“İsa Qəmbərdən başqa prezidentliyə namizəd yoxdur”

isa-qemberden-basqa-prezidentliye-namized-yoxdur
Oxunma sayı: 673


“Qafqazinfo” Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılının “Reytinq” qəzetinə verdiyi müsahibəni təqdim edir:

- Bir müddət öncə təmsilçisi olduğunuz İctimai Palatada kütləvi aksiyaların keçirilməsi ilə bağlı fərqli mövqelər var idi. Hazırda da aksiyaların keçirilməsinə müxalif mövqedə olanlar varmı?

- Mənə elə gəlir ki, seçkilərə altı ay qalmış bir müddətdə, siyasi həbslərin əksəriyyətinin motivi məhz sərbəst toplaşmaq azadlığı hüququ olduğu bir məqamda, aksiyaların keçirilməsinin tez olduğunu bildirmək bir qədər çətin olacaq. Bu mənada, hesab edirəm ki, fərqli fikirlər olsa da, əksəriyyət kütləvi aksiyaların aktual olması mövqeyini ifadə edəcək.

- Bütün müxalifət qüvvələrinin birgə kütləvi aksiyalar təşkil etməsi necə, mümkündürmü?

- Hakimiyyət tərəfindən müxalifətin resurslarının məhdudlaşdırıldığı indiki məqamda ümummüxalifət aksiyalarının keçirilməsi məsələsinin aktuallığı daha da artır. Bu baxımdan, ümummüxalifət aksiyalarının keçirilməsinə müsbət yanaşıram. Mənə elə gəlir ki, birgə aksiyaların təsiri də əhəmiyyətli ola bilər.

- Məlumdur ki, müxalifət qüvvələri arasında fikir ayrılıqları var və hər hansı müstəvidə bir arada olmaq problemdir. Sizcə, mövqe fərqlilikləri birgə aksiyalara mane olmaz ki?

- Azərbaycanın milli demokratik qüvvələri, həm ideoloji, həm siyasi dünya görüşünə görə bizə yaxın olan siyasi qüvvələrlə bu tipli məsələlərdə əməkdaşlığımız mümkündür. Kütləvi etiraz aksiyalarının motivi və tələbi bəllidir. Sərbəst toplaşmaq azadlığının təmini, ölkədə demokratik prinsiplərin bərəqrar olması, siyasi məhbusların azadlığa buraxılması və bu kimi tələblər irəli sürən milli demokratik qüvvələrlə birgə müvarizə aparmaqda hər hansı problem yoxdur.

- Arif bəy, prezident seçkiləri yaxınlaşdıqca, namizədin müəyyənləşməsi daha da aktuallaşır. Ancaq hələ də müxalif düşərgə qəti mövqeyə gələ bilməyib. Ќecə düşünürsünüz, qarşıdakı dövrdə bununla bağlı hər hansı problem yaranmayacaq?

- Bu istiqamətdə müzakirələr gedir. Düşünürəm ki, seçki yaxınlaşdıqca, xüsusilə, seçki kampaniyası dövründə müxalifətin real namizədinin kim olduğu daha aydın şəkildə görünəcək. Ancaq müxalifətin vahid namizədi olmaya da bilər. Əgər müxalifət partiyaları vahid namizəd müəyyənləşdirə bilməyəcəksə, Azərbaycanın protest elektoratı müxalifətin vahid namizədini 2003-cü ildə olduğu kimi, 2013-cü ildə də müəyyən edə biləcək.

- Yəqin ki, Siz 2003-ü xatırlatmaqla, bu namizədin İsa Qəmbər olacağını düşünürsünüz?

- Mən tam əminliklə deyirəm ki, 2013-cü il prezident seçkilərində protest elektoratın namizədi İsa Qəmbər olacaq. Bunu təkcə Müsavat Partiyasının rəhbər şəxsi kimi yox, həm də seçki mütəxəssisi kimi deyirəm.

- Axı, 2003-lə 2013 arasında xeyli müddət var və kifayət qədər dəyişikliklər baş verib...

- Təbii ki, bu müddət ərzində çox dəyişikliklər baş verib. Həmin dövr ərzində avtoritar rejim daha sərt mövqelərə keçib, müxalifətin müəyyən resursları məhdudlaşdırılıb, demokratik institutlara təzyiqlər daha da artırılıb. Ancaq Azərbaycan cəmiyyətində hakimiyyətə qarşı olan insanların sayı daha da çoxalıb. Bununla yanaşı, Azərbaycan hakimiyyəti həm ölkə daxilində, həm ölkə xaricində özünün dayaqlarını itirib. Müxalifətin xalqdan səs almaq imkanları bir qədər də artıb. Şəxsən mən düşünürəm ki, ən azı 2013-cü il prezident seçkilərində Azərbaycan cəmiyyətinin daha geniş təbəqələrini öz ətrafında toplamaq imkanı olan siyasi lider İsa Qəmbərdir.

- İctimai Palatanın seçkiyə vahid namizədlə getmə məsələsi hələ də açıq qalır. 5-6 ay ərzində bu məsələdə ortaq məxrəcə gələ biləcəksiniz?

- Mən bu məsələlərə nikbin yanaşıram. Hesab edirəm ki, seçkilər yaxınlaşdıqca, daha real namizədin kim olduğu aydın şəkildə göründükcə, bu suallara cavab vermək və vahid namizədin müəyyənləşməsi ilə bağlı qərarların qəbulu asan olacaq. Düşünürəm ki, 2013-cü il prezident seçkilərində İctimai Palatanın vahid namizədinin olması mümkündür.

- Siz İsa Qəmbərin protest elektoratın əsas namizədi olacağını dediyiniz kimi, AXCP funksionerləri də eyni fikirləri Əli Kərimli barəsində söyləyirlər. Bu ziddiyyətli münasibətlər fonunda vahid güc mərkəzinə çevrilmək necə mümkün ola bilər?

- Bunlara normal yanaşmaq lazımdır. Əgər fərqli fikirlər olmasaydı, çoxpartiyalı sistem də mövcud olmazdı. Yalnız avtoritar rejimlərdə fərqli fikirlər olmur, yaxud fərqli fikirlərin ortalığa çıxmasına imkan verilmir. Ancaq İctimai Palata da, Müsavat Partiyası da, AXCP də demokratik qüvvə olduğu üçün burada müxtəlif fikirlərin olması təbiidir. Hesab edirəm ki, fərqli fikirlər olsa da, həlledici rolu cəmiyyətin əksəriyyətinin fikri oynayacaq.

- Bu günlərdə YAP-çı deputat Siyavuş Novruzov açıqlama verərək bildirib ki, Müsavat Partiyasının daxilində İsa Qəmbərin namizəd olması birmənalı qarşılanmır və bu qərar ümumi partiyanın yox, sadəcə, Divanın qərarıdır...

- Bu, Siyavuş Novruzovun növbəti yanlışlıqlarından biridir. İsa Qəmbərin prezidentliyə namizədliyi Müsavat Partiyası Məclisinin toplantısında yekdilliklə irəli sürülüb. Düşünürəm ki, hətta qurultay keçirilsə və ya bütövlükdə partiya sturukturlarında bu məsələ ilə əlaqədar referendum olsa, İsa Qəmbərin prezidentliyə namizədliyinin tərəfdarlarının sayı 90 faizdən çox olar.

- Bəs, yerdə qalan 10 faiz niyə tərəddüd edir?

- Heç bir tərəddüd yoxdur. Sadəcə olaraq, seçkilərin saxtalaşdırılacağından narahat olaraq seçkidə iştirak edib-etməmək məsələsində fərqli mövqedə olanlar var. Ona görə də qəti şəkildə deyə bilərəm ki, Müsavat Partiyasında İsa Qəmbərdən başqa prezidentliyə namizəd yoxdur. Nə belə bir iddialı adam var, nə də başqa bir adamın namizədliyini irəli sürən. Bu mənada, Siyavuş Novruzov tamamilə yanlış mövqedədir.

- Neçə müddətdir eks-spiker Rəsul Quliyevlə gərgin mübahisələriniz davam edir. Bu qarşılıqlı ittihamların kökündə nə dayanır?

- Mənə elə gəlir ki, sualı düzgün ünvanlamamısınız. Bu sualı Rəsul Quliyevə vermək lazımdır. Çünki o, son aylar ərzində, xüsusilə də İsa Qəmbərin prezidentliyə namizədliyi irəli sürüldükdən sonra dəfələrlə Müsavat Partiyasının və İsa Qəmbərin ünvanına heç indiki yaşına uyğun olmayan fikirlər səsləndirib, bir çox yanlışlıqlara yol vermişdi. Nəhayət, biz ötən həftə ona cavab vermək məcburiyyətində qaldıq. Əslində, bizim Azərbaycan hakimiyyətinə qarşı müxalifətdə olan siyasi partiyalarla, siyasətçilərlə hər hansı problemimiz yoxdur. Düzü, Rəsul Quliyevin bu cür davranışı şəxsən məni maraqlandırmır. Hesab edirəm ki, 2005-ci il parlament seçkilərində onun yol verdiyi ağır səhvlərdən sonra Azərbaycan cəmiyyəti və demokratik qüvvələri çox böyük zərbə aldı. Onun səhvləri ucbatından həbs olunmuş insanlar hələ də həbsdən çıxmayıblar. Düşünürəm ki, 2005-ci il parlament seçkilərində Rəsul Quliyevin addımları nəticə etibarı ilə müxalifətə böyük zərbə vurdu. Ona görə də, bundan sonra onun Azərbaycan siyasətində mühüm təsir imkanları yoxdur.

- ALP sədri Əvəz Temirxan isə mətbuata açıqlamasında deyib ki, 2003-cü ildəki seçkidə Rəsul Quliyevə görə İsa Qəmbərin hesabına müəyyən xal yazılıb...

- Əgər Əvəz Temirxan müəyyən xallar yazılmışdı desəydi, mən onun fikri ilə razılaşardım. Həqiqətən də Rəsul Quliyevin seçkilərə 10 gün qalmış İsa Qəmbəri müdafiə etməsi Azərbaycan cəmiyyətinə müxalifətin birliyi barədə bir mesaj idi. Sözsüz ki, bu mesajın müsbət təsirləri oldu. Sadəcə olaraq, Əvəz Temirxan bildirib ki, guya həmin dövrdə İsa Qəmbərin aldığı səslərin çoxu Rəsul Quliyevin hesabınadır. Eyni zamanda, bildirir ki, Lalə Şövkət o zaman seçkilərdə ikinci, ya üçüncü yerdə olub.
İndi onlar müttəfiqdirlər. Ona görə də onlara tövsiyyə edirəm ki, əgər hesab edirlərsə, 2003-cü ildə müxalifətin ən çox səs alan namizədi məhz Rəsul Quliyevin hesabına səs alıb, ondan sonrakı yeri tutan namizəd də yüksək nəticə qazanıb, onda budəfəki seçkilərdə birgə iştirak edib dediklərini təsdiqləyə bilərlər.

- Sizcə, onların belə bir imkanı varmı?

- Mən tövsiyyə edirəm, birləşsinlər, seçkiyə getsinlər və sübuta yetirsinlər ki, onların böyük səs almaq imkanları var. Onu deyə bilərəm ki, bizim 2013-cü il prezident seçkilərində Rəsul Quliyevlə müttəfiq olmaq niyyətimiz yoxdur.

- Arif bəy, hakimiyyət nümayəndələri qarşıdakı dövrdə müxalifət partiyaları və QHT-lərlə dialoqa başlayacaqlarını bildirirlər. Necə düşünürsünüz, bu dəfə səmimi dialoq baş tuta bilərmi?

- Hakimiyyətin səmimi dialoqa gedəcəyinə müsbət fikir bildirmək qeyri-mümkündür. Çünki hakimiyyət bir neçə aydan bir dialoqa hazır olduğunu, istənilən məsələləri müxalifətlə müzakirə etməkdən çəkinmədiyini bildirsə də, bu bəyanatlar yalnız bəyanat olaraq qalıb. Əksinə, dialoq əvəzinə müxalifətin üzərinə hücumlar olub, bir qisim siyasi məhbusları başqaları əvəz edib və s. Ona görə də hakimiyyətin müxalifətlə, yaxud cəmiyyətlə dialoqa hazır olduğunu deməsi imitasiyadan başqa bir şey deyil. Bu səbəbdən də budəfəki dialoqdan müsbət nəsə gözləməyə dəyməz.