İş xanımı göbəyiaçıq geyinər? - Efirin zövqsüzləri...

is-xanimi-gobeyiaciq-geyiner
Oxunma sayı: 16376

Bir müddətdir ki, Azərbaycanda çəkilən seriallar həm reytinqləri, həm də aktyor heyəti ilə gündəmdə olmağı bacarırlar. Serialların mövzusu, obrazları, ssenarisi ilə yanaşı ən çox diqqət çəkən məqam isə qəhrəmanların geyimləridir.

Elə sosial şəbəkələrdə də daha çox onların geyimi müzakirələrə səbəb olur. Daha çox bizim ulduzlar Türkiyədə yayımlanan serial qəhrəmanları ilə müqayisə olunurlar.

Qafqazinfo” Azərbaycan yerli serial qəhrəmanlarının geyimləri ilə bağlı kiçik araşdırma aparıb. Baş obrazların libaslarını modelyer Nərgiz Muxtarova dəyərləndirib. Modelyer altı yerli məşhurun serialdakı geyimlərinə rəy bildirib.

İş xanımı göbəyiaçıq geyinər?

ATV-də yayımlanan “Sən olmasaydın” serialının baş qəhrəmanı müğənni Sevda Yəhyayevadır. Aynur obrazını canlandıran Sevda zəngin bir ailənin gəlini, iş xanımıdır.

N. Muxtarova qeyd edir ki, Sevda obrazına uyğun geyinmir:

“Sevda Yəhyayeva varlı bir qadın obrazına görə, çox sadə, sıradan və zövqsüz geyinib, geyimlərin heç biri bugünkü dəbə uyğun deyil. Varlı bir qadın obrazı hər gün fərqli dizaynda, dəbə uyğun maraqlı geyimlər geyinməlidir. Bu geyimlərdə isə tələbə və ya məktəbli qıza daha çox bənzəyir.

Təbii ki, ayaqqabıları və çantaları da, hər gün fərqli, geyiminə uyğun olmalıdır. Varlı bir xanımın eyni çanta və ayaqqabı istifadə etməsi gülməlidir. Dağınıq saçlar və göbək açıq köynək isə ofis stili deyil, “casual”, yəni gündəlik geyim tərzidir. Ofis tərzinə daha çox “classic” və “business casual” stilləri uyğundur”.

Sanki, “Göyqurşağı” stili icad edib...

“Vicdan haqqı”nın Larisası Çimnaz Sultanova da sosial şəbəkələrdə müzakirə olunan serial qəhrəmanıdır.

O, ekran işində biznesmenin rusiyalı ikinci həyat yoldaşı obrazını canlandırır. Ç. Sultanova serialda rəngarəng geyimlərə daha çox üstünlük verir.

Modelyer aktrisanın hədddindən artıq al-əlvan geyindiyini bildirib:

“Çimnaz Sultanova da zövqsüz geyinir. Sarı ayaqqabı, sarı kəmər artıq illərdir ki, dəbdən düşüb. Rəngləri düzgün uyğunlaşdırıb geyinmir. Yəni, al-əlvan köynək geyinibsə, tünd ətəkdən istifadə etməlidir. Saçlarının rəngi tünd geyimləri tələb edir. Həm saçları, həm də geyimləri həddindən artıq al-əlvandır. Sanki “Göyqurşağı” stili icad edib. Bu xanıma obrazına görə daha çox “glamour” stil uyğundur. Varlı kişinin ikinci həyat yoldaşı çox cazibar görsənməlidir”.

Varlı biznesmen xanımına bənzəməyən Kəmalə!

“Vicdan haqqı”nın digər qəhrəmanı, əməkdar artist Kəmalə Hüseynovanın geyimi də müzakirələrə səbəb olub. 

Serialın Dilarəsi Rusiyada varlanan bəyin xanımıdır.

N. Muxtarova deyir ki, aktrisanın geyimi varlı iş adamının xanımı obrazıyla uyğunlaşmır:

“Bu cür aksessuarlar varlı qadına uyğun deyil, əksinə fərqli kürklər, daş-qaşlı aksessuarlar istifadə etməlidir. O demək deyil ki, hər seriada bahalı kürk geyinsin, süni hazırlanmış kürklər var, dəbdəbəli görsənir, onlardan istifadə edib öz obrazına uyğun geyinə bilər”.

Qlamur və kasıb qız...

“Cehizsiz gəlinlər” serialının qlamur Hicranı Cəmilə Tağızadədir.

Cəmilə layihədə kasıb olmağına baxmayaraq, varlı görünmək, lüks həyat tərzi ilə seçilmək istəyir, kasıb olduğunu hər kəsdən gizlədir.

Nərgiz Muxtarova bildirib ki, Cəmilə yaşına uyğun makiyaj etdirmir:

“Nə qədər özünü filmdə başqalarına varlı təqdim etsə də, bu geyim elə kasıb qızına uyğundur. Makiyajı yaşına uyğun edilmir. Filmdə universitet tələbəsi olsa da, geyimləri onu daha yaşlı göstərir”.

Sarı geyimini əynindən çıxarmayan “28 iyun”un Ayseli...

“28 iyun” serialının baş qəhrəmanı Xanım İbrahimova bir neçə bölümdür ki, sarı rəngli geyimini əynindən çıxarmaq istəmir. Artıq tamaşaçı aktrisanı eyni geyimdə görməkdən bezib. Kasıb və məhbus həyatı yaşayan aktrisanın geyiminə modelyer belə münasibət bildirib:

“Aydındır ki, Xanım İbrahimova kasıb qızı canlandırır. Ancaq nə qədər imkansız olsa da, hər gün eyni paltarı geyinməməlidir”.

Ülviyyənin əntiqə geyimləri...

Space TV-nin efirində “Əntiqə rəfiqələr” adlı komediya filmi yayımlanır. Filmin baş qəhrəmanlarından biri Ülviyyə Əliyevadır. Aktrisa kənd mühitində böyüyən bir qadını canlandırır.

Modelyer qeyd edir ki, seriallarda belə obrazı canlandıran xanımların əksəriyyəti rəngarəng geyimlərdən istifadə edir:

“Kənd xanımları obrazına daha çox belə rəngarəng paltarlar geyindirilir, düzdü, elə kənd qızları var ki, şəhərlilərdən daha dəbli olur. Ümumilikdə qeyd edim ki, bizim seriallarda iştirak edən xanımlar heç də qənaətbəxş geyinmirlər. Türk seriallarına baxanda artıq insan bilir ki, bu ilin dəbi nədir.

Çünki, onlar xüsusi stilistlərlə işləyirlər, ən son dəbə uyğun geyinirlər, bizim aktrisalarımıza da məsləhət görərdim ki, ya peşəkərlara müraciət etsinlər, ya özləri araşdırsınlar və dəbə uyğun geyinməyə çalışsınlar, çünki efirə çıxırlar və onları hər kəs izləyir”.

Elvin Elxan