Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun rəhbərliyi ilə nümayəndə heyəti Çinə səfər edib.
“Qafqazinfo” xəbər verir ki, nümayəndə heyətinin tərkibində Milli Məclisin deputatı, “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin Müşahidə Şurasının sədri Xanlar Fətiyev, eləcə də Azərbaycanın Çindəki səfirliyinin nümayəndələri yer alıb.
Səfər çərçivəsində nümayəndə heyəti aprelin 20-də Çindao şəhərində olub və şəhər merinin müavini Qen Tao ilə görüş keçirib.
Görüşdə bildirilib ki, son illər Prezident İlham Əliyev və Çin Sədri Si Cinpin tərəfindən həyata keçirilən siyasət nəticəsində Azərbaycan-Çin münasibətləri bütün sahələr üzrə inkişaf edərək yeni mərhələyə yüksəlib. Xüsusilə Prezident İlham Əliyevin ötən ilin aprelində Çinə dövlət səfəri zamanı hərtərəfli strateji tərəfdaşlıq münasibətlərinin qurulması iki ölkə arasında əlaqələrdə yeni səhifə açıb.
Qen Tao bildirib ki, Azərbaycan nümayəndə heyətinin bu səfəri 2023-cü ildə Şanxay Əməkdaşlıq Təşkilatı tərəfindən Çindaoda təşkil olunmuş “Xalq diplomatiyası və qardaşlaşmış şəhərlər” forumu çərçivəsində imzalanmış əməkdaşlıq sazişindən sonra ilk rəsmi səfərdir.
Onun sözlərinə görə, 10 milyondan artıq əhalisi olan Çindao Çinin iri beynəlxalq liman şəhərlərindən biri, əsas turizm və sənaye mərkəzlərindəndir. Şəhərin 50-yə yaxın ölkənin 90-dan çox şəhəri ilə əlaqələri mövcuddur. Qen Tao həmçinin vurğulayıb ki, son illər Azərbaycan ilə ticari əlaqələr genişlənir və Çindaoda artıq 5 ildir “Azərbaycan Ticarət Evi” fəaliyyət göstərir. Azərbaycan tərəfi şəhərdə keçirilən beynəlxalq sərgilərdə də fəal iştirak edir. Bundan əlavə, Çindao ilə Bakı arasında dəmir yolu və avtomobil nəqliyyatı vasitəsilə yükdaşımalar həyata keçirilir.
Gəncənin zəngin mədəni və ədəbi irsə malik olduğunu qeyd edən Qen Tao iki şəhər arasında iqtisadi, ticarət, mədəni, humanitar və turizm sahələrində əməkdaşlıq üçün geniş potensialın olduğunu bildirib.
Niyazi Bayramov isə öz növbəsində Gəncənin tarixi-mədəni irsi və sosial-iqtisadi inkişafı barədə ətraflı məlumat verib.O bildirib ki, şəhərdə 3 ali təhsil, 3 orta ixtisas təhsili və bir sıra iri sənaye müəssisələri fəaliyyət göstərir.
Həmçinin “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyi, “Azəralüminium” MMC, “Gəncə Şərab-2”, “SemSan” və “Parıltı Halı” kimi müəssisələr barədə məlumat verilib. Diqqətə çatdırılıb ki, Gəncə 2016-cı ildə Avropanın Gənclər Paytaxtı, 2017-ci ildə MDB-nin Mədəniyyət Paytaxtı, 2019-cu ildə Avropanın İdman Şəhəri, 2025-ci ildə isə MDB Ölkələrinin İdman Paytaxtı seçilib.
Şəhər rəhbəri Çindao ilə ticarət-iqtisadi və mədəni-humanitar əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini vurğulayıb. O qeyd edib ki, Gəncənin dünyanın müxtəlif ölkələrinin bir çox şəhəri ilə qardaşlıq və əməkdaşlıq əlaqələri mövcuddur və bu, qarşılıqlı təcrübə mübadiləsi üçün geniş imkanlar yaradır. Niyazi Bayramov Çindao rəhbərliyini Gəncəyə rəsmi səfərə dəvət edib.
Nümayəndə heyəti səfər çərçivəsində dünyaca məşhur “Hisense” şirkətinin baş ofisinə baş çəkib. Çinin ən iri 10 elektrotexnika şirkəti siyahında daxil olan müəssisənin məişət texnikası, yüksək texnologiyalar sahəsində nailiyyətləri ilə tanış olub.








Son xəbərlər
Son Xəbərlər