MTN polkovniki Vüsal Ələkbərova hökm oxuyan Bakı Hərbi Məhkəməsi keçmiş nazir Eldar Mahmudov və nazirlik İstintaq idarəsinin rəisi olmuş general Mövlam Şıxəliyev barəsində cinayət işi açılması üçün məhkəməyə təqdimat verib. Bu qərar mediada və ictimaiyyətdə ciddi müzakirələrə səbəb oldu.
Həqiqətən Eldar Mahmudov cinayət məsuliyyətinə cəlb edilərək həbs ediləcəkmi? Bəs qanun nə deyir: təqdimat verildikdən sonrakı prosedur necə aparılmalıdır?
Hazırkı durumu və qanunun tələbələrini şərh edən vəkil Cavid Rzazadə “Qafqazinfo”ya açıqlamasında bildirib ki, təqdimat sadəcə məhkəmə araşdırması zamanı daxil olan hansısa məlumatlar əsasında verilir: “Məhkəmə prokurorluğa təqdimat verir ki, bu məlumatları araşdırın. Bu o demək deyil ki, birmənalı olaraq cinayət işi açılmalıdır. O ki qaldı Eldar Mahmudovla bağlı məsələyə, MTN-lə bağlı cinayət işi 2015-ci ilin oktyabr ayında başladılıb və hələ də istintaqı davam etdirilir. Nə Eldar Mahmudov, nə Akif Çovdarov, nə Sübahir Qurbanov və yaxud digər MTN əməkdaşları ilə bağlı cinayət işi olub. 2015-ci ilin oktyabrındakı ilk cinayət işinin başladılması qərarında konkret ad çəkilməyib, sadəcə MTN və onun onun ətrafında baş verən hadisələrlə bağlı olub. Hazırda məhkəməsi gedən işlər ilk cinayət işindən ayrıca icraata götürülüb.
Fotoda: Vəkil Cavid Rzazadə

Buna görə Bakı Hərbi Məhkəməsinin təqdimatına Baş Prokurorluq çox güman belə cavab verəcək ki, cinayət işi 2015-ci ilin oktyabr ayından başladılıb, araşdırma aparılır, göstərilən xüsusatlar da istintaq orqanının diqqətində saxlanılacaq”.
C.Rzazadə bildirib ki, ümumi olaraq isə təqdimata 3 cür yanaşma olur: “Prokurorluq orqanı məhkəmənin təqdim etdiyi məlumatları araşdırdıqdan sonra ya cavab verir ki, burada cinayət hadisəsi yoxdur. Ya deyir cinayət hadisəsi var, ya da heç bir cavab vermir. Məhkəmənin təqdimat qərarı məcburi deyil. Məhkəmə təqdimat verə bilməz ki, filankəs barədə cinayət işi başla. Çünki əvvəlcə araşdırma, istintaq aparılmalıdır”.
“MTN işi” üzrə təqsirləndirilən polkovnik Səlim Məmmədovun vəkili olan Cavid Rzazadə deyib ki, həm istintaq sənədlərində, həm də məhkəmə işində Eldar Mahmudovun prosesə hər hansı formada cəlb olunmasına rast gəlməyib: “Hətta Tağı Əhmədovun epizodu üzrə məhkəmə dindirməsi zamanı zərərçəkən özü dindirildi. Onun istintaqa ifadəsində qeyd edilmişdi ki, pulu Eldar Mahmudov və Akif Çovdarovdan tələb edir. Mən ondan soruşdum, dedi mən Eldar Mahmudovun adını çəkməmişəm. Eldar Mahmudov istintaqa hər hansı formada cəlb edilməyib. Adi prosessual qaydada digər generalların evində axtarış aparılsa da, Eldar Mahmudovun evində axtarış aparılması barədə Baş Prokurorluğun təqdimatı olmayıb. Onun general rütbəsi üzərindədir, həmin rütbənin verdiyi imtiyazlardan da yararlanır”.
Vəkil qeyd edib ki, bu təqdimat əslində siyasi gedişdir: “Eldar Mahmudovun həbsini gündəmə gətirmək, mətbuata açıqlamaqla təzyiq etmək istəyirlər. Həm hazırda həbsdə olan MTN-çilərə psixoloji təzyiqdir ki, görsünlər Eldar Mahmudov da “vurulur”, o da həsb ediləcək filan. Hacı Məmmədovun işində 7 ölü var idi, ömürlük cəza verildi, amma heç bir təqdimat olmadı”.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər