“Kimin vicdanı varsa, toppuş xanımları şikəst etməsin”

kimin-vicdani-varsa-toppus-xanimlari-sikest-etmesin
Oxunma sayı: 4057

“Xanımlar, dəyərinizi bilin. Yeyib-içib kökəlib, sonra da bıçağı verirsiz cərraha ki, “al, mənim mədəmi kəs tulla, al, bu da üstündə neçə min pul”. Pulu veririk ki, mədəmizi kəsdirib özümüzü yarımcan edək”.

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri sosial şəbəkə hesabında həkim Aytən İsmayılzadə bildirib.

O, sağlam orqanı bu cür əməliyyat etdirməyi intihar kimi dəyərləndirib: “İndi kimlərsə fikir bildirə bilər ki, “mən yarımcan filan deyiləm, əlləri qızıl doktorum məni fit qız eləyib”. Elə deyil, bu, cahillikdən başqa şey deyil. Elə intihar kimi bir şeydir öz kefimizdən sağlamlığa cavabdeh olan bir yerimizi kəsdirib tullamaq... Siz elə başa düşürsüz ki, problem mədənin böyük olmasındadır ki, bədən kökəlib?! Xeyr. Problem bizim zehnimizdədir. Hər nədən ötrü, əsəbdən, zövqdən və s. ötrü yemək... O zehinlə ki, özümüzü kiçik görürük. Heç bircə hüceyrə yarada bilmədiyimiz halda, o boyda vacib orqanı tikə-para edib atırıq zibilə... Niyə? Az yeyək deyəmi? Bəs dəyərmi? Az yeyək deyə, sadəcə, az yeyib arıqlayaq deyə bu cür nizamlı balansı pozmaq olarmı? Günah deyilmi? Əbəttə, günahdır! Bunu edənə də, etdirənə də günahdır. Mən sizinlə tam səmimiyəm, xanımlar, dəyərinizi bilin.

Fiziki bədən ruhun evidir. Onu düzgün bəsləmək lazımdır. Onu istədiyiniz kimi zədə verərək düzəltməyə ixtiyarınız yoxdur. Biz bizə məxsus deyilik. Biz özümüzü yaratmadıq. Necə ki bir ana uşağının barmağına iynə batsın istəməz, o cür də özünüzə yanaşın. Qoruyucu və sevərək!”

Həkimin sözlərinə görə, mədə bir orqan olaraq sadəcə yemək kisəsi deyil ki, dibi kəsilib tikilsin: “Mədənin hissələri bir birini təkrar etmir və hər tərəfi müəyyən hormon maddələr və buraxır. Mədənin cismi, dibi, girişi, çıxışı, əyrilikləri fərqlidir. Bağırsaq təkrarlana bilir, onun kəsilib tikilməsi ilə mədə bir deyil. Əməliyyatın adı isə mədəkiçiltmə yox, “mədəkəsilmə” olmalıdır. Çünki sadəcə mədə kiçilmir, mədə kəsilərək dəyişir. Və bu dəyişən orqan artıq mədə olmur. Biz mədəmizi ancaq onu və özümüzü qorumaq məqsədilə kəsdirə bilərik. Məsələn, mədə xərçəngi zamanı. Öz görünüşümüzə görə deyil”.

O, həmçinin bədəninin bir hissəsini yalnız görüntüyə görə kəsdirən xanımlarla bərabər toppuş qızların mədəsini kəsən həkimləri də günahkar bilib: “Bu ki faciədir! Buna aid instaqramda çoxsayda reklam şəkilləri var, öncə və sonrası çox da fərqlənməyən şəkillər. Sadəcə dəhşətdir. Heç bir səhiyyə sistemindən insan isə çıxıb “dur” demir. Belə işlərə görə o cür həkimlərə, ümümiyyətlə, əməliyyat etməyi qadağan etməlidirlər. Lakin bu, bugünkü dünyada mümkun deyil.

Bu əməliyyatı icra edənlər deyə bilər ki, artıq çəki, dizlər, ürək, təzyiq, şəkər və s. bu problemlərə gətirir. Tamam, artıq çəki özü bir problemdir. Ancaq pozulmuş sistemin nəticəsi olaraq bir problemdir. Məgər mədə kəsiləndə pozulmuş sistem qaydaya düşür? Lap da pisləşmirmi? Mədə kəsilibsə, bir çox minerallar sorula bilmir, zülal yaxşı həzm olmur, kimdəsə öyümə, qusma olur, insan normal həcmdə qidalana bilmir. Bu günə qədər olan orqanizm isə əvvəlki kimi tələb edir. Balans pozulması dərinləşir. Ruhun qocalması sürətlənir. Bu gedişlə hər cür xəstəliyin sürətlənməsi gözlənilir. Bədən iflas edir...

Kimin ki vicdanı var, toppuş xanımları şikəst etməsin. Hər kəs ki, bu işdə peşman olubsa, ətrafına bunu bildirsin. Video çəkib, paylaşsın. Heç kim heç kimin kopiyası olmalı deyil. Həyatımızın hər dövründə də eyni olmalı deyilik. Buna məcbur deyilik. Bizi buna məcbur edən yenə zehnimizdir. Sosial şəbəkələrdən, ətrafdan hərənin bir daş atdığı zehnimiz.

Və peşiman olan xanımlar bunu bir xəstəlik üçün etdiyinə özünü inandırsın. Özümüzü buna inandıraq ki, ruhumuz bizdən əvəz çıxmasın. Ola bilər, bu yazım kimlərisə demotivə edər, həyat davam edir, özünüzdən üzr istəyin və ola biləcək ən gözəl şəkildə bədəninizi qorumağa, sağlam tutmağa davam edin. Ona görə yazdım ki, bu yola getmək istəyən xanımlar bir daha düşünsün, doğru yol seçsinlər. Yeyəndə də, yeməyəndə də özümüzə zərər vurmamalıyıq”.