İlham Əliyev ehtiyat fondundan 10,5 milyon ayırdı

ilham-eliyev-ehtiyat-fondundan-105-milyon-ayirdi
Oxunma sayı: 699

Azərbaycan Prezidenti İlham Əliyev əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

“Qafqazinfo” xəbər verir ki, sərəncamda deyilir:

1. Əhalisi 375 min nəfərə yaxın olan 36 şəhər və rayonun 136 yaşayış məntəqəsində (siyahı əlavə edilir) əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün 150 subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədi ilə Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə 10,5 milyon (on milyon beş yüz min) manat vəsait ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.