin hədəfinə çevrildiyini görürəm və biganə qala bilmirəm. Digər tərəfdən, sözügedən yazıda təhqir olunan, bəli, məhz təhqir olunan, təkcə Mətbuat Şurasının sədri yox, Azərbaycanın bütün jurnalistləridir. Mətbuata meydan oxuyan, ağıl dərsi keçən isə mətbuata dəxli olmayan, siyasətdən bir az, qəzetçilikdən bir az, hüquq müdafiəçiliyindən bir az, mənəviyyatdan isə lap az xüsusiyyətləri özünün yarımçıq bioqrafiyasına sığışdıra bilən Eynulla Fətullayevdi. Bütün jurnalistlərin adından danışa bilmərəm. Mən media ombudsmanı deyiləm axı. Digər tərəfdən, bütün jurnalistlər də Eynullanı yaxşı tanıyır axı. Elə bu «sevgi»nin nəticəsidir ki, tədbirlərdə onu görənlər on metr kənardan gedir, küçədə onu görənlər yolunu dəyişir. Bir adama ki salam vermirlər, daha niyə adam olursan?! 

Məni düzgün başa düşün, bir abzasda bu qədər kəskin ifadələr işlətmək nə mənim yazı üslubumdu, nə də xarakterimə uyğun gəlir. Sadəcə, çalışıram ki, bizə çamur atana elə onun öz səviyyəsində, cızma-qarasının tonunda cavab verim. Bəs siz necə fikirləşirsiniz? Azərbaycanın bütün mətbuatını maklatura sayan, Azərbaycanın bütün qələm adamlarını əl quzusuna dönməkdə ittiham edən şəxsi yerində oturtmaq (daha doğrusu, sonuncu pərçimləndiyi yerində) üçün nə etmək lazımdı? 

O, bizi satılmış hesab eləyir. O, bizi pulla ələ alınmış hesab eləyir. O, ölkədə məsuliyyətli kütləvi informasiya vasitəsinin olmadığını iddia edir. O, qəzetlərin korrupsiya relsi üzərinə diyirlədildiyini yazır. O, jurnalistikanın pis qoxulu adamların səhnəsinə döndüyünü bildirir. Və onun adı Eynulla Fətullayevdi… Adamı gic gülmək tutur. Doğrudan da belə yerdə söz tapmaq asan məsələ deyil. Ona görə də burda sözü verirəm şairə. Yaman deyib, elə bil Eynullanın portretini çəkib:

Qəfil gün doğsa bir gecə,

Dünya düm ağ işıqlansa…

Görərik kimlərin əli

kimlərin cibindən çıxır.

Kimlər əyilə-əyilə

kimlərin evindən çıxır.

Əlavə şərhə ehtiyac duymuram. Keçək, bizə dərs verən ədalət mələyinin, zəncirlənmiş Prometeyin xarakter cizgilərinin incələnməsinə. Əslinə qalsa, mən başa düşürəm o, niyə belə yazır. Boz-bulanıq bioqrafiyasını reabilitasiya eləmək istəyir. Bütün müstəvilərdə ictimai rəylə oynayır. Guya ədalət axtaran hüquq müdafiəçisidi, amma indiyə qədər bu işlə məşğul olanların hamısının qabağına yekə bir sıfır qoyur. Bu yerdə, mənəvi haqq məsələsi adamın lap gözünə girir. 

Eynulla bütün mətbuatın «makulatura zibilliyi» olduğunu deyəndən sonra bizim qəzetə də ilişir. «Bəs Əlimərdan bəy Topçubaşovun əfsanəvi “Kaspi” qəzetini gör nəyə çeviriblər?! Bu qəzetin sahibləri hətta çar və qədim slavyan loqotipini mənimsəməyə də cürət etdilər. Amma tamamilə sarsaqcasına...» Düz deyirsən, Eynulla, bəlkə də biz sənin bu ifadənə layiqik. Ona görə ki, bütün mətbuat sənin cəmdəyinə tüpürəndə, biz səndən səhifə-səfihə müsahibələr götürürdük. Heç olmasa, o palaz müsahibələrin gedən qəzetin loqotipinə bax, hansı çar və slavyan elementlərindən danışırsan? 

Qəzetimizdən söz düşmüşkən, keçən həftə bizim dəstəyimizlə dahi Azərbaycan mütəfəkkiri Hüseyn Cavidin ilk dəfə olaraq Türkiyədə əsərləri çap olundu. Zamanın fövqündə dayanan Cavid romantizmində məni ən çox heyran edən «İblis»di. Yəni bütün insanlara xain olan insan haqqında heç vaxt solmayan, daim yüksəkdə dayanan şedevr. 

Faciə İblislə başlayır, pərdələr İblislə qurtarır, final İblislə başa çatır. Hər yerdə və həmişə İblis! Niyə İblisi xatırladıram? Çünki səni müqayisə eləmək üçün Yer üzündə gəzən adamlar arasında nümunə tapmağa çətinlik çəkirəm, ədəbiyyatın müsbət qəhrəmanları arasında da yerin yoxdu. 

Bəlkə səni qoca Faustu ələ salan Mefistofellə müqayisə edək? Məncə, Hötenin İblisi sənin yanında yazıq görünər. Bəlkə Demonsan? Yox Lermantovun cənnət əzabkeşini çaya susuz aparıb, susuz gətirərsən. Küfr çıxmasın, mənə elə gəlir ki, sən Cavidin yaratdığı mələkləri yox, insanı iblisləşdirən Şər fenomenindən də yuxarıda dayana bilərsən. 

Bir qazi olub gah edərim fitnələr icad,

Bir mürşid olub gah edərim aləmi bərbad.

Bəzən olurım bir papa, cənnət satırım mən

İsa dirilib gəlsə də qorxar qəzəbimdən.

Bunu həm də ona görə xatırladıram ki, gələcəkdə psixoloqlar insanın iblisə çevrilməsinin müasir mutasiyaları və ya xəyanət etməyin min bir yolu mövzusunda nəsə yazsalar, sənin kimi prototipi yaddan çıxarmasınlar. 

İnsanın xisləti elədir ki, o həmişə İblisə heyran qalır, onun parlaqlığına, komfortuna aldanır. Çox maraqlıdır, sən harda qrimlənirsən? Bu qədər maskanı harada saxlayırsan? Yırtılmış, cırılmış maskalarını kənara qoysaq, qarderobunda hələ üzə çıxarılmamış daha neçəsi qalıb? Bu dəfə kimin kürəyinə xəncər saplayacaqsan? Yediyin qaba neçənci dəfə tüpürməyə hazırlaşırsan? 

Adamları cəm şəklində bir dəfə, olsun iki dəfə aldatmaq olar. Dəyərlərini, dostlarını bir dəfə satmaq olar, iki dəfə olar. Axı mənəvi dəyərlər, dostluq «second hand» mağazasının vitrininə düzülmüş köhnəlmiş mallar deyil. Dostluq demişkən, həmişə düşünürəm, keşkə, mənim sadiq, vəfalı, comərd, əsl kişi xarakterli dostlarımın sırasında Şahvələd də olaydı… Bu təxminən, dağı dağ üstə qoymağın reseptini bilmək kimi bir şeydi. Bunu anlayanlar üçün. Sənə isə çifayda! 

Adama bir dəfə deyərlər «əlini mənə bəstərəcik», iki dəfə deyərlər, lənət şeytana, uzağı üç dəfə deyərlər. Amma və lakin… «quyruq göstərəcik» aqibətini də yadından çıxarmayasan! Daha bundan sonra Xədicənin mikrofonu, adına maklatura dediyin qəzetlərin köşələri, qabağına sıfır qoyduğun hüquq müdafiəçilərinin haray-həşiri sənə kömək olmayacaq. Çünki özündən sonra yalnız boşluq qalıb. Orada isə puç etdiyin ümidlərdən boylanan məyusluğun qara kölgəsi var. Sənin əl işin - “Qara kölgələr kurqanı”...

Natiq Məmmədli