İsrail müharibəni hansı silahlarla aparır? - Yeni hərbi texnikalar...

israil-muharibeni-hansi-silahlarla-aparir
Oxunma sayı: 2617

Dünyanın ən qabaqcıl ordularından biri hesab edilən İsrail ordusu 2022-ci ildən silah sənayesinə xüsusi önəm verir. Hətta ölkə həmin ildə bir sıra hərbi texnologiyaları inkişaf etdirdiyini açıqlamışdı.

“Qafqazinfo” BBC-yə istinadən xəbər verir ki, buna görə hazırda İsrail ordusu Qəzzadakı müharibədə də yeni yüksək texnologiyalı silahlardan istifadə edir.

Yeni texnikaların alınmasına, yaxud istifadədə olan silahların modifikasiya olunmasına baxmayaraq, İsrail ordusu Qəzzada beynəlxalq hüquqa uyğun hərəkət etdiyini və mülki itkilərin minimuma endirilməsi üçün tədbirlər gördüyünü iddia edir.

Bəs, ordunun sözügedən həmin yüksək texnologiyalı silahları hansılardır?

“Barak” tankları

Barak tankı Merkava tankının beşinci nəsli kimi qəbul olunur. Bu, dünyanın ən qabaqcıl tank müdafiə sistemidir. Barakın ən mühüm xüsusiyyəti odur ki, qapaqları bağlı olsa da, ətrafı görünə bilir. Tank etibarlı sensorlar ilə çöldə genişlənmiş görüntü yaradır. Beş illik inkişafdan sonra yeni tanklar 2023-cü il sentyabrın əvvəlində 401-ci Zirehli Briqadanın 52-ci Batalyonuna təhvil verilib.

Barak modeli həm də tankın ətrafında 360 dərəcə qoruyucu qalxan funksiyası yaradan “Trophy aktiv müdafiə sistemi” ilə işləyir. Bu sistem tanka qarşı hər hansı təhlükəni anında aşkarlamaqda kömək edir və yaxınlaşan raketi zərərsizləşdirmək üçün atəş açır.

“Qığılcım” PUA

Bu, əsasən, İsrail Hərbi Hava Qüvvələrinin kəşfiyyat məlumatlarının toplanması üçün hazırlanıb. PUA-nı (pilotsuz uçuş aparatı) “Rafael Advanced Defense Systems və Aerospace Group” istehsal edir. 

“Spike FireFly Loitering” 

Bu hərbi texnikanın çəkisi 3 kiloqramdır. Bir növ döyüş başlığı ilə gələn kamikadze dronlarının modelidir. Bunun da istehsalçısı “Rafael Advanced Defense Systems və Aerospace Group” şirkətidir. Bu model gözdən kənarda istifadə olunur. Başqa sözlə, Spike Firefly yerdəki əsgərlərin görə bilmədiyi düşmən mövqeləri üzərində uça bilir.

PUA 30 dəqiqəyə qədər ərazinin üzərində fırlana bilir və 1,5 kilometrə qədər məsafədən qoşunlara məlumat ötürür.

Planşet tərəfindən idarə olunan Spike Firefly məlumat toplayıb hədəfi müəyyən etdikdən sonra bazaya qayıda və ya 350 qramlıq çoxyönlü parçalanma döyüş başlığı ilə təchiz olunarsa, hədəfi vura bilər.

“Dəmir sancağı” minaatan

Bu hərbi texnika “Elbit Systems” hərbi sənaye şirkətinə məxsusdur. GPS ilə idarəolunan minaatan sursatdır. İsrail ordusunun məlumatına görə, ilk dəfə ötən ilin oktyabrında Qəzzada istifadə edilib. 120 millimetrlik dəqiqliklə idarə olunan minaatan bütün döyüş meydanı ssenarilərində işləməyə qadirdir. 

Xatırladaq ki, oktyabrın 7-dən indiyə kimi Qəzza zolağına endirilən zərbələr nəticəsində ölənlərin sayı 23 084 nəfərə çatıb. 58 926 nəfər isə yaralanıb.