İkinci Qarabağ savaşı - Bizi nə gözləyir?

ikinci-qarabag-savasi
Oxunma sayı: 13411

Ötən gün beynəlxalq qurumların təkidli müraciətləri və Azərbaycan dövlətinin sülhsevər siyasət yürütməsinin nəticəsi olaraq Azərbaycan Silahlı Qüvvələri işğal olunmuş ərazilərimizdə düşmənə qarşı əks-həmlə əməliyyatını və cavab tədbirlərini birtərəfli qaydada dayandırılması, azad olunmuş ərazilərin və torpaqların müdafiəsini gücləndirmə tədbirlərinin təşkilinə başlanması barədə qərar qəbul edib.

“Qafqazinfo” xəbər verir ki, Silahlı Qüvvələrin sözegedən qərarına isə Ermənistan əməl etmək niyyətində olmadığını faktiki olaraq nümayiş etdirməkdədir. Belə ki, ötən gecədən etibarən erməni silahlə bölmələri atəşkəsə əməl etməyərək yenidən cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan, 60, 82 və 120 millimetrlik minaatanlardan, qumbaraatanlardan, həmçinin artilleriya qurğularından da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 121 dəfə pozublar.

Azərbaycanın döyüş əməliyyatlarını dayandırmasına Ermənistan tərəfinin riayət etməməsinin səbəbləri barədə millət vəkilləri və politoloqlar “Qafqazinfo”ya açıqlama veriblər.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib ki, Ermənistan Azərbaycan ordusunun irəliləməsindən və bir sıra vacib məntəqələri ələ keçirməsindən qorxub: “Ermənistan bilir ki, Azərbaycan ordusunda döyüşlə bağlı ruh yüksəkliyi var. İnanmıram ki, artıq bundan sonra atəşkəsə riayət olunsun. Azərbaycan 20 il sülh danışıqlarında iştirak etdi və nəticəsi olmadı. Düşünürdük ki, böyük dövlətlər Ermənistana təsir edib heç olmasa Qarabağ ətrafındakı beş rayonu qaytarmaq barədə Ermənistan hakimiyyətinə təsir edərlər, amma bu, baş vermədi. Ermənistan da danışıqları, status-kvonu uzatdı. Bu da sanki böyük dövlətləri razı saldı”.

Onun sözlərinə görə, indiki şəraitdə Azərbaycan ordusunun irəliləməsinə Ermənistan əsəbi şəkildə riayət etmir: “Beş rayonun azad olunması üçün Azərbaycan bütün imkanlarından istifadə edəcək. Ermənistanın bu cür əsəbi reaksiyası da ona xeyir gətirməyəcək. Azərbaycanın əhalisi 10 milyondur, Ermənistanın əhalisi isə 2 milyondur. Azərbaycan nəyin uğrunda mübarizə apardığını bilir. Ermənistan əhalisinin bir hissəsi isə döyüşdə iştirak etmək istəmir. Azərbaycan itkilərə hazır olduğu halda Ermənistan buna hazır deyil. Bu günə qədər kimsə Qarabağ ətrafındakı rayonların işğalından danışmırdı. Döyüşlərdən sonra artıq ilkin reaksiyalar var. Hətta AŞPA prezidenti də qeyd etdi ki, Ermənistan Qarabağ ətrafında olan rayonları boşaltmalıdır. Bu müəyyən mənada həm də diplomatik qələbəmizdir ki, dünyanın diqqətini Qarabağ ətrafında işğal olunmuş rayonlara yönəldə bilmişik”.

Millət vəkili, politoloq Rasim Musabəyov: “Onlar bu günə kimi nəyə əməl ediblər ki, atəşkəs qərarına da əməl etsinlər. Öz bildiklərini edirlər. Çalışırlar ki, hər vəchlə ərazilərə xarici müşahidəçi gətirsinlər ki, mövcud vəziyyəti doldursunlar. Eyni zamanda itirdikləri mövqeləri bərpa etmək istəyirlər. Bu münaqişədən əliboş tərəf kimi çıxmaq istəmirlər”- deyə millət vəkili qeyd edib.

Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafanın sözlərinə görə, atəşkəsə əməl etməmək Azərbaycanın qazandığı uğurlardan sonra Ermənistanın revanş götürmək istəyi ilə bağlıdır: “Ancaq ermənilər reallıq duyğusunu itiriblər. Azərbaycan ordusunun atdığı addımlar kifayət qədər yekdildir. Bu addımlar torpağımızın azad edilməsinə yönəlib. Ermənilərin dərs almamaqları onlar üçün böyük problem yaradacaq. Rusiyaya arxayın olaraq fikirləşirlər ki, məsələləri həll edə biləcəklər. Azərbaycanın mövqeyinin nə qədər gücləndiyini görmək istəmirlər. Bütün hallarda Azərbaycan ordusu qüvvələrini səfərbərə alaraq ermənilərin növbəti revanş hissini də puça çıxarmalıdır”.

Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı qeyd edib ki, Ermənistan həmişə olduğu kimi öz təcavüzkar və işğalçı siyasətini davam etdirir: “Ermənistan ordusu aprelin 2-də törətdikləri təxribat nəticəsində sarsıdıcı zərbə alıb. Azərbaycan ordusu isə qəhrəmanlıq nümayiş etdirib. Ordumuz ermənilərin arxasında duran qüvvələrə ölkə başçısının, xalqının timsalında öz mövqeyini ifadə edib. Azərbaycan prezidenti də Təhlükəsizlik Şurasının iclasında heç bir halda torpaqlarımızın Ermənistana verilməyəcəyi fikrini önə çəkdi. Artıq işğal edilmiş torpaqlarımızın azad edilməsində yeni situasiya yaranıb. Bütövlükdə hadisələrin gedişatı Azərbaycanın xeyrinədir. Azərbaycan irəliləyib işğalda olan torpaqlarımızı qısa zaman ərzində azad edə bilərdi. Ölkə prezidentinin söylədiyi kimi, Azərbaycan müharibə istəmir. Biz istəmirik ki, hər iki tərəfdən insanlar ölsün. Problemin sülh yolu ilə həll olunmasına ölkə prezidenti daha çox üstünlük verir. Əgər bu nəzərə alınmasa, son söz yenə də Azərbaycan dövlətinin, ordusunundur. Tamamilə əminəm ki, bir həftə ərzində torpaqlarımızı işğaldan azad edə bilərik”.

Millət vəkili əlavə edib ki, ermənilər hazırda panika içərisindədir, hara gedəcəklərini, qaçacaqlarını bilmirlər: “Belə olan şəraitdə Ermənistan qeyri-konstruktiv mövqeyini, təcavüzkar siyasətini davam etdirməkdədir. Bu gecə dinc sakinlərimiz, yaşayış məntəqələrimiz Ermənistan tərəfindən atəşkəsə məruz qalıb. Belə olarsa, biz aktiv fəaliyyətə keçmək məcburiyyətində olacağıq və Ermənistan çox ciddi itkilərə məruz qalacaq”.

Günel Türksoy