İranda ötən il son onilliklərin ən yüksək edam göstəricisi qeydə alınıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Parisdə yerləşən “World Coalition Against the Death Penalty” və Norveçdə fəaliyyət göstərən “Iran Human Rights” təşkilatlarının birgə hesabatında bildirilir.
Qeyd edilib ki, 2025-ci ildə İranda ən azı 1639 nəfər edam edilib. Bu rəqəm 1989-cu ildən bəri ən yüksək illik göstərici kimi qiymətləndirilir və 2024-cü ildə qeydə alınmış 975 edamla müqayisədə kəskin artım deməkdir.
Hesabatda qeyd olunur ki, məhkəmə sistemində şəffaflığın olmaması səbəbindən real rəqəmlər daha yüksək ola bilər.
Təşkilatlar bildirirlər ki, gündə orta hesabla dörddən çox edamın həyata keçirilməsi ölkədə gərginliyin artdığı dövrə təsadüf edir. Hesabatda həmçinin İsrail və ABŞ ilə davam edən regional gərginliyin fonunda repressiyaların güclənə biləcəyi barədə xəbərdarlıq edilir.
İnsan haqları qruplarının fikrincə, hökumət müharibə və təhlükəsizlik narahatlıqlarından istifadə edərək, daxili müxalifəti susdurmağa çalışa bilər. “Iran Human Rights” bildirir ki, ölüm cəzası siyasi repressiya vasitəsi kimi istifadə olunur.
Hesabata görə, edamların əksəriyyəti narkotiklə əlaqəli cinayətlər və qətl ittihamları ilə bağlı olsa da, 2025-ci ildə edam edilənlərin ən azı 57-si təhlükəsizlik ittihamları ilə məhkum olunub. Onların arasında iki etirazçı da var.
Sənəddə vurğulanır ki, hökmlərin təxminən yarısı İran İnqilab Məhkəmələri tərəfindən çıxarılıb və bu məhkəmələrin “ədalətsiz proseslər və lazımi hüquqi təminatların olmaması” ilə bağlı ciddi narahatlıqlar doğurduğu qeyd edilir.
Son xəbərlər
Son Xəbərlər