Hilal Əsədov ilk dəfə məhkəməyə gəldi - Fotolar + Video

hilal-esedov-ilk-defe-mehkemeye-geldi
Oxunma sayı: 2861

Bu gün ləğv olunmuş MTN-nin generalı Akif Çovdarov, idarə rəisləri - Səlim Məmmədov, Akif Əliyev və Orxan Osmanovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində sabiq nazir Eldar Mahmudovun müavini, general Hilal Əsədov ifadə verib.

Prosesdən çıxan general Əsədov jurnalistlərə açıqlama verməkdən imtina edib. O, avtomobilinə əyləşərək ərazidən uzaqlaşıb.

***


Akif Çovdarovun vəkili Sadiq Rəsulov deyib ki, Hilal Əsədov istintaqa verdiyi ifadəni tam təsdiqləməyib: "O bildirdi ki, istintaq zamanı eynəyi yanında olmadığı üçün verdiyi ifadəsini oxumayıb. Sərbəst ifadəsi zamanı istintaqda dediklərinin bəzi məqamlarında ziddiyyət oldu".

Vəkil ziddiyyətli məsələləri açıqlamaqdan imtina edib.

A.Çovdarovun digər vəkili Şahin Rəfiyev deyib ki, general H.Əsədov bazarı özünün almadığını deyib: "Həmin vaxt bu məsələ ilə bağlı çox yerə, həmçinin Milli Təhlükəsizlik Nazirliyinə də şikayət daxil olmuşdu. Mən də üstünə dərkənar yazıb araşdırmaya təqdim etdim. "Vosmoy" bazarını mən almamışam, qayınatam alıb".

Akif Çovdarov isə Hilal Əsədovun hər şeyi deyə bilmədiyini deyib: "Cəfərov qardaşlarının işi ilə bağlı orada bəzi məsələlər var ki, buna görə Hilal müəllim hər şeyi danışa bilmir".

Murad Əhməd