Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin (İKTA) mütəxəssisləri tərəfindən ölkədə fəaliyyət göstərən internet provayder və operatorlarının nümayəndələri üçün dövri hesabatvermə üzrə ilk praktiki təlim keçirilib.
Təlimin məqsədi internet provayder və operatorları tərəfindən tənzimləyici quruma göndəriləcək müxtəlif növ dövri hesabatların düzgün tərtib olunması üzrə nəzəri və praktiki biliklərin artırılmasıdır.
15 şirkətin nümayəndələrinin iştirak etdiyi təlimdə telekommunikasiya bazarının iştirakçıları tərəfindən İKTA-ya təqdim olunacaq müxtəlif növ dövri hesabatların, o cümlədən keyfiyyət, maliyyə və təsərrüfat göstəriciləri üzrə hesabatlar, sahibkarlıq və biznes mühitinin qiymətləndirilməsi üzrə hesabatların hazırlanması qurumun mütəxəssisləri tərəfindən əyani şəkildə nümayiş etdirilib, izahlı təlimatlar və tövsiyələr verilib.
Bundan əlavə, təlim iştirakçılarının hesabatlara daxil edilən məlumatlarda ən çox edilən xətalarla bağlı İKTA-ya yönləndirdikləri sualları cavablandırılıb və fikir mübadiləsi aparılıb.
İKTA-nın topladığı dövri hesabatlardan telekommunikasiya sahəsində xidmət bazarlarının, eləcə də bu sahədə digər təhlillərin aparılması, xidmət bazarlarının formalaşdırılması istiqamətində tədbirlərin görülməsi üçün istifadə olunacaq. Bazar iştirakçılarından tələb olunan məlumatlara dair tələblər ölkənin Dünya Bankı Qrupunun yeni “Business Ready” (B-Ready) layihəsinə və Beynəlxalq Telekommunikasiya İttifaqına (ITU) aid beynəlxalq reytinq cədvəllərinin qiymətləndirilməsində istifadə olunan indikatorlar əsasında formalaşdırılıb.
Qeyd edək ki, İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin Nizamnaməsi Azərbaycan Respublikası Prezidentinin 21 oktyabr 2022-ci il tarixli 1861 nömrəli Fərmanı ilə təsdiqlənib. Agentlik ölkədə informasiya kommunikasiya texnologiyaları (İKT) və rabitə (telekommunikasiya və poçt) sahələrində tənzimləmə və nəzarəti, eləcə də radiospektr idarəçiliyini həyata keçirir.