Keniyanın Baş prokuroru ölkəmizə işgüzar səfərə gəlib

keniyanin-bas-prokuroru-olkemize-isguzar-sefere-gelib
Oxunma sayı: 1448

Baş prokuror Kamran Əliyevin dəvəti ilə Keniya Respublikasının Baş prokuroru Renson Mulele İnqonqanın rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə işgüzar səfərə gəlib.

“Qafqazinfo” xəbər verir ki, ikitərəfli görüş zamanı Baş prokuror Kamran Əliyev qonaqları salamlayaraq, Azərbaycan və Keniya arasında dostluq və əməkdaşlıq əlaqələrinin günü-gündən genişləndiyini deyib. Ölkələrimiz arasında bu il diplomatik münasibətlərin qurulmasının 20 illiyinin qeyd edilməsini bildirən Baş prokuror, 2022-ci ilin noyabr ayında Azərbaycanın Nayrobidəki Səfirliyinin təsis edilməsini ikitərəfli münasibətlərin yüksələn xətlə inkişafının göstəricisi olduğunu xüsusi vurğulayıb.

Ölkəmizin prokurorluq orqanları ilə əməkdaşlıqdan məmnunluğunu ifadə edən Keniyanın Baş prokuroru Renson İnqonqa göstərilən yüksək qonaqpərvərliyə görə minnətdarlığını bildirərək, transmilli cinayətkarlığa, o cümlədən terrorçuluğa, terrorçuluğun maliyyələşdirilməsinə və korrupsiyaya qarşı mübarizə sahələrində, həmçinin prokurorların peşə hazırlığı və ixtisasartırma sahəsində təcrübə mübadiləsinin aparılması sahəsində Azərbaycan modelinin öyrənilməsində maraqlı olduğunu ifadə edib.

Kamran Əliyev ötən illərdə Azərbaycanın da terrora məruz qalmış ölkələrdən biri olmasını, Ermənistanın uzun müddət ərzində torpaqlarımızı işğal altında saxlamasını, lakin Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan ərazilərinin otuz illik işğalına son qoyulduğunu, 2023-cü ilin sentyabr ayında isə ordumuz tərəfindən aparılmış lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmizin ərazi bütövlüyünün tam şəkildə bərpa olunduğu barədə həmkarını məlumatlandırıb. Baş prokuror ölkə rəhbərliyinin diqqət və qayğısı ilə işğaldan azad olunmuş ərazilərdə geniş quruculuq bərpa işlərinin aparıldığını bildirərək, keniyalı qonaqları Ağdam rayonuna səfərə dəvət edib.

Baş prokuror BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) cari ilin noyabr ayında Azərbaycanda keçirilməsini ölkəmizin beynəlxalq nüfuzunun sürətlə artdığının bariz nümunəsi olduğunu bildirib. Renson İnqonqa ətraf mühit və iqlim dəyişmələri məsələlərinin ölkəsi üçün vacib əhəmiyyət kəsb etdiyini, ötən ilin sentyabr ayında Afrika İqlim Sammitinin Keniyada keçirildiyini qeyd edərək, ölkəmizdə baş tutacaq mötəbər tədbirdə aktiv iştirak edəcəklərini vurğulayıb.