İkiüzlülüyün, saxtakarlığın və yalanın təntənəsini qeyd edirsiniz!

ikiuzluluyun-saxtakarligin-ve-yalanin-tentenesini-qeyd-edirsiniz
Oxunma sayı: 1919

İnsan, dövlət, dünya və maraqlar!

Minilliklər keçsə də, bu anlayışlar və onlara olan münasibət dəyişmir. Sadəcə üsul və vasitələr dəyişir, onlar da daha çox təhlükəli istiqamətdə dəyişir. Çünki insanlıq hər gün daha çox qəddarlaşır və amansızlaşır.

Səkkiz əsr bundan öncə də Çingiz xanın ordusu ayaq basdığı hər yeri yandırıb xarabalığa çevirirdi, indi də adları qulaq oxşayan rəng və ya fəsillər adı altında inqilablar təşkil etməklə dövlətlər yerlə yeksan edilir və xalqlar qırğına məruz qoyulur. Əminliklə deyə bilərəm ki, dünyada ən qəddar və amansız hökmdarlardan biri kimi ad çıxarmış və heç bir vəhşiliyə təəccüblənməyən XIII əsrin Çingiz xanını belə XX əsrdə Xirosima və Naqasakidə törədilənlər dəhşətə gətirəcəkdi. Dəyişən bax budur, daha sərt, daha amansız və daha qəddar.

Artıq XXI əsrdir və dünya Xolokostdan da, Xirosimadan da, Naqasakidən də, hətta iki dünya müharibəsi və onun dəhşətlərindən də, Soyuq müharibə adlı dünyanı parçalayan bir prosesin vəhşətlərindən də, Ruandadakı insanlıq faciəsindən də çox “irəli” gedib. O qədər irəli ki, artıq işğalçıya və təcavüzkara qarşı deyil, işğala və təcavüzə məruz qalana qarşı birləşməyə çalışır dünya. Yalançının və iftira atanın qarşısında deyil, yalançının və saxtakarın yanında yer almağa cəhd göstərir dünya. Haqqı, ədaləti və düzü yanına deyil, əksinə qarşısına almağa üstünlük verir XXI əsrin dünyası.

Bu gün, yəni 5 aprel 2024-cü il tarixində Brüsseldə keçirilən görüş nəticələrindən asılı olmayaraq, yuxarıda qeyd olunan “inkişaf”ın təntənəsidir. Daha dəqiq, orada ikiüzlülüyün, ədalətsizliyin, saxtakarlığın, qərəzin və yalanın təntənəsini qeyd edirlər!

Ancaq yenə də dəyişməyən maraqlardır! Dəyişməyən o maraqlardır ki, dünyanı və onun nəhəng güclərini lazım gələndə çox cılızlaşdırır. Hətta o qədər cılızlaşdırır ki, on yeddi milyon kv. km. ərazisi olan Rusiya və iki milyarda yaxın əhalisi olan Çin boyda nəhəngləri qarşılarına alan ABŞ və Avropa İttifaqı kimi ağırçəkililər özlərini Ermənistan kimi cılız, dalan və kapitulyant olan saxtakarla bir masanın arxasına yerləşdirirlər.

Bəli, hər bir xalqın və dövlətin öz maraqları var və dövlət siyasətini o maraqlar üzərində qurur və qurmalıdır da. Ancaq maraqlar mövcud reallıqları nəzərə almadan həyata keçiriləndə o xalqın bəlasına çevrilir. Baş verənləri maraqlarla uyğunlaşdırmaq üçün maraq sahibləri də reallığa doğru addım atmaldır. Ancaq gücünə, imkanlarına və silahına güvənən dövlətlər mövcud reallıqları zorla əyib öz maraqlarına uyğunlaşdırmağa çalışırlar. Bunu edərək qlobal səviyyədə daha eybəcər nümunələr ortaya qoyanlar anoloji məsələdə Rusiyanı və digərlərini ittiham edirlər.

Bəs, Cənubi Qafqazın reallıqları nədir ki, bu qədər güclər Azərbaycana qarşı erməni çirkabına bulaşmaq hesabına olsa belə, səfərbər olunmağa üstünlük verirlər. Bu gün baş verənlərin fonunda Azərbaycanın keçdiyi yolu və Ermənistanın keçdiyi yolsuzluğu nə qədər çətin olsa belə, müqayisə edəndə hər şey aşkara çıxır. Azərbaycan otuz ilə yaxın işğala və təcavüzə məruz qalsa da, müstəqil siyasətini davam etdirdi, heç bir hərbi koalisiyaya qoşulmadı. Rusiya və İran kimi qərb dövlətləri üçün həssas və daim başağrısı olan dövlətlərlə sərhəd olsaq da, onlarla münasibətlərimizi dövlətçilik maraqlarımızın və beynəlxalq hüququn sərhədlərindən bir addım kənara çıxarmadıq. Eyni münasibətləri və hətta bəzi hallarda ümummilli maraqlarımıza uyğun gələndə daha çoxunu Qərb dövlətləri və institutları ilə qurduq. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərlik etdiyi komandada həmin o qərb ölkələrində təhsil alan və hazırda böyük sahələrdən məsul olan çox sayda kadrlar var. Biz xarici ticarətimizin əhəmiyyətli bir hissəsini Avropa və Qərblə etməyə, ən böyük enerji, iqtisadi və nəqliyyat layihələrimizi qərbə doğru uzatmağa üstünlük verdik. Kollektiv Qərblə, o cümlədən də ABŞ ilə bir çox əhəmiyyətli sahələrdə, enerji, təhlükəsizlik, insan hüquq və azadlıqları, sülhməramlı fəaliyyət sahəsində məhsuldar əməkdaşlıqlarımız oldu və olmaqdadır. COP-29 kimi tədbirə ev sahibliyi etmək Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu xarici siyasət kursunun hələ ki, ən son nidasıdır!

Bəs Ermənistan nə etdi bu illər ərzində?

Qərb dünyasının yuxuda da sayıqladığı demokratiya, hüquq və azadlıqlar ilə daban-dabana zidd olan işğalçılıq, təcavüzkar, soyqırım və etnik təmizləmə siyasətini hər gün davam etdirdi. ABŞ və Aİ-nın heç bir halda qəbul etmədikləri Rusiya ilə nəinki münasibətlərini yaxşılaşdırdı, Rusiyanın amerikalıların təbirincə desək, bir ştatına çevrildi. ABŞ-yə ən böyük şeytan, Aİ ölkələrinə də kiçik şeytanlar adını verən İranla eyni qırmızı xətlər müəyyən edəcək həddə qədər qardaşlaşdı.

Deməli, reallıqda söhbət demokratiyadan getmir, söhbət insan hüquq və azadlıqlarından da getmir, heç söhbət haqdan və ədalətdən də getmir. VII əsrdə Yezidin bir əlində islam bayrağı digərində isə “əhli beytin” başını kəsən qılınc olanda reallıqda söhbət islamdan getmədiyi kimi. Bəli, maraqlar dəyişməyib, dəyişən üsul və vasitələrdir. Ona görə də, ABŞ və Qərbdən olan bir çox dövlətlər Cənubi Qafaqaza baxanda ya ancaq müsəlman və xristian anlayışlarını görür, ya da Cənubi Qafqaz deyəndə Rusiyaya, İrana, hətta lazım və növbəsi gələndə Türkiyəyə qarşı dayaq nöqtəsi görürlər. Elədikləri onu deyir ki, nəyi görürlərsə də, hələ ki, sülhü, təhlükəsizliyi və əməkdaşlığı görmürlər!

Azərbaycanı əslində Cənubi Qafqazın əsas dövləti, aparıcı gücü, dominant qüvvəsi kimi və onun liderini də regionun lideri kimi qəbul etməməkdə hələ də israr edən qüvvələrə, beynəlxalq münasibətlər sahəsində yüksəksəviyyəli peşəkar siyasətçi olan Prezident İlham Əliyev ən azından haqlı və ədalətli olduğumuzu diplomatik yolla hər imkanda çatdırır. Məhz ona görədir ki, 5 aprel görüşü öncəsi o görüşə qarşı haqlı olaraq sərt təpkisi və mövqeyi olan Prezident İlham Əliyevin könlünü almaq üçün görüşün hər iki tərəfi ona zəng vurdu. Ənənəsinə sadiq qalan Prezident İlham Əliyev yenə də çox usta formada və diplomatik dildə ABŞ Dövlət katibinə öz gözlərində Assanc boyda tirin olduğunu xatırlatdı. Bu yolla əslində Prezident bir daha haqlı tərəf olduğumuzu və tutduğumuz haqq yolundan dövlət, xalq və onun lideri olaraq heç vaxt əl çəkməyəcəyimizi diqqətə çatdırdı.

Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri Xəyal Bəşirov