“Hospitalda yararlı olmadığım yazılıb, əlillikdə isə işləyə bilər qeyd edilib” - Foto

hospitalda-yararli-olmadigim-yazilib-elillikde-ise-isleye-biler-qeyd-edilib
Oxunma sayı: 4029

Ötən il Tovuz döyüşlərində yaralanan hərbi qulluqçumuz Musayev Rauf Lətif oğlu sağlamlığında ciddi problemlər olduğunu deyir. Tovuzun Ağdam kəndində 4 uşaqla birlikdə atasının evində yaşayan qazi onun üçün nəzərdə tutulan imtiyazlardan yararlana bilmədiyini iddia edir. R. Musayevin sözlərinə görə, hazırda həm özü, həm də həyat yoldaşı işsizdir.  

“Qafqazinfo”ya müraciət edən Rauf Musayev bildirir ki, 2014-cü ildə Azərbaycan Ordusunda MAXE kimi xidmətə başlayıb, Tovuz döyüşləri zamanı yaralanan ilk hərbçimiz olub. Yaxınlığına minomyot mərmisi düşən MAXE bu səbəbdən 20 gün Bakıda Silahlı Qüvvələrin Baş Klinik Hospitalında koma vəziyyətində olub. O, hospitaldan sentyabrın sonlarında buraxılıb: 

"Sənədimdə də qeyd edildi ki, sülh və müharibə dövründə yararsızam. Üstündən neçə ay keçib, mən hələ əlillik təyinatımı bu ilin martında almışam. Ona qədər 2-3 dəfə imtina gəlmişdi. Axırda ikinci dərəcə əlillik təyin olundu, lakin hələ də müavinət almamışam. Bir gözüm görmür, bir qulağım eşitmir. Hazırda ciddi müalicəyə ehtiyacım var. Bədənimdə iki qəlpə var - biri beynimdədir, biri də ciyərimdə. Həkimlərin dediyinə görə, başımdakı qəlpəni çıxartmaq mümkün deyil. Sol gözüm tor görür, başımdakı qəlpəyə görə bədənimin bir hissəsi işləmir. Ona görə danışanda ağzımı tutub danışıram. Əlimlə ağzımı tutmasam, danışmaqda çətinlik çəkirəm".

R. Musayev bildirib ki, dəfələrlə qulaq aparatı üçün müraciət etsə də, aidiyyatı qurumlardan onun vəziyyəti ilə maraqlanmayıblar: "Hospitalda sənədimdə yazıblar ki, heç bir iş üçün yararlı deyil. Amma əlillik təyin olunma sənədində qeyd olunub ki, yüngül işlərdə işləyə bilər. Mən də getdim İcra Hakimiyyətinə, dedim o yüngül işlərdən verin mən də işləyim. Mənə dedilər ki, sən qoltuq ağacı ilə gəzirsən, nə iş görə bilərsən? Bədənimin bir tərəfi iflic olub". 

Qazinin sözlərinə görə, atasının evində yaşamağına səbəb öz evinin olmamasıdır: “Pulla bələdiyyədən torpaq almaq istəyirəm, deyirlər, yoxdur. Sağ olsunlar, əlimdə olan 2500 manat pul mənə maddi dəstək olaraq “YAŞAT” Fondu tərəfindən verilib". 

R. Musayevin iddiasına görə, o, Tovuz Rayon İcra Hakimiyyətinin başçısını yerində tapa bilmir: "Dəfələrlə İcra Hakimiyyətinə getmişəm, ərizə ilə də müraciət etmişəm. Deyirəm, özüm hazırkı vəziyyətimə görə işləyəcək durumda deyiləm, heç olmasa, həyat yoldaşıma süpürgəçi işi verin, 100-200 manat maaş alsın, evi dolandıraq. Deyirlər, iş yoxdur. Ötən həftənin cümə günü icra hakimiyyətinə getmişəm ki, məni ev növbəsinə yazın. Deyir, sizə ev, maşın düşmür, siz MAXE olmusuz. Deyirəm, MAXE də döyüşür də, Qarabağı alanların çoxu MAXE-lər idi. Mənə qanunvericiliyi göstərir ki, müddətdən artıq xidmət edən hərbi qulluqçulara ev düşmür".

Məsələ ilə əlaqədar Tovuz rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Oruc Məmmədovla əlaqə saxladıq. O, saytımıza bildirdi ki, qazi R. Musayev dəfələrlə İcra Hakimiyyətində qəbul edilib, problemləri dinlənib və ona köməklik olunub:

“Rauf Musayev axırıncı dəfə bizə 30 apreldə mənzil növbəsi ilə bağlı müraciət edib. Biz ona bunun üçün lazım olan sənədlərin siyahısını verdik və aidiyyati orqanlara zəng edib xahiş elədik ki, onu növbəsiz yola salsınlar və sənədlər tez bir zamanda təşkil olunsun. Mən hazırda vətəndaşdan o sənədləri gətirməsini gözləyirəm ki, mənzillə bağlı qeydiyyatını aparaq. Bundan əvvəl də həmin qaziyə köməklik etmişik. O, Tovuz döyüşlərində yaralanıb bir aya yaxın xəstəxanada yatdığı müddətdə Tovuz rayon İcra Hakimiyyəti tərəfindən hazırda yaşadığı evi təmir olunub. Döşəməsi, tavanı, suvağı - çilçırağa qədər yenilənib. Bundan əlavə, bizə demişdi ki, minomyot mərmisindən onun inəyi ölüb, İcra Hakimiyyəti tərəfindən ona özünün istədiyi inək alınaraq verilib. O, həmişə diqqətdə olub. Nə ilə bağlı müraciət edibsə, o məsələ həllini tapıb. Biz bu günə kimi də kömək etmişik və bu gündən sonra ona köməklik etməyə hazırıq”. 

Həyat yoldaşının iş məsələsinə gəlincə isə, O. Məmmədov deyib ki, qazi onlara işlə bağlı müraciət etməyib. Əgər işlə bağlı müraciət olunsa, uyğun iş olarsa, təmin olunar. 

Qazinin ona təyin olunan müavinəti ala bilmədiyinə gəlincə isə, Dövlət Sosial Müdafiə Fondundan “Qafqazinfo”ya bildirildi ki, Tovuz rayon sakini Musayev Rauf Lətif oğluna əlilliyə görə təyin olunan əmək pensiyası və Prezident təqaüdünün ödənişi ilə bağlı hər hansı problem yoxdur:

“Rauf Musayevə 26.03.2021-ci il tarixdən ölkəmizin ərazi bütövlüyü ilə əlaqədar II dərəcə əlilliyə görə 350 manat məbləğində Prezident təqaüdü və 219.61 manat əmək pensiyası təyin edilib. Bu barədə, habelə sosial ödənişlərini hansı bankdan alacağı barədə ona məlumat da verilib. Mart ayının qalan dövrü üzrə fərq məbləğləri əmək pensiyası və Prezident təqaüdünə əlavə olunub. 

R.Musayev Prezident təqaüdünü almaq üçün Kapital Bankdan kartını götürsə də, pensiya kartı üçün Azərbaycan Beynəlxalq Bankının Tovuz rayon şöbəsinə müraciət etməyib. Odur ki, R.Musayev şəxsiyyət vəsiqəsi ilə Beynəlxalq Bankın Tovuz rayon şöbəsinə yaxınlaşaraq pensiya kartını götürməlidir”.

Gülnar Əliyeva