“Heç olmasa Dədə Qorqudu Fatmanın yeganə oynaşı kimi verəydiz…” - - Kamal Abdullaya

hec-olmasa-dede-qorqudu-fatmanin-yegane-oynasi-kimi-vereydiz-
Oxunma sayı: 3177



Kamal Abdulla ilə Əsəd Cahangir arasındakı ədəbi qarşıdurma konteksində növbəti yazı tənqidçidən gəlib. Əsəd Cahangirin “Qafqazinfo”ya göndərdiyi cavabı olduğu kimi təqdim edirik: 


Antik Kamal mifologiyasının sonu

Hörmətli Kamal Abdulla! Sizin “Qafqazinfo” saytında mənə həsr etdiyiniz yazını oxuyub təəccüblənmədim, çünki sizinlə bağlı nəinki təəccüblənmək, hətta heyrətlənmək limitim də dolubdur. İndi sizin heyrətlənmək növbənizdir. Yazınızda məni məhkəmə ilə qorxudursunuz. Nahaq! Birincisi, özümün haqlı olduğuma inanıram və faktlara söykənirəm. Dəfələrlə demişəm, gənc şair Emin Pirinin yazdığı və yəqin ki, “İlin statusu” adını alacaq məşhur statusundan (“Əgər Aqşin Kamal Abdulladan qorxduğu qədər Allahdan qorxsaydı, indi Cəlilabad kəndlərindən birində axundluq edərdi”) nə birbaşa, nə də dolayısı ilə xəbərim yoxdur. Allah Eminə insaf versin, gərək yazmayaydı bu yazını. İki səbəbdən: birincisi, sizin kimi tanınmış bir şəxsə görə; ikincisi, Aqşinin son günlər Ramazan məsələsi ilə bağlı saldığı (və ağır nəticələr verə biləcək!) qalmaqala görə. Və indi, üstündən təxminən 15 gün keçəndən sonra bu statusun yazılmasına təəəssüf etmirəm, çünki adi bir status ətrafında qalxan bu qədər lüzumsuz söz-söhbət Eminin öz fikrində nə qədər haqlı olduğunu bütün çılpaqlığı ilə üzə çıxardı. 

Nə olub, dostlar? Bəlkə, Stalin haqqında “Pravda” qəzetində tənqid gedib? İkincisi, kim sizdən beş-üç manat pul qoparmaq üçün mənim adımı yalandan o statusla əlaqələndirirsə, niyə açıqlamırsınız ki, məsələ birdəfəlik ağ olsun, atasını tanımayan araqarışdıranların da gözlərinə dağ olsun! Açıqlamasanız da, bilirik, hətta AYB koridorlarında sülənən biri olduğundan da xəbərdarıq. Təxəyyülünüzə əsaslanaraq, mənim guya bu məsələdə AYB tərəfindən idarə olunduğumu deyir, mənə də, AYB rəhbərliyinə də böhtan atırsınız. Bəlkə, düşünəsiniz: kimi AYB-dən idarə edirlər, məni, yoxsa sizi? Özü də kim idarə edir! Və kimi idarə edir! Fikir verirsinizsə, sizin bütün sözləriniz öz əleyhinizə çevrilir. Çünki çıxış nöqtəniz böhtan olduğundan tale sizə ironiya edir. Təəssüf ki, bunu çözməyə kəramətiniz çatmır. Və nəhayət, məhkəmə istəyirsiniz, neynək, məhkəməyə də gedərik. Amma bütün məhkəmələrin ən dəhşətlisi vicdanın məhkəməsidir. Sizi onun mühakiməsinə buraxıram. Nəzərə alın ki, məhkəmədə məğlub olacağım təqdirdə itirəcəyim bir şey yoxdur - nə pulum, nə vəzifəm, nə ad-sanım, nə də əsassız (və gülməli!) Nobel iddiam. Siz öz allı-güllü yazınızda ikimizin arasında olan inbox yazışmalarımızı üzə çıxarmış və bununla da iki cəhətdən uduzmusunuz. Birincisi, ictimai rəy şəxsi söhbətləri sosioloji müstəviyə gətirməyi qeyri-etik fakt kimi qarşıladı. Bundan sonra artıq çoxsaylı dedi-qodu gətirənləriniz belə sizdən ehtiyat edəcəklər, şpion aparaturanız xeyli zəifləyəcək. İkincisi, bu yazılar bir daha sübut etdi ki, kitabımın təqdimatında çıxardığınız oyundan sonra da sizə münasibətimdə qərəz olmayıb. Siz bizim münasibətlər arxivini qurdalayıb orda ziyalı mədəniyyətindən, böyüyə hörmətdən, nəzakətdən başqa bir şey tapa bilmədiniz. Tapa da bilməzsiniz. 

Amma “Kaspi”yə müsahibəmi yenidən oxuyun və görün mən orda nələr tapıb çıxarmışam. Yazınızda o faktların birini də təkzib edə bilməmisiniz. Bu faktları bir romana çevirib “Yarımçıq əlyazma”nızı bütövləşdirə bilərsiniz. Bununla belə, inbox yazışmalarımızı üzə çıxarmaqda sizi qınamıram. Çünki boğulan saman çöpündən yapışar. Amma absurddur axı – sən demə, adamı qınayarmışlar ki, niyə mənə hörmət və sevgiylə yanaşmısan! Qanacaq, mərifət ittiham aktına çevrilərmiş! Və bunu ən yaxşı BSU-da bacarırmışlar! Absurd yox e, lap absurdissimus! Aydındır ki, bu yazışmaları üzə çıxarmaqda sizin bir başlıca (və bayağı!) məqsədiniz olub – məni fikir dəyişkənlyində suçlamaq! Məharətli oyunçu olsanız da, məncə, buna nail ola bilməmisiniz. Niyə? 

Əgər fikir dəyişmək insanı ittiham etməyə əsas verirsə, bəs siz özünüz niyə Dədə Qorquda qarşı fikrinizi dəyişmisiniz? “Gizli Dədə Qorqud, yaxud sirr işində dastan” kitabınızda Dədə Qorqudu türk ulusunun böyük Peyğəmbəri kimi mədh edir, 3-4 ildən sonra qələmə aldığınız “Yarımçıq əlyazma” romanınızda isə onu Oğuz elinin fahişəsi Boğazca Fatmanın çoxsaylı oynaşlarından biri kimi qələmə verirsiniz. Allah sizə insaf versin, heç olmasa yeganə oynaşı kimi verəydiniz ki, buna “Dədə Qorqud və Nənə Fatma” romanı demək olaydı. Bu ziddiyyəti nəylə izah edə bilərsiniz? Peyğəmbər dediyiniz nədir, peyinə bulaşdırdığınız nədir? Sizi sadəcə fikrinizi dəyişdiyiniz üçün yox, daha ciddi bir məsələyə görə qınmaq olar – yazırsınız, amma sonra sözünüzün arxasında dura bilmirsiniz. “Yarımçıq əlyazma” romanınızda kənddən gəlmiş gənc şair Xızrın gözəlliyi qarşısında “heyran qalan” (!) Şah İsmayılın diliylə desək, “əhsənül əhsən!” sizlərə. Yeri gəlmişkən, işçilərinizin Emin Piri məsələsi ilə bağlı yazdığı çoxsaylı təhqiramiz cızmaqaralardan biri də elə belə adlanır: “Kişi kişinin yanına gedər”! 

Görürsünüzmü, zəhmətiniz hədər getməyib, ideyalarınızı kənddən sizi deyib gələn şagirdləriniz uğurla davam etdirirlər. Əhsənül əhsən! Məncə, sizi sözün tam mənasında yazıçı olmağa, “Bütöv əlyazma” yazmağa qoymayan, sözünüzü danmağa vadar edən çoxsaylı vəzifələrinizi, xüsusən də rektorluğunuzu itirmək qorxusudur. Bir əlinizdə üç-dörd qarpız tutmayın, ya vəzifə (BSU, AMEA, Mədəniyyət Fondu və s. və s.) adamı olun, ya qələm adamı. İmkan verin, mənəvi köləyə çevirmək istədiyiniz cavanlar da bir vəzifə tutsunlar. 3. Və, nəhayət, üçüncüsü, o hörmətsizliyi ki, siz mənə qarşı eləmisiniz, onu kimə qarşı eləsəydiniz, Kərbəlayi İsmayılın sözü olmasın, sizə qarşı bəlkə də on dəfə tüfəng qaldırardı. Sizin və işçilərinizin sosial şəbəkələrdə elədiyi föhşləri kəmali-səliqə ilə (lap sizin metodunuzla!) yığıb bir qovluqda saxlayıram. Məhkəmə olacağı təqdirdə o qovluqlar böyük bir universitetin rəhbərinin, bu gün-sabah akademik olmağa hazırlaşan bir adamın kimləri ətrafına yığıb nə əməllər törətdiyindən dil açıb çox şeylər danışacaq. Ziyalı etikasına yaraşmayan ifadələr və böhtanlarınıza son yazınızda da davam edərək yazırsınız: “Ümumiyyətlə, bu Şah İsmayılla bağlı məqam barədə Əsəd Cahangirin xəstə təxəyyülü dincəlmək bilmir ki, bilmir... Bu artıq təkcə mənlə bağlı söhbət deyil, bu artıq Şah İsmayıla "dil" uzatmaqdır”. Yaxşı deyiblər ki, oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı. Eyni vaxtda bizim hər ikimizin Şah İsmayılla bağlı yazımız meydana gəlib: mənim “Dəmirbaşlar” essem, sizin isə məlum, məşhur (və məşum!) “Yarımçıq əlyazma” romanınız! Gedin, mənim essemi diqqətlə oxuyun, görün mən harda Şah İsmayıla sizin alimə, yazıçıya, rektora, ziyalıya yaraşmayan jarqonunuzca desək, “dil” uzatmışam. Əksinə, mən öz essemdə qızılbaşlar şeyxinə dil uzadanları dəmirbaş adlandırmışam. Siz isə öz üzünüzə gah Şahi-Mərdanın, gah Hüseyn Lələnin, Şah İsmayılın üzünə isə Xızrın maskasını taxaraq az qala müqəddsəlik statusu olan sufi şeyxini roman boyu dönə-dönə “gədə” (!!!) adlandırmısınız. Maskaları çıxarmağın zamanı gəldi. Şahi-Mərdanın maskasını çıxarın – sizdən mərdlik görmədim. Hüseyn Lələnin maskasını çıxarın – sizdə lələlik, ağsaqqallıq yoxdur. Xızrın maskasını çıxarın – siz ölməzliyə inanmırsınız. Görünür ki, ömrünüz boyu mifologiya ilə məşğul olub, axırda miflərdən bezmisiniz, “mifləri” dağıtmaq, dekonstruksiya qərarınıza gəlmisiniz. Amma, birincisi, niyə bir tərəfdən mifləri dağıdır, o biri tərəfdən özünüz haqqında mif yaratmaqla məşğul olursunuz – gündə beş dəfə iclas keçirən işgüzar rektor mifi, xeyirxah insan mifi, ədəbi gəncliyin dostu mifi, şair mifi, dramaturq mifi, nasir mifi, ekzistensial tənhalıq ağrıları yaşayan ziyalı mifi, bir sözlə, antik Kamal mifologiyası. Qorbaçovun sözü olmasın, niyə yenidənqurmaya özünüzdən başlamırsınız? İkincisi, niyə bu dekonstruksiya əməliyyatını sevimli Zevsinizin, Parisinizin yox, Dədə Qorqudun, Şah İsmayılın üzərində eləyirsiniz? Gördünüz ki, Orxan Pamuk Şəms Təbrizini, Mövlananı “rüsvayı-cahan” eləyib, Nobel aldı, siz də həvəsə gəldiniz, hə? Yaxşı deyiblər ki, kor atlanar, kəndini çapar. Hətta möminlər əmiri Şahi-Mərdanı – Həzrət Əlini belə öz təxəyyülünüzün oyununa qoşmusunuz! 

Doğrudanmı, hara girdiyiniz sizə aydın deyil? Bilmirsinmiz ki, oralar sizin yeriniz deyil? İndi özünüz deyin kimin təxəyyülü xəstədir? Kim kimə böhtan atır? Kim Şah İsmayıla dil uzadıb? Hər kim dil uzadıbsa, o dil susmalıdır! Siz Hüseyn Lələnin arxasında gizlənərək Şah İsmayılın dublikatı kimi verdiyiniz Xızrın (Xətayinin) ürəyinə xəncər də saplamısınız! Və demək, dil bir yana, Şah İsmayıla əl də uzatmısınız! Hər kim əl uzadıbsa, o əl kəsilməlidir! Əkrəm Əylislinin ala itdən məşhur “Daş yuxular”ı ilə sizin “Yarımçıq əlyazma”nızı belə bir müqayisə müstəvisinə gətirmək olar: o, əkrəmanə bir zoğallama üsuluyla başımıza qumbara atıb, siz isə daha məkrli tərpənərək kəmali-səliqə ilə ayağımızn altına mina qoymusunuz – “mina medlenneqo deystviya”. Hansı daha qorxuludur, Mayakovskinin diliylə desək, Ana Vətən söyləsin. Şəxsən, mənim cavabım belədir - siz Puqaçovdan da pis qiyamçısınız! Yazınızda məndən dediklərimə sübut istəmisiniz. 

Məncə, roman boyu dönə-dönə keçən eyhamlardan bir neçəsini açıqladım. Əgər bunlar azlıq edirsə, qalanlarını və özü də bütün çılpaqlığıyla romana həsr edəcəyim məqalədə açıqlayaram. Xoruzun quyruğunu göstərmək hələlik kifayətdir, qanadını, dırnağını, dimdiyini və başqa vacib yerlərini əsas yazıya saxlayıram. Yazınızda məni zavallı adlandırır və itirməyinizdən danışırsınız. Siz məni nə vaxt tapmısınız ki, itirəsiniz də? Mən özümü bircə dəfə zavallı hiss etmişəm – sizin universitetdə işlədiyim dörd ay ərzində. Məncə, ən zavallı adam romanı əlində az qala hər gəlib gedəndən onun haqqında yazı yazmasını xahiş edən kəsdir. Zavallı adam özünü zorla yazıçılar pleyadasına daxil etmək istəyən adamdır. Zavallı adam hamıdan şübhələnən, heç kəsə inanmayan, ksenofobiya ağrıları ilə yaşayan adamdır. Zavallı adam hər şeyi ola-ola heç nəyi olmayan adamdır. Zavallı adam Allahı bir tərəfə qoyub, Zevsə inanan adamdır. Yazı boyu “xəstə” deyə-deyə mənə diaqnoz qoyur, həkimlik edirsiniz. Elə bil ki, bir rektorun yox, Maştağa psixuşkasının “qlavvraç”ının yazısını oxuyursan. Əgər həkimliyə belə həvəsiniz vardısa, nə əcəb filologiya sahəsini seçmisiniz? Bir də istərdim biləsiniz – quru divara palçıq yapışmaz. Sağ olun! Gələn yazılarda görüşənədək.