Gömrük əməkdaşları qəzaya düşdü - Ölən və yaralananlar var - Yenilənib

gomruk-emekdaslari-qezaya-dusdu
Oxunma sayı: 9067

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Şabran rayonunun Dəvəçi kəndində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

“Qafqazinfo” FHN-ə istinadən xəbər verir ki, “Shacman” markalı yük avtomobili ilə “Mercedes” markalı minik avtomobili toqquşub və 1 nəfər minik avtomobilində sıxılmış vəziyyətdə qalıb.

Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

“Report”un məlumatına görə, qəzaya düşənlərin Dövlət Gömrük Komitəsinin (DGK) əməkdaşları olduğu bildirilir.

Hadisə nəticəsində Bakı şəhər sakinləri 1989-cu il təvəllüdlü Vəliyeva Pəri, 1995-ci il təvəllüdlü Seyidağa Səmədov və 1984-cü il təvəllüdlü İlqar Abdullayev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Şabran Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Qəza zamanı aldığı xəsarətlərdən ölən 1994-cü il təvəllüdlü Əmirli Vahid Seymur oğlunun meyiti müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin yerli şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

***

Dövlət Gömrük Komitəsindən saytımıza qəzaya düşənlərin komitənin əməkdaşları olduğu təsdiqlənib.

***

DGK Şabranda baş verən qəza ilə bağlı məlumat yayıb. 

Bu gün səhər saatlarında DGK-nın əməkdaşları xidməti vəzifələrini yerinə yetirməyə gedərkən Şabran rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə nəticəsində DGK əməkdaşı Vahid Əmirli dünyasını dəyişib, digər əməkdaşlar isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar və hazırda onların müalicəsi davam etdirilir”, - məlumatda bildirilib.