“İlham Əliyevlə Ərdoğanın qətiyyətli etirazından nəticə çıxarsınlar”

ilham-eliyevle-erdoganin-qetiyyetli-etirazindan-netice-cixarsinlar
Oxunma sayı: 1348

“22 martda “Crocus City”də baş verən qətliamın hərbi təyinatlı dövlət binalarında deyil, mülki obyektdə törədilməsi göstərir ki, kütləvi qəsdin sifarişçiləri bir nəfəri 60 dollara gülləbaran etməklə hədəf seçilən Rusiya ilə yanaşı, keçmiş Sovet məkanında xaos yaymaq, dinlər və millətlərarası konfliktləri alovlandırmaq, miqrasiya axınlarına zərbə vurmaq, sərhədləri bağlı saxlamaq istəyən dövlət dəstəkli qüvvələrdir”. 

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri deputat Zahid Oruc Milli Məclisin plenar iclasında bildirib. 

Deputat vurğulayıb ki, Moskva terrorunu müşayiət edən, informasiya tələsinə düşüb etnik-milli düşmənçiliyi körükləyənlər Prezident İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın terror aktına qətiyyətli etirazından nəticə çıxarsınlar, yoxsa Şarli Ebdo olayında 5 nəfərə görə birlik paradı keçirən qərbli dövlət başçılarının “yaxşı və pis terrorçu” bölgüsü ilə beynəlxalq təhlükəsizliyə zərbə vuracaqlar: “Aktın azərbaycanlı iş adamına məxsus binada baş verməsi dünya erməniliyi üçün azğın anti-Azərbaycan kampaniyasına rəvac verib. Halbuki ölkəmiz təkcə son 37 ildə 2000 mindən artıq vətəndaşını terror nəticəsində itirib. İnanırıq ki, Xankəndidə təslim olan separatçı qüvvələrin ələ keçirilən 35 illik məxfi qovluqları müstəqillikdən bu yana xalqımıza qarşı törədilən terror aktlarını ifşa edəcək, DTX təcridxanasında məhkəməsini gözləyənlər Qarakənd faciəsindən Bakı metrosuna qədər çoxsaylı qanlı cinayətlərin sifarişçilərini dilə gətirəcəklər”. 

Z.Oruc qeyd edib ki, bir vaxtlar Şimali Qafqaza Xattabın ordusu ilə gələnlər indi Ermənistanı hərbiləşmiş zonaya-özü boyda Pankisi dərəsinə çevirir, sərhədlərimizi Avropa kəşfiyyat mərkəzlərinin patrul dəstələri ilə nəzarətə götürməyə çalışırlar: “Ölkəmizdə dini və siyasi casusluğa cəlb olunanlar, o cümlədən Londonda və Tehranda səfirliyimizə hücum edənlər eyni qüvvələrdir. Lakin hamı bilsin ki, Vətən müharibəsi işğalçılarla bərabər, terror üzərində də qələbədir. Ona görə təklif edirik ki, Türk Dövlətləri Birliyi ilə eyni məqsədli beynəlxalq terror şəbəkələri PKK, İŞİD və erməni terroruna qarşı Yeni Türk Antiterror Mərkəzi yaradılsın”.

Zaur Mirzə