İki evə eyni ünvan verildi, sakinlər qeydiyyatsız qaldı - Foto

iki-eve-eyni-unvan-verildi-sakinler-qeydiyyatsiz-qaldi
Oxunma sayı: 2663

“Biləcəri qəsəbəsində 1906-cı ildə tikilmiş baba mülkümüzdə illərdir ki, 18 nəfər qeydiyyatdadır. 10-15 il öncə qonşuluqda başqa bir ev inşa olunub və həmin tikiliyə də səhvən Vidadi küçəsi 18A, yəni bizim evin ünvanı verilib”.

Bu şikayətlə “Qafqazinfo”ya sözügedən ünvanda yaşamış Hacıağa Heydərov müraciət edib. Onun sözlərinə görə, iki ildir ki, həmin evlə bağlı məhkəmə prosesində onları da qonşu ilə bərabər qeydiyyatdan çıxarıblar: “O vaxtdan qalmışıq havada”.

Fotoda: 1906-cı ildə tikilən ev

Şikayətçi deyir ki, evlərinin nömrəsi hazırda başqa bir tikiliyə məxsusdur. Əslində həmin ev yolun digər tərəfində yerləşsə də, aidiyyəti qurumlar yanlışlığa yol veriblər: “Qonşuluqdakı evin sahibləri Anar Müslümov və Hafiz Müslümov ipoteka kreditini ödəmədiyi üçün bank onları məhkəməyə verib. Nəticədə ev satışa çıxarılıb. Satışa çıxarılan evin sakinləri ilə yanaşı, bizi də qeydiyyatdan çıxarıblar”.

Vidadi küçəsi 18A ünvanında yaşayan köhnə tikilinin sakinləri isə bütün bunlardan məhkəmə qərarı gəldikdə xəbər tutublar.

Fotoda: 1906-cı ildə tikilən ev təmirdən sonra

Problemlə üzləşən sakin qeyd edib ki, o vaxt çıxarış yox, yalnız “ev kitabçası” deyilən sənəd olduğu üçün 18 nəfər orada qeydiyyata alınıbmış: “Bu qədər insan qeydiyyatdan çıxarılaraq havada qalıb. Aidiyyəti qurumlara bununla bağlı nə qədər müraciət etsək də, məsələyə biganə yanaşırlar. Bununla yanaşı hazırda tibbi sığortadan, səhiyyə xidmətindən və bir çox hüquqlardan istifadə edə bilmirik”. 

Fotoda: Qonşuluqdakı ev

Məsələ ilə bağlı Əmlak Məsələləri Dövlət Xidmətinə sorğu ünvanladıq. Qurumdan saytımıza bildirildi ki, bu evlərin nömrələri köhnə qaydalarla verildiyi və vətəndaşın çıxarışı olmadığı üçün, ünvanların təyini zamanı texniki səhvə yol verilib: “Vətəndaşın çıxarışının olmaması bu kimi problemlərə yol açıb. Yeni ünvanvermə konsepsiyasına müvafiq olaraq, vətəndaş çıxarış almaq üçün mövcud sənədləri və şəxsiyyət vəsiqəsi ilə “ASAN Xidmət” mərkəzinə yaxınlaşmalıdır. Şəxsin müraciətinə mövcud qanunvericiliyin tələblərinə uyğun baxılacaq. Yeni ünvan verildiyi zaman digər problemlər də ortadan qalxacaq və onlar bütün hüquqlarından istifadə edə biləcəklər”.

Hüquqşünas Şamil Paşayev isə bu kimi hadisələrdə vətəndaşların heç bir günahının olmadığını deyir: “Vətəndaşın keçmiş ünvanının çıxarışı olmasa belə, qeydiyyatdan çıxarılma proseduru, ev ünvanının dəyişdirilməsi onların hüquqlarının pozulması deməkdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi və ya yerli icra hakimiyyəti orqanları onlara yeni ünvanın verilməsini və yaxud həmin ünvana qeydiyyata salınmalarını təmin edə bilər”.

Fidan Etibar