“Kişi bir balaca sınıxıb…”- - Mirşahin

kisi-bir-balaca-sinixib-
Oxunma sayı: 4245


Mirşahin Ağayev dünən "Hesabat"da ABŞ-Azərbaycan münasibətlərinə toxunub. "Qafqazinfo" anspress-ə istinadən həmin süjeti təqdim edir:

Belə bir sual var. Mirzə Cəlildən qalma: Ay mollalar, məni niyə döyürsünüz? İndi həmin sualın böyür-başına bir az əl gəzdirək və səmtini dəyişək, belə alınır: Ay Birləşmiş Ştatlar bizi niyə döyürsünüz? Ya da niyə söyürsünüz? Bizdən nə istəyirsiniz və ya nəyi verib ala bilmirsiniz, hətta yaxud ümumiyyətlə nəyi almaq istəyirsiniz və niyə? Dəbdə olan janrla desək, Azərbaycanı məruz qoyduğunuz təzyiqlərin səbəbi nədir? Əlbəttə, ucundan-qulağından bizə bəzi mətləblər sızdırırsınız, amma inanın ki, mən sizin bütün bu porşen-silindr siyasətinizin kökündə səbəbin Azərbaycana arzuladığınız səmimi demokratiyanın olduğuna heç cür inana bilmirəm… Əlbəttə, yaxşı olardı ki, məni, yəqin ki, bizim əksəriyyətimizi maraqlandıran sualları elə burada Birləşmiş Ştatların Azərbaycandakı səfirliyinin nümayəndələrinə verək. Səfir hələ Bakıya gəlib çatmayıb, müvəqqəti işlər vəkilinin adından isə bizə bildirdilər ki, yenə də səfiri gözləmək məsləhətdir. Ona görə də biz səfiri gözləyəcəyik və Bakıda ilk görüş fürsətindəcə suallarımızı ona çatdıracağıq. Hələlik isə məruz qaldığımız təzyiqlərin əsl səbəblərini təkbaşına axtarmağa çalışacağam.

Başlayaq ondan ki, bəlkə bu təzyiqləri siz Azərbaycana qəzəbə gəlmiş Rusiya ilə Bakının mövcud münasibətlərinə görə edirsiniz. Daha doğrusu, bəlkə gözləyirdiniz ki, Azərbaycan Rusiyaya sanksiya tətbiq etsin. Amma hər şeydən də görünür ki, bu ola bilməz. Yəni Birəşmiş Ştatlar Azərbaycanı bu gün demokratiya adı altında tənqid edəndə əslində qəzəblənir ki, Bakı niyə Rusiyaya kartof-soğan göndərir? Bu gülüncdür. Çünki hər tərəfdən sıxılan Rusiyanı yalnız kartof-soğanla dolandırmaq təbii ki, olmaz. Deməli iş sosiskada deyil, iş vnimatelno olmaqdadır, hə..? Onda vnimanie, vnimanie! Azərbaycan Rusiya ilə düşmən ola bilməz. Heç bir halda! Amerikanın ürəyindən belə bir şey keçirsə də biz bunu edə bilmərik. Niyə? Ona görə ki, Biz görürük də ABŞ-ın fətvasına uyan dövlətlər Rusiya ilə üz-göz olaraq hansı vəziyyətə düşüblər. Gürcüstan da, Ukrayna da gözümüzün qabağındadır. Bu binəvaların arxasında heç kim dayanmadı… Amerika isə Keşiş Qapon kimi ortaya girib sonra Buş Prospektilə də geri çəkildi… Qaranquşlar gəldi gedirdi, qalan sərçələrdi… Ona görə də qaranquş-dostlar! Bir az toxtayın… Və lap elə qoşulmuruq bu sankisyalara, sonra?! Azərbaycan elə sizin xeyir duanızla Qoşulmayanlar Hərəkatına qoşuldu və siz də dövlət departamenti səviyyəsində bunu bəyəndiniz…

İndi necə olur bu? İkincisi, Birləşmiş Ştatlar Azərbaycana təzyiqi bu ölkənin İranla normal qonşuluq münasibətlərinə görə edirsə, bu da ağlabatan deyil. Çünki Azərbaycan öz ərazisindən İran İslam respublikasının Birləşmiş Ştatlara qarşı hər hansı hərəkətinə icazə vermir. Bu məsələdə rəsmi Bakı sabit mövqeyə malikdir. Balanslaşdırılmış siyasətimiz var. Taaa Heydər Əliyevin hələ o vaxt İranın kooperasiya nazirinin ağzından vurduğu zamandan. O zaman qonaq Azərbaycandan tələb etmişdi ki, gərək Bakı Vaşinqtonla əlaqələri qismən kəssin… Amma İranın bütün təzyiqlərinə baxmayaraq Azərbaycan ABŞ-la dostluq və əməkdaşılığını davam etdirir. Özünüz İranla hardasa görüşürsünüz, danışırsınız, oyun oynayırsınız, əlbəttə özünüz bilərsiniz. Burda biz sizə mane olmuruq. Amma fakt budur ki, İranın Amerika və amerikalılara qarşı fəaliyyətinə bizim dövlət öz ərazisində imkan vermir və verməz də…

Siz bu təzyiqləri yəqin İsrailə görə də etmirsiniz. İsraillə əla münasibətlər qurmağımıza baxmayaraq Fələstin dövlətinin də qurulmasına səs veririk. Bakıda İsrailin də, Fələstinin də səfirlikləri var. İndi isə gələk, Rusiyanı izqoy edən, qlobal qəribçiliyə salan Ukrayna məsələsinə. Azərbaycan Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir. Krıma tətbiq olunan sanksiyalara isə ona görə qoşulmur ki, əsl qiyamçı olan Qarabağa bunu tətbiq etmirsiniz… Ayrı-seçkilik deyil bu? Siz bir gün Qarabağın qiyamçı rəhbərliyinə, Ermənistana da sanksiya tətbiq edin və baxın Azərbaycanın davranışına!

Əziz dostlarımız! Yəni siz Azərbaycana təzyiqi doğrudan insan haqları və azadlıqlarına görə edirsiniz? Bizi Çin, Venesuela və Rusiya ilə bir divara söykəyib tənqid atəşinə ona görə tutursunuzsa ki, burada demokratiya və insan haqları pozulur, bu da inandırıcı deyil, ona görə ki, dünyanın bütün ən ağır yüklərini çiynində daşıyan, ulduzlar müharibəsində Yer Kürəsini yad planetlilərdən qorumağa belə qadirliyə iddia edən, planetin ən qüdrətli dövlətinin- kosmosdan Ağ Evin gözü ilə baxanda bəlkə də heç əməlli başlı görünməyən, müstəqilliyinin yaşı vur-tut 23 il olan bir Azərbaycanda haqq-ədalət sahmana salmaq kimi prioritetlər priotiteti olması, vicdan haqqı, ağlıma batmır. Başıma Ferquson gülləsi də çaxsanız inanmaram ki, Obama gecələr yatmır, səhərədək volokardin, karvalol qəbul edib dərd çəkir ki, ilahi, mən burada rahat çarpayıda yatıram, amma Azərbaycan demokratiyasının Xədiceyi-Kübrası uzaq Bakıda həbsxanada yatır… Niyə yatır, necə yatır?… Stanislavski demişkən, “İ-nan-mı-rammm!”.

O gün Kerrini də göstərirdilər… Kişi bir balaca sınıxıb… Amma qurban sizə, vallah, o da Xədicə İsmayılovanın dərdindən bu kökə və ya arığa düşməyib. Necə olur e bu. Bir milyon qaçqının haqqı qalır bir qıraqda, onu qorumursunuz, amma bir Xədicə İsmayıovanın haqqını qoruyursunuz. İki nəfər azərbaycanlı öz dədə-babalarının goruna sadəcə and içməyə gedir və onlara separatçı rejim, tanınmamış respublikanın qondarma qanunları əsasında birinə ömürlük, o birinə də demək olar ki, ömürlük həbs cəzası verilir, özü də bu adamları rəsmən, Beynəlxalq qanunlara görə Azərbaycan əraziləri sayılan yerlərdə həbs ediblər, işgəncələr verirlər, zindana atırlar, siz onları qorumursunuz, amma siz Xədicə İsmayılovanın hüquqlarını qoruyursunuz…