İmişlidə Novruz bayramı münasibətilə ümumrayon tədbiri keçirildi - Fotolar

imislide-novruz-bayrami-munasibetile-umumrayon-tedbiri-kecirildi
Oxunma sayı: 748

Bu gün İmişli şəhərinin Heydər Əliyev adına istirahət parkında Novruz bayramı münasibətilə ümumrayon tədbiri keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tarixi min illərlə ölçülən, mənəvi irsimizi, mədəni dəyərlərimizi və həyat tərzimizi özündə ehtiva edən ənənələrlə zəngin Novruz şənliyində şəhid ailələri, İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, rayonun hüquq-mühafizə orqanlarının, idarə və təşkilatlarının kollektivləri, ictimaiyyət nümayəndələri, eləcə də rayon sakinləri iştirak ediblər.

Şənlik başlamamışdan öncə bayram tonqalı qalanıb, qədim milli adət-ənənələrimizi özündə əks etdirən eksponatlar sərgilənib, yeniyetmə və gənc idmançılar tərəfindən müxtəlif idman nümunələri nümayiş etdirilib.

Tədbirdə çıxış edənlər xalqımızın milli-mədəni sərvətlər xəzinəsində xüsusi yeri olan Novruz bayramı münasibətilə şəhər sakinlərini təbrik edərək onlara möhkəm cansağlığı, xoş ovqat və bol ruzi-bərəkət arzulayıblar.

Qeyd olunub ki, Ümummilli Lider Heydər Əliyevin respublikamıza rəhbərliyi dövründə Novruz bayramının dövlət səviyyəsində qeyd olunması tarixi köklərə qayıdışın parlaq nümunəsi olub.

Bildirilib ki, Ulu Öndərin siyasi kursuna sadiq qalan Prezident İlham Əliyev Novruz bayramına xüsusi diqqət göstərir, hər il bu bayram münasibətilə xalqı təbrik edir, keçirilən el şənliklərində iştirak edərək bayram sevincini xalqla bölüşür. Vurğulanıb ki, aparılan uğurlu dövlət siyasəti nəticəsində Novruz bayramı artıq dünyanın bir çox ölkələrində tanınır və geniş qeyd olunur. Birinci vitse-prezident Mehriban Əliyevanın böyük səyi nəticəsində Novruz bayramı UNESCO tərəfindən Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahıya daxil edildiyi diqqətə çatdırılıb. Sonda çıxış edənlər qarşıdan gələn Ramazan və Novruz bayramları münasibətilə bütün Azərbaycan xalqını təbrik edərək hər kəsə möhkəm sağlamlıq, uzun ömür, ailələrinə sevgi və xoşbəxtlik arzulayıblar.

Şənlik mədəniyyət işçilərinin ifalarında bir-birindən gözəl xalq musiqilərimizin, Novruz mərasimlərinin, milli birlik və həmrəyliyimizi tərənnüm edən nəğmələrin səsləndirilməsi ilə davam etdirilib. Novruzun əsas personajları olan Kosa və Keçəlin bir-birindən maraqlı çıxışları sakinlərdə xoş ovqat yaradıb.