AXCP sədrinin müavini Gözəl Bayramlının “Qafqazinfo”ya müsahibəsi:
- Oktyabrın 20-də Fəvvarələr Meydanında baş tutan mitinqdən razı qaldınızmı?
- Bu, bir qrup ictimai-siyasi fəalın sosial şəbəkələr vasitəsilə təşkil etdiyi mitinq idi. Hesab edirəm ki, mitinq normal alındı. İnsanlar öz etirazlarını bildirdilər. Bizim səsimizə xalqın müəyyən bir hissəsi səs verdi. Bu, parlamentin buraxılması tələbi ilə keçirilən bir etiraz idi. Şüarlar səsləndirildi. Bir daha sübut olundu ki, Azərbaycan xalqı saxta parlamentlə barışmaq fikrində deyil. Mitinqin alınmadığı barədə müxtəlif söhbətlər gəzir. Guya az adam iştirak edib. Ümumiyyətlə, mən bunu qəbul etmirəm. Bu etirazdır. Azərbaycan hakimiyyəti güc strukturları vasitəsilə bu mitinqə ciddi hazırlaşmışdı. Görünür, hakimiyyət narahatdır. İnsanların bir yerə toplaşmasına maneçilik törədildi. Fəvvarələr Meydanında ayrı-ayrı yerlərdə aksiya baş tutdu. Çoxlu sayda insanlar həbs olunaraq Səbail və Nəsimi polis idarələrinə aparıldı. Bu dəfə də təəsssüflər olsun ki, Azərbaycan hakimiyyəti mitinq iştirakçılarına, hətta xanımlara belə zor tətbiq etdi. Bizim partiyanın fəal xanımlarından birinə qarşı edilən zor tətbiqinə görə dünən ona təcili yardım çağırılıb. Ona ciddi polis zorakılığı tətbiq olunub. Əslində bunlara ehtiyac yox idi. Hakimiyyət özü də bilir ki, onun formalaşdırdığı parlament saxtadır. Amma o mitinqə çıxanlar qorxmadılar. Sözlərini dedilər. Bir nəfərin üstünə 7-8 polisin tökülməsi onu göstərdi ki, hakimiyyət aksiyalardan narahatdır. Azərbaycan xalqının hakimiyyətdən narazı olduğunu o qüvvə xalqdan da yaxşı bilir.
- Aksiyada gözlədiyiniz qədər adam iştirak etdimi?
- Aksiyada iştirak edənləri saymağa cəhd etmirəm. Mənim üçün hər bir fərdin etirazı çox önəmlidir. Ona hörmətlə yanaşıram. Mən bilirəm ki, küçəyə 1000-dən çox adam çıxmışdı. Sadəcə, o insanların bir yerə yığılmasına imkan verilmədi. Amma qələbəlik var idi şəhərdə. Aksiyada hətta bir neçə nəfər iştirak etsə belə, Azərbaycan hakimiyyəti buna icazə verməlidir. Etiraza cavab verilməlidir. Vətəndaşın mövqeyinə hörmət edilməlidir.
- Sizə elə gəlmirmi ki, “Parlament buraxılsın” şüarı artıq köhnəlib...
- Sonuncu parlament 2010-cu ilin noyabr ayında formalaşıb. Onun fərqi yoxdur. Çünki növbəti parlament seçkiləri 2015-ci ildədir. Bu şüar köhnəlməyib. Bu şüar 2010-cu ildən, parlamentin siyahı ilə təyin olunduğu müddətdən bəri aktualdır. İctimai Palata da əslində saxta parlamentin buraxılması tələbi ilə formalaşan bir qurumdur. Sadəcə, Gülər Əhmədovanın məlum videosu bu prosesi yenidən sürətləndirdi. Yenidən məlum oldu ki, bu parlament bir nəfərin iradəsi ilə formalaşıb. Parlament buraxılana kimi bu şüar altında aksiyaların keçirilməsinin tərəfdarıyam.
- Siz aksiya keçirəcəksiz, polis imkan verməyəcək, iştirakçıları həbs edəcək. Bu proses nə vaxta kimi belə davam edəcək?
- Bu ölkədə hər kəsin sözünün açıq deyə biləcəyi, insanların konstitusiya hüquqlarına hörmət ediləcəyi günə kimi aksiyalar davam edəcək.
- Növbəti aksiyanın vaxtı məlumdurmu?
- Biz bu aksiyaları təşkil edəndə onun davamlı olması qərarına gəlmişdik. İlk aksiya hesab edirəm ki, uğurlu alındı. Müzakirələr edib növbəti aksiyanın vaxtını təyin edəcəyik.
- Məqsədinizə nail ola biləcəksiz?
- Mən bu mənada nikbinəm. Dünyada gedən proseslər də bunu deməyə əsas verir. Heç bir avtoritet idarəçilik uzun müddət davam edə bilməyəcək. Azərbaycanda demokratiya olacaq. İnsanlar öz sözünü çıxıb küçədə sərbəst ifadə edə biləcəklər. Həmin günə qədər də biz mübarizəni davam etdirəcəyik.
- Həbsdə olanlar nə vaxt buraxılacaqlar?
- Ən çox həbs günü 10 sutkadır. Ayın 20-də həbs olunublarsa, 27-dən başlayarq həbsdən azad olunacaqlar. Ayın 30-da 10 sutka həbs edilən 3 nəfər də buraxılacaq.
Günel Türksoy